Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olunması çox xoş bir hadisədir. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
O qeyd edib ki, Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyası və onun əfv edilməsi Azərbaycan Prezidentinin vətənpərvər ruhlu bir zabitimizin azad edilməsi üçün apardığı siyasətin məntiqi ifadəsidir.
Qurbanlı bildirib ki, Səfərovun azad olunması bizim milli ruhlu, vətənpərvər insanlarımıza olan diqqətin məntiqi davamıdır. Onun sözlərinə görə, Azərbaycan xalqı öz mərd oğlullarını həmişə müdafiə edib, onların arxasında dayanıb, daim diqqət və qayğı ilə əhatə edib.
"Səfərovun o zaman erməniyə qarşı etdiyi hərəkət də məcburi zərurətdən irəli gələn hərəkət idi. Yəni erməni tərəfindən xalqımızın təhqir olunması, milli heysiyyatımıza toxunulması onu belə bir addım atmağa məcbur etmişdi. Qeyd edim ki, Səfərov həmişə dövlətimizin diqqətində olub, Macarıstandakı səfirliyimiz onun ekstradisiyası üçün böyük iş aparırdı. Bir müddət öncə Macarıstanda səfərdə olduğumuz zaman Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli ilə Budapeştdəki həbsxanada onu ziyarət etmişdik. O zaman gördüm ki, Səfərovun mənəvi vəziyyəti, gələcəyə inamı böyükdür. O inanırdı ki, Azərbaycan Prezidenti və dövləti ekstradisiya ilə bağlı zəruri tədbirləri həyata keçirəcək. Ramil Səfərovun mənəvi üstünlüyü onun həbsxana həyatında da özünü göstərdi. Belə ki, o, həbsdə ola-ola ruhdan düşmədi və hətta müəyyən fəaliyyətlə məşğul olurdu. Belə ki, "Pal küçəsinin oğlanları" kitabını macar dilindən Azərbaycan dilində tərcümə etdi. Bu kitabın Bakıda təqdimatı da oldu", - YAP icra katibinin müavini vurğulayıb.
Qurbanlı bir daha vurğulayıb ki, bu hadisə Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü və humanist siyasətinin nəticəsidir, eləcə də vətənpərvər ruhlu insanlarımıza diqqət və qayğısının nümunəsidir. YAP icra katibinin müavini bu münasibətlə Ramil Səfərovun ailəsini və bütün yaxınlarını təbrik edib.