...

"Şahdəniz" Avropaya ikinci ixrac marşrutu variantını seçir

Siyasət Materials 28 İyun 2012 17:04 (UTC +04:00)
Şahdəniz konsorsiumu Cənub-Şərqi və Mərkəzi Avropa istiqamətində potensial qaz ixracı marşrutlarının qiymətlədirilməsini yekunlaşdırıb. Türkiyə-Bolqarıstan sərhədindən Baumqartenədək (Avstriya) bir marşrutu nəzərdə tutan "Nabukko Uest" (Nabucco West) layihəsi "Şahdəniz Mərhələ 2" qazının Mərkəzi Avropaya potensial ixracı üçün boru kəməri variantı kimi seçilib.
"Şahdəniz" Avropaya ikinci ixrac marşrutu variantını seçir

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.İsmayılov/

Şahdəniz konsorsiumu Cənub-Şərqi və Mərkəzi Avropa istiqamətində potensial qaz ixracı marşrutlarının qiymətlədirilməsini yekunlaşdırıb. Türkiyə-Bolqarıstan sərhədindən Baumqartenədək (Avstriya) bir marşrutu nəzərdə tutan "Nabukko Uest" (Nabucco West) layihəsi "Şahdəniz Mərhələ 2" qazının Mərkəzi Avropaya potensial ixracı üçün boru kəməri variantı kimi seçilib.

Şahdəniz tərəfdaşlarının Bolqarıstan, Rumıniya və Macarıstanla əməkdaşlıqda tərtib etdikləri Cənub-Şərqi Avropa Boru Kəməri (SEEP) layihəsinin işlənməsi isə dayandırılır. Trend-in məlumatına görə, bu barədə ARDNŞ və BP-nin Bakı ofisinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda deyilir.

Məlumata görə, bu qərar 2011-ci ildə ictimaiyyətə açıqlanmış seçim meyarları əsasında qəbul edilib. Xüsusən də "Nabukko Uest" layihəsinin daha yetkin olması konsorsiuma bu layihənin "Mərhələ 2" ilə eyni vaxt çərçivəsində işlənib hazır ola biləcəyi əminliyini verib. Konsorsium indi həmin layihənin miqyası, texniki araşdırmaları və kommersiya təklifinin optimallaşdırılması məqsədilə "Nabukko Uest"lə əməkdaşlıq edəcək.

Eyni meyarlar əsasında konsorsium bu ilin fevral ayında Trans-Adriatik Boru Kəməri (TAP) layihəsini "Mərhələ 2" qazının İtaliyaya ixracı üçün potensial marşrut kimi seçmişdi. Həmin qərardan keçən müddət ərzində "Şahdəniz" konsorsiumu Trans-Adriatik Boru Kəməri ilə birgə işləyərək bu yaxınlarda həmin layihə ilə bir əməkdaşlıq sazişi bağlayıb.

"Şahdəniz" konsorsiumu seçilmiş hər iki boru kəməri variantının sahibləri ilə işləməkdə davam edəcək. "Şahdəniz" bu iki layihə arasında öz yekun seçim qərarını 2013-cü ilin ortaları üçün planlaşdırılmış "Mərhələ 2" layihəsinin yekun sərmayə qərarından əvvəl verəcək, həmçinin həmin vaxtadək müvafiq qaz satışı sazişlərini də bağlayacaq.

"Nabukko Uest" variantının bizim əvvəlki seçimimiz olan TAP ilə yanaşı seçilməsini elan etməkdən məmnunluq duyuruq. Bu, "Şahdəniz Mərhələ 2" layihəsinin işlənməsi və qaz ehtiyatlarının Xəzərdən Avropaya nəql edilməsi yönümündə daha bir vacib addımdır. Biz "Nabucco West" və SEEP layihələrinin hər ikisinin işlənməsinə dəstək vermiş hökumətlərə və şirkətlərə minnətdarıq", -BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir bildirib.

"Bu qərar Avropa ölkələrinin, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyənin davamlı enerji təhlükəsizliyi ilə bağlı strateji maraqlarına xidmət edən "Cənub qaz dəhlizi" strategiyasının həyata keçirilməsinə doğru atılan mühüm bir addımdır. Bu, Avropa bazarına şaxələndirilmiş enerji ehtiyatlarının təmin olunmasını mümkün edəcək bir ölkə kimi Azərbaycanın artmaqda olan rolunu nümayiş etdirir", - ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

Qeyd edək ki, "Şahdəniz Mərhələ 2" layihəsi "Cənub qaz dəhlizi"ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. Bu günədək edilmiş irəliləyiş konsorsiuma "Mərhələ 2" layihəsindən ilk qaz ixracına təqribən 2017-ci ilin sonlarında başlamaq məqsədini qüvvədə saxlamağa imkan verir.

"Şahdəniz Mərhələ 2" layihəsinin "Mərhələ 1"-dən olan ildə təqribən 9 milyard kubmetr qaza ildə 16 milyard kubmetr qaz hasilatı əlavə edəcəyi gözlənilir.

Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən "Şahdəniz" yatağının "Mərhələ 2" işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı böru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) ildə 16 milyard kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq.

"Şahdəniz" qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək. "Şahdəniz Mərhələ 2" qazını ixrac etmək üçün seçilən hər hansı ixrac marşrutu bütün müvafiq ətraf mühit, texniki təhlükəsizlik, sosial, hüquqi və dövlət nəzarəti standartlarına cavab verməyə qadir olmalıdır.

Xəbər lenti

Xəbər lenti