...

Azərbaycan Prezidenti və xanımı Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılışında iştirak ediblər (FOTO)

Siyasət Materials 26 Sentyabr 2012 15:56 (UTC +04:00)
Sentyabrın 26-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimi keçirilib.
Azərbaycan Prezidenti və xanımı Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılışında iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Sentyabrın 26-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edildi.

Dövlətimizin başçısı universitetin yeni tədris kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil ocağının Bakı filialının rektoru Nərgiz Paşayeva Azərbaycan Prezidentinə və xanımına məlumat verdilər ki, yeni kompleksin tikintisinə 2010-cu ilin iyununda başlanıb. Yeddi korpusun, dörd yataqxananın daxil olduğu tədris kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub.

Dövlətimizin başçısı və xanımı universitetin beş mərtəbədən ibarət yeni binasının müasir tədris avadanlığı ilə təchiz edilmiş auditoriyalarında, zəngin kitabxanasında, konfrans zalında, yeməkxanasında, tələbə mərkəzində, "13 müdriklər klubu"nda yaradılmış şəraitlə tanış oldular.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva universitetin birinci mərtəbəsində köhnə Bakının və köhnə Moskvanın görüntülərini əks etdirən fotostendlərə baxdılar.

Daha sonra Azərbaycan Prezidenti və xanımı universitetin ayrı-ayrı mərtəbələrindəki auditoriyalarda, kompyuter zalında yaradılmış şəraitlə tanış oldular, ali təhsil ocağının dördüncü mərtəbəsindən ətrafı seyr etdilər. Bildirildi ki, beş hektar ərazidə inşa edilmiş kompleksin həyətində geniş yaşıllaşdırma işləri görülüb.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

Sonra Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil müəssisəsinin Bakı filialının rektoru Nərgiz Paşayeva çıxış etdilər.

Universitetin müəllim-tələbə heyəti dövlətimizin başçısı və xanımı ilə xatirə şəkli çəkdirdi.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin əl oyunları zalı, üzgüçülük hovuzu və trenajor zalında yaradılmış şəraitlə tanış oldular.

Azərbaycan Prezidenti yeni kompleksdə yaradılmış şəraitdən razılığını bildirdi.

Qeyd edək ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycan Prezidentinin 15 yanvar 2008-ci il tarixli sərəncamı ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti