...

Prezident İlham Əliyev Cəlilabadda Heydər Əliyev adına Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 31 İyul 2012 15:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də Cəlilabadda istirahət parkının yaxınlığında inşa olunmuş Heydər Əliyev adına Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev Cəlilabadda Heydər Əliyev adına Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də Cəlilabadda istirahət parkının yaxınlığında inşa olunmuş Heydər Əliyev adına Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, mərkəzin tikintisinə ötən il başlanmışdır. İnşaat işləri daxili imkanlar hesabına aparılmışdır. Ərazisi 1200 kvadratmetr olan bina orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir.

Mərkəzin birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Cəlilabad rayonuna səfərlərini əks etdirən fotoguşələr vardır. Bu fotolar ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin Cəlilabad rayonunun sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlamaları barədə dolğun təəssürat yaradır.
Birinci mərtəbədəki "Cənub palitrası" təsviri incəsənət studiyasında rayon gənclərinin rəsm və digər əl işləri nümayiş etdirilir. Burada rəssamlığın sirlərinə dərindən yiyələnmək üçün müvafiq dərnək fəaliyyət göstərir. Gənclərə ağac üzərində oyma, toxum və meyvə tumlarından müxtəlif əl işlərinin hazırlanmasının incəlikləri də öyrədilir. Mərkəzdə gənclər milli və müasir rəqslərin sirlərinə də dərindən yiyələnmək imkanı əldə edirlər. Burada üç inzibati otaq vardır. Ən müasir avadanlıqdan istifadə edilməklə kompyuter kursları da yüksək səviyyədə tədris olunacaqdır. Fotostudiyada bu sənətin qədimdən indiyə qədərki tarixi dərindən öyrədiləcəkdir. Bu dərnəkdə məşğul olanlar videoçəkilişlərin aparılmasını da öyrənəcəklər. Xarici dil studiyasında tədris linqvistik avadanlıq əsasında dörd dildə aparılacaqdır. Xalçaçılıq studiyasında gənclərimiz Azərbaycan xalçaçılıq məktəblərinin ənənələri ilə yaxından tanış olacaq və bu qədim sənətin sirlərinə yiyələnəcəklər. Muğam studiyasına da cəlilabadlı gənclər xüsusi maraq göstərirlər. Burada onlara məşhur xanəndələr və tanınmış bəstəkarlar haqqında geniş məlumat veriləcək, dünya mədəni irs siyahısında müstəsna yeri olan Azərbaycan muğamının incəlikləri tədris olunacaqdır.

Mərkəzdə yetkinlik yaşına çatan qızlar üçün "Gənc analar" studiyası fəaliyyət göstərəcəkdir. Burada gənc analar Azərbaycan mətbəxi ilə yaxından tanış olacaq, gündəlik ev işlərini daha dərindən yerinə yetirmək üçün təcrübəli müəllimlərdən dərs alacaqlar. Mərkəzin orijinallığı ilə seçilən dərnəklərindən biri də moda studiyasıdır. Burada gənc xanımlara toxuma və tikiş sənəti barədə dolğun məlumat veriləcək, kəsmə, biçmə və tikmə ilə bağlı digər vərdişlər öyrədiləcəkdir.

Diqqətə çatdırıldı ki, ümumilikdə respublikamızın regionlarında bu cür müasir mərkəzlərin yaradılmasına böyük ehtiyac vardır. Dövlət siyasətinə uyğun olaraq bu istiqamətdə tədbirlər daha intensiv xarakter alır.

Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirdi.

Xəbər lenti

Xəbər lenti