...

Azərbaycanın hakim partiyası: İsa Qəmbər və onun tərəfdarları Müsavat ideologiyasına zərbə vurur

Siyasət Materials 23 İyul 2012 11:48 (UTC +04:00)
Azərbaycanın hakim partiyası müxalif Müsavat Partiyasının başqanı İsa Qəmbərin və onun tərəfdarlarının Müsavat ideologiyasına zərbə vurduğunu iddia edib.
Azərbaycanın hakim partiyası: İsa Qəmbər və onun tərəfdarları Müsavat ideologiyasına zərbə vurur

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim partiyası müxalif Müsavat Partiyasının başqanı İsa Qəmbərin və onun tərəfdarlarının Müsavat ideologiyasına zərbə vurduğunu iddia edib.

"Onlar özlərini Məhəmməd Əmin Rəsulzadənin davamçıları sayırlar. Amma o dövrdə yaranan Müsavat Partiyasının ideologiyasının indiki Müsavata heç bir dəxli yoxdur. Bunların gözünü hakimiyyət hərisliyi o qədər yumub ki, hətta Erməni Ümummilli Hərəkatı ilə əməkdaşlıq edir", - Trend-in məlumatına görə, bunu bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində partiyanın icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.

Qurbanlı hesab edir ki, Azərbaycan müxalifəti, xüsusilə də onun radikal qanadı ümummilli maraqları daima tapdalayır.

"Vətəndaş olaraq biz hamımız dövlətimizin hər bir uğuruna sevinməli, Azərbaycana yönəlik edilən hər bir hərəkətə qarşı da birgə dayanmalıyıq. Xocalını işğal edən erməni quldur dəstələri orada insanları siyasi baxışlarına görə yox, yalnız azərbaycanlı olduğu üçün qətlə yetirirdi. Yəni, biz eyni xalq, eyni millət, eyni maraq üzərində dayanırıq. Qarşımızda düşmən var və bu düşmən bizə bütün sahələrdə zərbə endirmək istəyir. Və o düşmənin də arxasında dayanan qüvvələr, o düşməni birləşdirən lobbi təşkilatları var. Onlar bizə qarşı bütün sahələrdə təxribatlara əl atırlar", - YAP rəsmisi qeyd edib.

Qurbanlı bildirib ki, Azərbaycanın daxilindəki siyasi mübarizə seçkilərdə özünü göstərə bilər. Azərbaycandan kənarda dövlətin, xalqın marağına zidd hərəkət edən hər bir adam milli maraqları tapdamış sayılır: "Milli maraq hər şeydən ucada dayanmalıdır. Dövlətə qarşı müxalifətçilik ola bilməz. Müxalifətçilik siyasi hakimiyyətlə mübarizədə özünü göstərə bilər və bu da seçki zamanı özünü göstərməlidir. Amma kimsə üçüncü qüvvə ilə birləşib dövlətinin marağına qarşı çıxırsa, bu milli marağı tapdamaqdır. Müxalifətin radikal qanadı zaman-zaman xarici ölkələrə, beynəlxalq təşkilatlara şikayətlər edir, danos yazır".

Onun sözlərinə görə, Erməni Ümummilli Hərəkatı ilə Potsdam bəyannaməsi imzalamaq, daha sonra görüşlər keçirib əməkdaşlıq etmək hansısa bir formada erməni tərəfinə əl uzatmaqdır.

"Ermənistan işğalçı bir dövlətdir və işğalçı siyasəti həyata keçirmiş bir siyasi partiyanın nümayəndələri ilə bir masa arxasında oturub bunu da şişirdərək guya Müsavat Partiyasının beynəlxalq aləmdə uğuru kimi göstərmək gülüncdür. Müxalifətçilər Erməni Ümummilli Hərəkatı ilə 2012-cu ildə imzalanmış sənədin sadəcə, demokratiyanın inkişafı ilə bağlı əməkdaşlığı nəzərdə tutduğunu bildirirdilər və burada milli maraqlara zidd məsələ olmadığını iddia edirdilər. Amma nəzərə almaq lazımdır ki, Erməni Ümummilli Hərəkatı Azərbaycan torpaqlarının işğalını dəstəkləyən qüvvədir və bunu partiyanın sənədlərində, bəyanatlarında da açıq-aşkar görmək olar. Belə olan təqdirdə, torpaqlarımızın işğalını dəstəkləyən siyasi qüvvə ilə əməkdaşlığı milli maraqlarımıza uyğun hesab etmək olarmı? Əlbəttə, yox", - Qurbanlı deyib.

Xəbər lenti

Xəbər lenti