Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bu yaxınlarda aşağı seçki komissiyalarının maarifləndirilməsi işlərinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü keçirilən iclasda MSK sədri Məzahir Pənahov bildirib.
O deyib ki, maarifləndirmə tədbirləri zamanı MSK əməkdaşları yerlərdə öz təkliflərini, tövsiyyələrini verəcəklər.
"Mütəmadi olaraq keçirilən bu tədbirlər nəticəsində dairə seçki komissiyalarının peşəkarlığı ilə bağlı yüksək nəticələrə nail olunub", - Pənahov deyib.
O qeyd edib ki, beynəlxalq təşkilatlar da artıq aşağı - dairə seçki komissiyalarının fəaliyyətinin peşəkar qurulmasını qeyd edirlər.
Sədr bildirib ki, həmçinin dairə seçki komissiyalarının fəaliyyətini özündə əks etdirən forma hazırlanıb və onların paylanılmasına başlanılacaq.
MSK-nın bugünkü iclasında həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.