Azərbaycan, Bakı, 30 may /Trend/
Mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyev muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan-Culfa magistral avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəriciləri ilə bağlı məlumatları əks etdirən stendlə tanış oldu. Məlumat verildi ki, Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən, regionlarda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. Muxtar respublikada əsas strateji magistrallardan olan Naxçıvan-Culfa yolunun tikilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Bildirildi ki, uzunluğu 32,4 kilometr olan yol asfalt-beton örtüklüdür. Yolun torpaq hissəsinin eni 25, asfalt hissəsinin eni isə 17,2 metrdir. Dördzolaqlı yolun üzərində 103 suötürücü qurğu inşa olunub. İpək yolunun bir hissəsi olan Naxçıvan-Culfa magistralının çəkilməsi muxtar respublikaya yük daşımalarının həcminin artmasına geniş imkan yaradır. Tranzit imkanları yüksək qiymətləndirilən yol Culfa və Babək rayonlarını Naxçıvan şəhəri ilə birləşdirən mühüm nəqliyyat qovşağıdır. Bir neçə il əvvəl Prezident İlham Əliyev regiona səfəri çərçivəsində muxtar respublikanı Türkiyə ilə birləşdirən Naxçıvan-Sədərək yolunun açılışında da iştirak etmişdi. Prezident İlham Əliyev Naxçıvan-Culfa magistral yolunun rəmzi açılışını bildirən lenti kəsdi.
Yolun açılış mərasimindən sonra dövlətimizin başçısı burada Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada bütün sahələrdə əldə edilmiş nailiyyətlər barədə məlumat verdi və göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını çatdırdı.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, yeni yolda avtomobili idarə etdi.