...

Azərbaycanda müxalifət düşərgəsində yeni birlik yaradıla bilər

Siyasət Materials 3 Sentyabr 2012 15:53 (UTC +04:00)
Ədalət Partiyasının Yaşıllar və Vətəndaş və İnkişaf (VİP) partiyalarına təklif etdiyi əməkdaşlığın müxtəlif formaları müzakirə edilir. Bu barədə Trend-ə açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.
Azərbaycanda müxalifət düşərgəsində yeni birlik yaradıla bilər

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Müxalifət düşərgəsində yeni əməkdaşlıq formatının yaradılması istiqamətində danışıqlar gedir.

"Ədalət Partiyasının Yaşıllar və Vətəndaş və İnkişaf (VİP) partiyalarına təklif etdiyi əməkdaşlığın müxtəlif formaları müzakirə edilir" bunu Trend-ə açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.

"Ədalət Partiyası ilə görüşlərimiz keçirilib və biz qarşılıqlı münasibətləri tənzimləyəcək sənəd hazırlayırıq və yaxın vaxtlarda müzakirə edəcəyik", - Əliyev bildirib.

Onun sözlərinə görə, əgər hər üç tərəf nəzərdə tutulmuş əsasnaməyə uyğun fəaliyyət göstərməyə razılıq versə, onda yəqin ki, qısa müddətdə hansısa konkret məsələlər ətrafında əməkdaşlıq başlasın.

"Hələlik çalışacağıq ki, münasibətlərimiz daha az qarşılıqlı öhdəlikləri əks etdirsin, gələcəkdə əgər bu münasibətlər özünü doğrultsa, təbii ki, münasibətləri bir qədər dərinləşdirmək mümkündür", - partiya sədri deyib.

O, bu münasibətlərə müəyyən bir formatın da veriləcəyini qeyd edib. Ədalət Partiyası ilə Liberal Partiyası arasında münasibətlərə toxunarkən, Əliyev bu barədə hələ konkret fikr bildirməyin tez olduğunu deyib.

O qeyd edib ki, rəhbərlik etdiyi partiya Ədalət Partiyası ilə əməkdaşlıq qursa da, Liberal Partiyası ilə münasibətlərə də önəm verir.

"Biz Liberal Partiyası ilə münasibətlərimizə önəm veririk və çalışırıq ki, münasibətlərimizi lazım bildiyimiz səviyyədə qoruyub saxlayaq. Burada bizim münasibətlərimizin arxasında sadə münasibətlər durmur. Biz uzun illərin sınağından keçmişik", - Əliyev deyib.

Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev də Trend-ə açıqlamasında Ədalət Partiyası ilə əməkdaşlığın Yaşıllar, Vətəndaş və İnkişaf və Liberal üçlüyünün münasibətlərinə heç bir təsir göstərməyəcəyini qeyd edib.

"Bizim Liberal partiyası ilə yaxşı münasibətlərimiz var və bu gələcəkdə də davam edəcək. Bizim Ədalət Partiyası ilə əməkdaşlığımız fəaliyyətimizin müəyyən sahəsini əhatə edir və bunun Liberal Partiyası ilə münasibətlərə hər hanzı bir zərər gətirəcəyini gözləmirik", - Güləliyev deyib.

Qeyd edək ki, Ədalət Partiyasının Yaşıllar, Vətəndaş və İnkişaf və Liberal partiyalarının daxil olduğu "üçlük"lə əməkdaşlığına dair təklifi hər üç partiya tərəfindən birmənalı qarşılanmayıb. Ədalət və Liberal partiyalarının mövqelərindəki fikir ayrılığı Liberal partiyanın bu əməkdaşlığa qoşulmaması ilə nəticələnib.

Xəbər lenti

Xəbər lenti