...

Rəsmi Bakı: Azərbaycan və Gürcüstan arasında dost, qardaş münasibət davam edəcək

Siyasət Materials 3 Oktyabr 2012 16:05 (UTC +04:00)
"Düşünürəm ki, Gürcüstanla Azərbaycan arasında olan münasibətlər dost, tərəfdaş münasibətləridir və bundan sonra da bu iki ölkə və xalq arasında olan dostluq, qardaşlıq, qonşuluq münasibətləri əvvəlki məcrada, məzmunda davam edəcək", - bunu çərşənbə günü Trend-ə Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən deyib
Rəsmi Bakı: Azərbaycan və Gürcüstan arasında dost, qardaş münasibət davam edəcək

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir S.Ağayeva/

Rəsmi Bakı bəyan edib ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər dost, qardaş münasibəti kimi davam edəcək.

"Düşünürəm ki, Gürcüstanla Azərbaycan arasında olan münasibətlər dost, tərəfdaş münasibətləridir və bundan sonra da bu iki ölkə və xalq arasında olan dostluq, qardaşlıq, qonşuluq münasibətləri əvvəlki məcrada, məzmunda davam edəcək", - bunu çərşənbə günü Trend-ə Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.

Məmmədovun sözlərinə görə, Prezident Mixeil Saakaşvilinin partiyasının özünü Gürcüstan ictimaiyyətinə qəbul etdirə bilməməsi müəyyən mənada tək onun üçün deyil, hər kəs üçün təəccüblü oldu.

"Hətta indiki müxalifətin özünün də təəccübünə səbəb olan qələbənin qazanılması müxalifətin özünü də, beynəlxalq ictimaiyyəti də müəyyən mənada təəccübləndirdi. Müxtəlif bəyanatlar verilir, müxtəlif addımların atılması haqqında fikirlər səslənilir. Bir qədər gözləmək lazımdır ki, Mərkəzi Seçki Komissiyasının mövqeyi konkret bildirilsin. Ondan sonra fikir söyləyə bilərik", - PA rəsmisi əlavə edib.

Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) 3776 seçki məntəqəsinin 3590-dan (97,03 faiz) əldə edilən məlumatları hesablayıb. İlkin məlumata əsasən, Bidzina İvanişvilinin lideri olduğu müxalif "Gürcü arzusu" koalisiyası 54,8 faizlə (1 154 553 səs) liderliyini davam etdirir. İkinci yerdə 40,4 faizlə (845 169 səs) hakim Vahid Milli Hərəkat Partiyası qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti