...

Prezident İlham Əliyev: "Keçən rüb və bu ilin doqquz ayı bütün istiqamətlər üzrə ölkə iqtisadiyyatı üçün uğurlu olub" (FOTO)

Siyasət Materials 10 Oktyabr 2012 23:51 (UTC +04:00)
Ölkə iqtisadiyyatı uğurla inkişaf edir və doqquz ayın yekunları bunu bir daha əyani şəkildə göstərir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Prezident İlham Əliyev: "Keçən rüb və bu ilin doqquz ayı bütün istiqamətlər üzrə ölkə iqtisadiyyatı üçün uğurlu olub" (FOTO)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Ölkə iqtisadiyyatı uğurla inkişaf edir və doqquz ayın yekunları bunu bir daha əyani şəkildə göstərir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.

"Bütün makroiqtisadi göstəricilərimiz yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 1,1 faiz artmışdır. Ancaq qeyri-neft iqtisadiyyatımız 10,3 faiz artmışdır. Son aylar və illər ərzində bu, ən vacib göstəricidir. Çünki məqsədimiz məhz ondan ibarətdir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin. Əlbəttə, qeyri-neft iqtisadiyyatının inkişafı imkan verəcəkdir ki, gələcəkdə Azərbaycan neft-qaz amilindən asılılığını böyük dərəcədə aşağı endirə bilsin. Bütün bölgələrdə quruculuq-abadlıq işləri aparılır. Yeni sənaye müəssisələri yaradılır. Əminəm ki, qeyri-neft iqtisadiyyatımız ilin sonuna qədər yüksək səviyyədə qalacaq, eyni zamanda, bu, bizə imkan verəcəkdir ki, gələn il də iqtisadi sahədə şaxələndirmə siyasətimiz uğurla davam etdirilsin", deyə dövlət başçısı bildirib.

İlham Əliyevin sözlərinə görə, doqquz ay ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur.

"Bu, çox böyük rəqəmdir. Keçən ilə nisbətən daha da böyük rəqəmdir. Nəzərə alsaq ki, hər il təxminən bu səviyyədə investisiya qoyulur, görə bilərik ki, Azərbaycan iqtisadiyyatına nə qədər böyük sərmayə qoyulur. Sərmayələrin əsas hissəsi daxili investisiyalardır, təqribən 70 faizə yaxın. Qalan hissə isə xarici investorların vəsaitidir. Hesab edirəm ki, bu balans da ən optimaldır. Həm xarici investorlar üçün iqtisadiyyatımız cəlbedici iqtisadiyyatdır, eyni zamanda, daxili investisiyalar, ilk növbədə, onu göstərir ki, dövlətin investisiya siyasəti çox uğurludur. Çünki daxili investisiyaların böyük əksəriyyəti dövlət xətti ilə qoyulan vəsaitdir. Eyni zamanda, özəl sektor da bu investisiya layihələrində uğurla iştirak edir. Özəl sektorun - həm yerli, həm xarici biznes cəmiyyətinin Azərbaycan iqtisadiyyatına böyük inamı vardır. Əgər bu inam olmasaydı, əlbəttə, bu qədər investisiya qoyulmazdı. Deyə bilərəm ki, bütövlükdə özəl sektor ümumi daxili məhsulda öz yüksək çəkisini saxlamaqdadır. Son məlumata görə ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşıb. Bu da öz növbəsində göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə bərqərar olunubdur", deyə Prezident qeyd edib.

Azərbaycan Prezidentinin sözlərinə görə, kənd təsərrüfatı 6,3 faiz artmışdır.

"Bu da çox gözəl göstəricidir. Bu barədə mən hələ fikirlərimi bildirəcəyəm. Ancaq bəri başdan demək istəyirəm ki, bu sahə həmişəki kimi, prioritet sahə olaraq qalır və gələcəkdə bu sahəyə daha da böyük diqqət göstərilməlidir. Mən çox şadam ki, bir müddət əvvəl verdiyim tapşırıqlar yerinə yetirilir. Kənd təsərrüfatının inkişafı bizə imkan verəcəkdir ki, idxaldan daha da az asılı vəziyyətdə olaq. Eyni zamanda, iş yerlərinin açılması, bölgələrdə sənaye müəssisələrinin fəaliyyətə başlaması birbaşa kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Ona görə, hesab edirəm ki, 6,3 faiz artım çox yaxşıdır. Çalışmalıyıq ki, gələcəkdə bu yüksək templəri saxlayaq", İlham Əliyev deyib.

Prezident İlham Əliyevin sözlərinə görə, ölkəmizin strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artmışdır, hazırda 45 milyard dollar səviyyəsindədir.

"Deyə bilərəm ki, bu, dünya miqyasında çox böyük rəqəmdir və Azərbaycan o ölkələrdəndir ki, böyük valyuta ehtiyatlarına malikdir. Ölkənin ərazi ölçülərinə və əhalinin sayına görə, hesab edirəm ki, əgər valyuta ehtiyatlarımızı adambaşına hesablasaq biz dünya miqyasında ən qabaqcıl yerlərdən birindəyik. Çox sevindirici hal ondan ibarətdir ki, böyük investisiya layihələrinin dövlət xətti ilə həyata keçirilməsinə baxmayaraq, strateji valyuta ehtiyatlarımız azalmır, əksinə artır. Biz çalışmalıyıq ki, gələcək illərdə müəyyən səviyyədən aşağı düşməyək. Çünki bu, bizim ehtiyat mənbəyimizdir, eyni zamanda, baxmayaraq ki, indi dünyada hökm sürən maliyyə böhranı faiz dərəcələrini aşağı salmışdır və bu vəsaitin idarə edilməsi nəticəsində biz hələ ki, o qədər də böyük mənfəət əldə edə bilmirik, ancaq valyuta ehtiyatlarının idarə edilməsi istiqamətində yeni istiqamətlər artıq araşdırılır. Beləliklə, vəsaitimizin daha da səmərəli şəkildə mənfəət gətirmə əmsalı əminəm ki, daha da yüksək səviyyədə olacaqdır. Bütün bu göstəricilər təsdiq edir ki, iqtisadi sahədə inkişaf çox sürətlidir. Təbii ki, bu inkişaf insanların yaşayış səviyyəsinə də təsirini göstərir. Doqquz ayda əhalinin pul gəlirləri 12 faiz, inflyasiya isə cəmi 1,5 faiz artmışdır. Gördüyünüz kimi, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 10 faiz fərq vardır və hesab edirəm ki, Azərbaycan bu göstəricilərə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bizim bütün iqtisadi təşəbbüslərimiz və ümumiyyətlə, iqtisadi strategiyamız Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Biz bu istiqamətdə böyük nailiyyətlərə çatmışıq və bu göstəricilər görülən işlərin məntiqi nəticəsidir" deyə dövlət başçısı bildirib.

Prezident Ilham Əliyev qeyd edib ki, sənaye istehsalında vəziyyət o qədər də ürəkaçan deyildir.

"Mən istəyirəm bu barədə fikirlərimi bir qədər ətraflı bildirim və yaranmış vəziyyətlə bağlı Azərbaycan ictimaiyyəti də məlumatlı olsun. Artıq birinci dəfə deyildir ki, biz Nazirlər Kabinetinin toplantılarında sənaye istehsalı ilə bağlı o qədər də xoşa gəlməyən rəqəmlər səsləndiririk. Hər rübdən-rübə, ildən-ilə, xüsusilə son bir neçə il ərzində Azərbaycanda ümumi sənaye istehsalı azalır. Bu vaxta qədər biz bunu, sadəcə olaraq, statistik göstərici kimi ifadə edirdik. Daha bunun izahatı ilə biz demək olar ki, məşğul olmurduq. Hesab edirdik ki, bu, müvəqqəti bir prosesdir, müvəqqəti məsələdir və bu məsələ öz həllini tapacaqdır, sənaye istehsalı nəinki azalacaq, artacaqdır", deyə İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, doqquz ayın göstəriciləri də onu göstərir ki, Azərbaycanda ümumi sənaye istehsalı 3,5 faiz azalmışdır.

"Ancaq qeyri-neft sənayemiz 7,7 faiz artmışdır. Bir tərəfdən bu, yenə də bizim iqtisadi və sənaye sahələrində apardığımız islahatların məntiqi nəticəsidir. Çünki ölkəmizdə geniş sənayeləşmə prosesi gedir. Bir neçə il bundan əvvəl mənim tərəfimdən bu məsələ ilə bağlı konkret tapşırıqlar verilmişdir və biz bu tapşırıqların gözəl nəticələrini görürük. 7,7 faiz artan qeyri-neft sənayemiz böyük nailiyyətdir. Ancaq neft sənayesinin böyük dərəcədə aşağı düşməsi bizi, əlbəttə ki, narahat edir. Bu proses - yəni azalma, bu sahədə yaşanan tənəzzül bilavasitə neftin hasilatı ilə bağlıdır. Burada da biz məsələni iki yerə bölməliyik. Çünki Azərbaycanda neftin hasilatı ilə Azərbaycan Dövlət Neft Şirkəti məşğuldur və 1994-cü ildə "Azəri", "Çıraq" yataqları üzrə bağlanmış kontrakt əsasında beynəlxalq konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradılmışdır, operator məhz Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti idi. Ondan sonrakı mərhələlərdə o konsorsiuma daxil olan şirkətlər arasında birləşmə prosesi getdiyi üçün operator funksiyaları bp şirkətinə həvalə edilmişdir. O vaxtdan bu günə qədər neft strategiyamızın icrası sahəsində çox böyük uğurlar əldə edilmişdir. Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə etdik - neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində imkan verdi ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək", deyə Azərbaycan Prezidenti bildirib.

İlham Əliyevin sözlərinə görə, konsorsium tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində "Azəri", "Çıraq" yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlamışdır.

"Bu, birinci il deyildir ki, neft hasilatı aşağı düşür. Əlbəttə, neft sənayesində çalışanlar, neft mütəxəssisləri bilirlər ki, hər bir neft yatağının bir ömrü vardır. Hasilat artır, pik zirvəsinə çatır, sonra müəyyən illər ərzində sabit qalır, ondan sonra tənəzzül başlayır. Yəni, bu proses hər bir neft mütəxəssisi üçün çox tanış olan məsələdir. Ancaq söhbət ondan getmir ki, biz pik səviyyəsinə çatdıq və ondan sonra təbii, necə deyərlər, tənəzzül prosesləri yaşanır. Söhbət ondan gedir ki, verilən proqnozlar yerinə yetirilmir. Onu da deyə bilərəm ki, "Azəri", "Çıraq" neft yataqları üzrə kontrakt pay bölgüsü əsasında imzalanmışdır. İlkin mərhələlərdə payların bölgüsü bir qədər fərqli idi. İlkin mərhələlərdə ki, böyük investisiyalar qoyulurdu, xarici investorların payı daha da böyük idi - təxminən 75-25 faiz xaricilərin xeyrinə, əgər belə demək mümkünsə. Onlar öz investisiyalarını qaytardıqdan sonra pay bölgüsü dəyişməyə başlamışdır - əllinin-əlliyə səviyyəsində bölünürdü. 2008-ci ilin ortalarında artıq "Azəri", "Çıraq" neft yataqlarının səmərəliliyini və kontrakt şərtlərini nəzərə alaraq bu pay bölgüsü Azərbaycanın xeyrinə dəyişmiş və hazırda - 2008-ci ilin ortalarından bu günə qədər 75-25 faiz təşkil edir. Yəni, hasil edilən mənfəət neftinin 75 faizi Azərbaycanın payına düşür. Bir daha demək istəyirəm ki, kontrakt şərtləri əsasında bu pay bölgüsündə dəyişiklik baş verdikdən sonra "Azəri", "Çıraq" neft yataqlarında neftin hasilatı nədənsə azalmağa başlamışdır. Sözlərimə konkret rəqəmlər əlavə etmək istəyirəm. Belə ki, 2009-cu ildə "Azəri", "Çıraq" yataqlarında bizə verilən hasilat proqnozu 46,8 milyon ton idi. Faktiki isə 40,3 milyon ton səviyyəsində neft hasil edilmişdir. 2010-cu ildə proqnoz 42,1 milyon ton idi, fakt 40,6 milyon ton olmuşdur. 2011-ci ildə proqnoz 40,2 milyon idi, real hasilat isə 36 milyon. 2012-ci ildə verilmiş proqnoz 35,6 milyon tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər bp "Azəri", "Çıraq" yataqlarından 33 milyon tondan artıq neft hasil edə bilməyəcəkdir. Bütün bu rəqəmləri toplayaraq və neftin qiymətini 100 dollar səviyyəsində götürərək, - halbuki bu illər ərzində daha da yüksək idi, - hesablasaq görərik ki, Azərbaycanın bilavasitə əldə edilməmiş gəliri 8,1 milyard dollardır. Bu, reallıqdır. Kiçik bir statistik rəqəmin arxasında bu reallıq dayanır. Ona görə ildən-ilə, aydan-aya, rübdən-rübə neft sənayesində istehsalın düşməsi bu vəziyyətin məntiqi nəticəsidir", Azərbaycan Prezidenti deyib.

Prezident İlham Əliyev qeyd edib ki, "Azəri", "Çıraq" neft yataqlarına böyük investisiyalar qoyulmuşdur.

"Biz buna görə bütün investorlara minnətdarıq və yenə də deyirəm, bu investisiyalar bizə imkan verdi ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir. Ancaq istəyirəm ictimaiyyət onu da bilsin ki, bu investisiyalar xeyriyyəçilik funksiyalarını daşımırdı. Bu, sırf biznes layihədir. Yenə də bir neçə rəqəmi səsləndirmək istəyirəm. "Azəri", "Çıraq" neft yataqlarına əvvəldən bu günə qədər bp-nin rəhbərlik etdiyi konsorsium tərəfindən 28,7 milyard dollar investisiya qoyulmuşdur. Bu günə qədər konsorsium 73 milyard gəlir götürmüşdür. Yəni, böyük mənfəət əldə edilmişdir. Əlbəttə, bütün bu mənfəət kontraktın şərtləri əsasında mümkün olmuşdur. Azərbaycan tərəfi də böyük mənfəət götürmüşdür. Bu gün bizim 45 milyard səviyyəsində olan valyuta ehtiyatlarımızın böyük hissəsi Neft Fondunun vəsaitidir. Nə qədər vəsait də son 12 il ərzində xərclənmişdir. Dövlət Neft Fondu 1999-cu ilin sonunda - dekabr ayında yaradılmışdır. O vaxtdan bu günə qədər ölkə iqtisadiyyatına qoyulan vəsaitin, infrastruktur layihələrinə, məktəblərin, yolların tikintisinə, abadlıq işlərinə qoyulan investisiyaların əsas mənbəyi bizim neft sənayemizdir. Ona görə bu, sırf kommersiya layihəsidir", İlham Əliyev deyib.

Prezident vurğulayıb ki, bütün vədlər, verilən proqnozlar yerinə yetirilməlidir.

"Qeyd etməliyəm ki, gözlənilməyən bu tənəzzül sırf "Azəri", "Çıraq" yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən bp şirkətinin kobud səhvləri nəticəsində mümkün olmuşdur. Biz bp şirkəti ilə uzun illərdir ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik. Biz adekvat münasibət gözləyirik. Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir. Dünya biznesində, biznesin bu səviyyəsində belə münasibətlərə yer yoxdur, mümkün deyildir. Biz həmişə bütün tərəfdaşlarla - istər siyasətdə, istər iqtisadi sahədə ədalətli olmuşuq. Həmişə dediyimiz sözlərə əməl etmişik. Biz adekvat münasibət gözləyirik. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı çox ciddi dəyişikliklər edilməlidir. Mən nə üçün bu məsələ ilə bağlı məlumatı məhz bu gün ictimaiyyət üçün açıram? Ona görə ki, keçən ay bp tərəfindən mənə rəsmi qaydada söz verilmişdir ki, bütün bu xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaqdır. Bütün səhvlər etiraf edildi. Etiraf edildi ki, vəziyyət çox ürəkaçan deyildir. Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcəkdir. Ancaq o gündən bu günə qədər, - təxminən bir ay vaxt keçibdir və mən bu vədlərin yerinə yetirilməsini görmürəm. Əksinə, hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Ona görə, hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır. Artıq Dövlət Neft Şirkətinə tapşırıq verilmişdir ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək, nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcəkdir", deyə Prezident İlham Əliyev qeyd edib.

İlham Əliyevin sözlərinə görə, iqtisadi sahədə bu xoşagəlməz hadisələri nəzərə almasaq, vəziyyət ümumiyyətlə çox müsbətdir və ölkəmizdə aparılan iqtisadi islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir.

"Keçən rübdə dünyanın ən mötəbər iqtisadi qurumlarından biri olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyi ilə bağlı yeni cədvəl dərc etmişdir və Azərbaycan o siyahıda 46-cı yerdədir. MDB məkanında birinci, dünya miqyasında 46-cı. Keçən ilə nisbətən biz 9 pillə yuxarı qalxmışıq. Yəni, bu, onu göstərir ki, Azərbaycanın iqtisadi inkişafı və uğurları iqtisadi islahatlarla bağlıdır və bu hesabatda, eyni zamanda, makroiqtisadi vəziyyətlə bağlı cədvəl dərc edilmişdir. Makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında 18-ci yerdədir. Yəni, dünya miqyasında bu sahədə 18-ci yerdə olmaq nə deməkdir, hesab edirəm ki, bunu izah etməyə lüzum yoxdur. Əsas reytinq agentlikləri ki, hazırda Avropanın inkişaf etmiş ölkələrinin kredit reytinqlərini endirirlər, aşağı salırlar, Azərbaycanın kredit reytinqlərini artırırlar. "Fitch", "Standard & Poor's", "Moody's" - yəni 3 əsas reytinq agentliyi bizim kredit reytinqlərimizi artırıblar və bu da görülən işlər, aparılan islahatlar nəticəsində mümkün olmuşdur. Yəni, bu iqtisadi inkişaf prosesi elədir ki, bu inkişafı, irəliləyişi həm gözlə görmək mümkündür və həm də statistik rəqəmlərdə öz əksini tapır. Digər sahələrdə, yenə də deyirəm, sosial məsələlərin həllində də böyük nəticələr vardır. Bildiyiniz kimi, sovet vaxtından qalmış əmanətlərə kompensasiya verilməsi prosesi başlanmışdır və bütün MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla bu vəsait məhz Azərbaycanda veriləcəkdir. Bu da sosial siyasətimizin nə qədər geniş olduğunu göstərir" deyə Azərbaycan Prezidenti bildirib.

İlham Əliyev vurğulayıb ki, orta aylıq əmək haqqı, orta aylıq pensiya artıb və MDB məkanında bu göstərici ən yüksək göstəricilər arasındadır.

"Müqayisə aparmaq üçün daha çox dollarla hesablanır. Belə ki, Azərbaycanda orta maaş 500 dollara bərabərdir, orta pensiya 190 dollara bərabərdir. Artım sürətlidir, ancaq bu, bizi qane edə bilməz. Baxmayaraq ki, müqayisə aparmaq və uğurlarla öyünmək üçün imkan var, hesab edirəm ki, gələcək illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcəkdir. Bu, davamlı bir prosesdir, pensiyalar, əmək haqları ildən-ilə qaldırılır. Hazırda Azərbaycanda pensiyalar əmək haqlarının 40 faizini təşkil edir ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin kriteriyaları səviyyəsindədir. Regionlarda işlər çox uğurla gedir. Regionlara səfərlərim mənə imkan verir ki, həm vəziyyətlə yaxından tanış olum, həm əlavə göstərişlər verilsin, əlavə vəsait ayrılsın. Bütün bölgələrdə canlanma, inkişaf, infrastruktur layihələrinin icrası, yeni iş yerlərinin açılması prosesi gedir. Bu ilin əvvəlindən 94 min yeni iş yeri açılmışdır ki, onlardan 73 mini daimi iş yeridir. Regionların sosial-iqtisadi inkişafı proqramının əvvəlindən - 2004-cü ildən bəri bir milyon 100 min iş yeri açılmışdır ki, onlardan 800 mini daimi iş yeridir. Yenə də deyirəm, bütün başqa sahələrdə, tikinti-quruculuq, sosial infrastrukturun yaradılması istiqamətində böyük nailiyyətlər vardır. İl ərzində 188 məktəb və əlavə korpuslar tikilmiş, 103 məktəb əsaslı təmir edilmişdir. Bu proses həm Bakıda geniş vüsət almışdır, həm də bölgələrdə. Bakı məktəblərinə gəldikdə, gələn tədris ilinə qədər nəinki qəzalı vəziyyətdə, heç bir dənə də olsun, təmirsiz məktəb qalmayacaqdır. Bölgələrdə də bu istiqamətdə böyük işlər gedir. Yəqin ki, bölgələrdə bütün məsələni tam şəkildə həll etmək üçün bir qədər çox vaxt lazım olacaqdır", deyə İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, keçən rübdə idmançılarımız bizi sevindirdilər.

"Azərbaycan Olimpiya və Paralimpiya oyunlarında çox böyük nəticələr göstərmişdir. Olimpiyaçılarımız dünya miqyasında 30-cu yerə çata bilmişlər. Medalların sayına görə 24-cü, keyfiyyətinə görə 30-cu yerdədirlər. Avropa ölkələri arasında 15-ci, İslam ölkələri arasında 3-cü yerdədirlər. On medal qazanmışıq, ikisi qızıl, ikisi gümüş, altısı bürünc. Böyük tarixi qələbədir. Paralimpiyaçılarımız 27-ci yerə çata bilmişlər. On iki medal qazanmışlar ki, onlardan dördü qızıldır. Yəni bu, yenə də deyirəm, həm bizi sevindirir, həm fərəhləndirir, həm də ki, ölkəmizin qüdrətini, gənclərimizin potensialını göstərir. Çünki idman hər bir ölkənin ayrılmaz bir hissəsidir, çox mühüm bir amildir. İdmanın inkişafı ölkənin ümumi inkişafını göstərir. Adətən iqtisadi tərəfdən güclü, siyasi sabitliyə malik olan ölkələrdə idman da sürətlə inkişaf edir. İdmanın inkişafı üçün dövlət vəsaiti, dövlət dəstəyi lazımdır, təlim-məşq prosesi yüksək səviyyədə keçirilməlidir, infrastruktur layihələri lazımdır. Azərbaycanda 35 regional Olimpiya Mərkəzi fəaliyyət göstərir və artıq 10-a yaxın yeni Olimpiya İdman Kompleksi tikilməkdədir.

Bir sözlə, keçən rüb və bu ilin doqquz ayı bütün istiqamətlər üzrə ölkə iqtisadiyyatı üçün uğurlu olmuşdur" Prezident İlham Əliyev bildirib.

Prezidentin sözlərinə görə, beynəlxalq arenada böyük uğurlar əldə edilmişdir.

"Biz BMT Təhlükəsizlik Şurasının iclaslarında fəal iştirak edir, prinsipial mövqe nümayiş etdiririk. Keçən ilin oktyabr ayında, - artıq bir il keçir, - biz Təhlükəsizlik Şurasına üzv olduqda, mən o vaxt xalqa müraciətimdə demişdim ki, biz bu qurumda ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik və bu sözə həmişə olduğu kimi, əməl edirik. Bizim mövqeyimiz böyük rəğbətlə və böyük hörmətlə qarşılanır. Çünki bir daha demək istəyirəm ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik. Eyni zamanda, seçkilər zamanı bizə göstərilən dəstək artıq özünü digər formatlarda büruzə verir. Bildiyiniz kimi, Azərbaycanın namizədliyini 155 ölkə dəstəkləmişdir. Bu yaxınlarda Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnamə qəbul etmişdir. Bu, bizim növbəti böyük diplomatik uğurumuzdur, Ermənistanın növbəti məğlubiyyətidir. Çünki 120 ölkə dünya ictimaiyyətinin əksəriyyətini təşkil edir. Dünyada 200-dən bir qədər çox ölkə vardır. Bunlardan 120-si ərazi bütövlüyümüzü dəstəkləyir, münaqişənin həllini yalnız bu prinsiplər əsasında görür. Əgər biz NATO-nun Çikaqo sammitinin qərarlarını, bəyannamələrini nəzərə alsaq, - təbii ki, NATO-ya üzv olan ölkələr Qoşulmama Hərəkatının üzvü ola bilməz, - orada da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həll olunması açıq şəkildə vurğulanmışdır. Bu da ermənilərin növbəti məğlubiyyəti, bizim növbəti uğurumuzdur. Yəni, dünya birliyinin dörddə üç hissəsi məsələnin həllini yalnız ərazi bütövlüyü prinsipi əsasında görür. Əlbəttə, bu, çox ədalətli mövqedir və məsələnin həlli üçün başqa mövqe, başqa variant ola bilməz. O ki qaldı xalqların müqəddəratını təyinetmə prinsiplərinə, ermənilər çalışırlar dünya birliyini çaşdırsınlar, artıq dediyim qərarlar və bəyannamələr bütün bu yalan təbliğatını alt-üst edir. Xalqların öz müqəddəratını təyinetmə prinsipləri ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Helsinki Yekun Aktının sənədlərində məsələ məhz belə qoyulubdur. Ona görə, bütün bu növbəti diplomatik uğurlar, siyasi qələbələr, Ermənistan üzrə mütləq qələbəmiz bizi daha da ruhlandırır və məsələnin həllinə yaxınlaşdırır", Azərbaycan Prezidenti bildirib.

"Biz daha da güclü olmalıyıq və oluruq", - Prezident İlham Əliyev bildirib.

"Beynəlxalq mövqelərimizi möhkəmləndiririk, dünya miqyasında böyük dəstəyə malikik. Mən bu yaxınlarda Azərbaycan Diplomatik Akademiyasının açılışında və ölkəmizin xaricdəki səfirləri ilə görüşdə xarici siyasətlə bağlı strateji baxışlarımı kifayət qədər geniş ifadə etdim, təkrar etmək istəmirəm. Bir şeyi demək istəyirəm ki, biz indi dünyada yeni tərəfdaşlar əldə edirik və görürük ki, bizim üçün, əməkdaşlıq üçün ənənəvi olmayan qitələrdən də Azərbaycana böyük maraq vardır. Xüsusilə Latın Amerikasından. Biz də Latın Amerikası ölkələri ilə çox sıx əlaqələr qururuq və görürük ki, bu əlaqələr çox səmimidir, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və dostluq əsasında qurulur. Münasibətlər hər bir ölkə ilə məhz bu prinsiplər üzərində qurulmalıdır. Biz bunu dəfələrlə bəyan etmişik. Mən dəfələrlə demişəm ki, Azərbaycan ancaq bərabərhüquqlu münasibətləri qəbul edir. Əgər kimsə fikirləşirsə ki, öz iradəsini bizə qəbul etdirə bilər, səhv edir. Biz ancaq bərabərhüquqlu, qarşılıqlı maraqlar, bir-birinin işinə qarışmamaq prinsiplərini qəbul edirik. Biz Latın Amerikası ölkələri ilə münasibətlərimizi məhz bu prinsiplər əsasında sıx bağlayırıq və hesab edirəm ki, həm xarici siyasət və həm də iqtisadi məsələlərin həlli üçün bu istiqamət çox perspektivlidir. Həm xarici siyasət sektoruna, həm iqtisadi məsələlərlə bağlı olan qurumlara müvafiq tapşırıqlar verilmişdir ki, biz Latın Amerikası ölkələri ilə münasibətlərimizi daha da sürətlə qurmalıyıq. Əlbəttə, ənənəvi tərəfdaşlarla da bizim dostluq münasibətlərimiz vardır. Təbii ki, bu əlaqələr davam etdiriləcəkdir", dövlət başçısı deyib.

Prezident İlham Əliyev yekun nitqində qeyd edib ki, ilin sonuna qədər üç aydan az bir vaxt qalır.

"Əminəm ki, qalan müddət ərzində bütün nəzərdə tutulmuş məsələlər öz həllini tapacaqdır. Xüsusilə Dövlət İnvestisiya Proqramının icrası yekunlaşacaqdır. Çünki Dövlət İnvestisiya Proqramı ölkə iqtisadiyyatının inkişafı üçün deyə bilərəm ki, əsas rolunu oynayır, ildən-ilə bu proqram böyüyür. Həm həcmi böyüyür, həm yeni istiqamətlər üzə çıxır. Ona görə, hesab edirəm ki, ilin sonuna qədər uğurlu iqtisadi inkişafımız davam edəcəkdir. Biz gələn ilin sosial-iqtisadi konturlarını indidən özümüz üçün müəyyən etməliyik. Əslində bunu müəyyən edirik. Elə etməliyik ki, gələn il də makroiqtisadi vəziyyət sabit olaraq qalsın. Mən giriş sözümdə qeyd etdim ki, hətta dünyanın ən mötəbər iqtisadi qurumlarından biri olan Davos İqtisadi Forumunun hesablamalarına əsasən makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında 18-ci yerdədir. Əlbəttə, bu, çox yüksək göstəricidir. Bu göstərici əslində onu deyir ki, gələcək illərdə də bu sahədə sabitlik olacaqdır. Bu ilin inflyasiyası son illər ərzində ən aşağı səviyyədədir. Çalışmalıyıq ki, gələn il də inflyasiya riskləri minimuma endirilsin. Bunu təmin etmək üçün bizim əlimizdə kifayət qədər geniş mexanizmlər, vasitələr, alətlər vardır. Bu sahədə əldə edilmiş nəticələr xüsusi məna daşıyır. Çünki ölkə iqtisadiyyatına verilən maliyyə ildən-ilə artır. Həm dövlət büdcəmiz artır, eyni zamanda, bu il inflyasiyaya təkan verə biləcək çox ciddi siyasi qərar qəbul edilmişdir. Sovet vaxtından qalan əmanətlərə kompensasiya verilməsi başlamışdır və bildiyiniz kimi, hər bir yeni pul kütləsi bazara çıxdıqda istər-istəməz inflyasiya riskləri də artır. Ancaq baxmayaraq ki, böyük məbləğdə vəsait artıq vətəndaşlara verilir, inflyasiya aşağı səviyyədədir. Yəni, bu, bizim böyük rezervlərimizi, düşünülmüş makroiqtisadi siyasət aparılmasını göstərir və ümumiyyətlə iqtisadi sahədə bizim düzgün siyasətimizə dəlalət edir.

Ona görə biz bu məsələ ilə daim məşğuluq və müvafiq qurumlar, iqtisadi qurumlar, Mərkəzi Bank məsələni daim nəzarət altında saxlayır. Elə etməliyik ki, gələn il də inflyasiya riskləri minimum səviyyədə olsun" deyə dövlət başçısı bildirib.

İlham Əliyev Azərbaycanın üzləşdiyi təbii fəlakətlərə də toxunub.

"Biz son aylar ərzində, eyni zamanda, təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması ilə də ciddi məşğul olmuşuq. Əfsuslar olsun ki, son illərdə Azərbaycan təbii fəlakətlərlə üzləşir. İki il əvvəl böyük daşqın baş vermişdir. Bu il böyük zəlzələ baş vermişdir. Mən zəlzələ zonasında iki dəfə olmuşam. Zəlzələ baş verdikdə və keçən ay. Artıq işin gözəl nəticələrini gördüm. Həm məktəblər qısa müddət ərzində tikilmişdir, həm evlər tikilir, bərpa edilir. Bu məqsədlər üçün həm Prezidentin ehtiyat fondundan, həm də dövlət büdcəsindən kifayət qədər böyük məbləğlər - 300 milyon manatdan çox vəsait ayrılmışdır. Çalışmalıyıq ki, qalan vəsait də təşkil edilsin ki, qısa müddət ərzində biz bu məsələni də tam şəkildə həll edək. Ancaq bu, çox böyük iş həcmi deməkdir. Minlərlə ev dağıldı, yararsız vəziyyətə düşdü və Azərbaycan dövləti bu maliyyə yükünü yenə də öz üzərinə götürmüşdür. Mən bu barədə bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Daşqın, zəlzələ zamanı biz çalışmalıyıq ki, bu sahədə də mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edək. Yəni, bunun vaxtı gəlib çatıb və onu da demək istəyirəm ki, heç bir dövlətdə, yəni inkişaf etmiş dövlətlərdə təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması, yəni o mənada ki, evlərin tikintisi heç zaman dövlət büdcəsi vəsaitinə həll edilmir. Bütün evlər sığortalıdır. Hər bir vətəndaş öz evini sığortalayır. Ondan sonra xoşagəlməz hal baş verdikdə sığorta şirkəti onun bütün kompensasiyalarını ödəyir. Əlbəttə, heç kim təbii fəlakətləri proqnozlaşdıra bilməz. Zəlzələ elə şeydir ki, heç bir ölkə onun qarşısını ala bilməz. Ona görə, hesab edirəm ki, biz indidən bu məsələ ilə bağlı ciddi məşğul olmalıyıq. Yeni sistem tətbiq edilməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsi öyrənilməlidir və hökumət yaxın zamanlarda bu məsələ ilə bağlı konkret təkliflər verməlidir. Əlbəttə, cəmiyyətdə maarifləndirmə işləri də aparılacaqdır, digər tədbirlər də görüləcəkdir. Biz bu məsələni birdəfəlik həll etməliyik, çünki hər dəfə dövlət bu məqsədlər üçün yüzlərlə milyon manat məbləğində vəsait ayırır. Bu, əlbəttə ki, həm dövlət büdcəsinə əlavə yükdür, eyni zamanda, əslində o qədər də ciddi, sistemli yanaşma deyildir. Sadəcə olaraq, biz yenə də öz sosial siyasətimizi aparmaqla, insanların ağır vəziyyətə düşməsini nəzərə almaq şərti ilə bu addımları atırıq. Əslində artıq hər şey sistemə oturmalıdır və əminəm ki, biz bu sahədə də lazımi sistemi yarada biləcəyik" Azərbaycan Prezidenti deyib.

Prezident İlham Əliyev qeyd edib ki, məcburi köçkünlərin yerləşdirilməsi prosesi gedir.

"Bu il bu məqsədlər üçün Neft Fondundan rekord məbləğ - 300 milyon manat nəzərdə tutulmuşdur. Bu vəsaitlə yeni qəsəbələr salınır. Mən bu qəsəbələrin açılışlarında iştirak edirəm və görürəm ki, doğrudan da biz insanlara sevinc bəxş edirik, onları ağır vəziyyətdən çıxarıb normal şəraitlə təmin edirik. Hesab edirəm ki, biz gələn il də ən azı bu səviyyədə vəsait ayırmalıyıq. 300 milyon manat böyük məbləğdir və gələn il də köçkünlərin yerləşdirilməsi, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük tədbirlər görüləcəkdir. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlər vardır. Əlbəttə, "çadır şəhərciyi" anlayışı artıq 5 ildir ki, silinibdir. Ancaq uşaq bağçalarında, hərbi hissələrin ərazilərində, yataqxanalarda kifayət qədər çox köçkün yaşayır. Biz həm onların vəziyyətini yüngülləşdirəcəyik, eyni zamanda, uşaq bağçaları ilə də bağlı bizim böyük planlarımız vardır" deyə dövlət başçısı bildirib.

İlham Əliyevin sözlərinə görə, indi Bakı şəhərində bütün uşaq bağçaları təmir edilir və göstəriş verilmişdir ki, yeni bağçalar tikilsin.

"Çünki mövcud imkanlar tələbatın yalnız 20 faizini ödəyir. Uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilmişdir. O vaxt əhalinin sayı o qədər çox deyildi. Əhali artır, tələbat artır və valideynlər görəndə ki, artıq uşaq bağçalarında vəziyyət çox yaxşıdır, əlbəttə, istəyirlər ki, uşaqlarını oraya versinlər, amma fiziki imkanlar yoxdur. Əvvəllər uşaq bağçalarının vəziyyəti elə ağır idi ki, heç bir valideyn uşağı oraya vermək istəmirdi. İndi vəziyyət dəyişib. Buna görə, gələn ilin İnvestisiya Proqramında uşaq bağçalarının tikilməsi və bəlkə də mövcud bağçaların yanında yeni korpusların inşası məsələlərinə baxmalıyıq. Çünki bu, çox əlamətdar haldır ki, - mən daim bunu qeyd edirəm və görürəm, - həm məktəblər, həm uşaq bağçaları tikilərkən onların ərazisi çox böyük götürülmüşdür. Bu, sovet dövrünün çox müsbət siyasəti idi. İndi o ərazilərdə yeni korpuslar tikilməlidir və tikilir əslində. Eyni zamanda, yeni yerlər də müəyyən edilməlidir. Ona görə, biz bu məsələlərlə ciddi şəkildə məşğul olacağıq və əminəm ki, növbəti illərdə daha da böyük uğurlar əldə ediləcəkdir. Regionlarda infrastruktur layihələrinin icrası sürətlə gedir. Artıq biz hər istiqamət üzrə konkret proqramlar çərçivəsində işləyirik. Həm qazlaşdırma prosesi gedir, mən bölgələrdə olarkən daim maraqlanıram - qazlaşdırma necə gedir, içməli su layihələri necə icra edilir?! Demək olar ki, hər şey cədvəl üzrə gedir. Bu yaxınlarda biz Zərdab rayonunda artıq birinci içməli su layihəsinin reallaşdırılmasını qeyd etmişik. Artıq bir neçə gündən sonra Zərdab şəhərinin sakinləri təmiz mənbədən götürülən saf içməli suya malik olacaqlar. Bu, doğrudan da böyük və tarixi hadisədir. Növbəti müddətdə bütün rayon mərkəzləri, bütün şəhərlər içməli su ilə təmin ediləcəkdir. Bunu etmək üçün konkret tapşırıqlar verilib və bu məqsədlərə çatmaq üçün gələn ilin İnvestisiya Proqramında kifayət qədər böyük məbləğ nəzərdə tutulmuşdur.

Bununla bərabər, regional infrastruktur layihələri ilə bağlı digər istiqamətlər üzrə işlər sürətlə gedir. Həm magistral yollar, həm də şəhərlərarası yollar və kənd yolları tikilir. Deyə bilərəm ki, bu il kənd yollarına müasir Azərbaycan tarixində ən böyük vəsait qoyulmuşdur. Hər bir bölgədə kənd yolları tikilir və onlarla kənd, şəhərlər, rayon mərkəzləri bir-biri ilə birləşir. Bunun çox böyük mənası vardır. Bu, həm sosial məsələdir, biz bunu insanların rahatlığı üçün edirik. Eyni zamanda, bu, iqtisadi məsələdir. Çünki bir neçə bölgədə mənə müraciət olunarkən qeyd edilirdi ki, əgər kənd yolu çəkilərsə, o zaman bu bölgənin turizm imkanları açılacaqdır. Çünki turizmin inkişafı üçün kənd yolları əsas şərtdir. Nəzərə almalıyıq ki, bizdə turizm yerləri dağlıq ərazilərdədir, bəzi hallarda o gözəl, mənzərəli yerlərə çatmaq üçün insanların imkanı olmur. Ona görə, biz bu məsələlərə fərdi qaydada baxırıq. İlin sonunda siyahı tutulur və kənd yollarının bəziləri dövlət büdcəsi, bəziləri isə Prezidentin ehtiyat fondu hesabına tikilir. Biz gələn il də eyni yanaşmanı tətbiq etməliyik" dövlət başçısı deyib.

Prezidentin sözlərinə görə, infrastruktur layihələri arasında qazlaşdırma, kənd yolları, içməli su, əlbəttə, kanalizasiya məsələləri prioritet təşkil edir.

"Elektrik xətlərinin çəkilişi məsələləri də prioritet olmalıdır. Biz elektrik enerjisi ilə bağlı son illər ərzində çox ciddi tədbirlər görmüşük, böyük güclər yaradılıbdır, elektrik stansiyaları tikilibdir. Ancaq paylayıcı xətlər bir çox hallarda istənilən səviyyədə deyildir. Ona görə, hesab edirəm ki, artıq əsas yükü paylayıcı xətlərə yönəltməliyik, xüsusilə bölgələrdə. Çünki Bakı şəhərində görülən tədbirlər nəticəsində bu məsələ demək olar ki, əsaslı şəkildə öz həllini tapmışdır. Yeni infrastruktur layihələrinin icrası nəticəsində artıq çox mükəmməl sistem yaranmaqdadır. Bölgələrdə isə paylayıcı xətlər lazımi səviyyədə deyildir. Mən də bunu görürəm - bəzi hallarda taxta dirəklər üzərində. Külək əsən kimi həmin dirək aşır, xətt qırılır və insanlar əziyyət çəkirlər. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm. Hesab edirəm ki, gələn il artıq bu sahədə də ciddi dönüş ili olmalıdır. Biz bu məsələ ilə bağlı kompleks tədbirlər görməliyik. Hökumətə tapşırıram ki, konkret proqram təşkil edilsin. İnvestisiya Proqramında bölgələrin paylayıcı xətlərinin bərpası, yenidən qurulması məsələsi də ayrıca maddə ilə öz əksini tapmalıdır. Ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər də Azərbaycanda uğurla həll edilir. Bu məsələyə də biz kompleks şəkildə yanaşırıq, lazımi təhlil aparılır. Bizim daxili imkanlar, daxili bazarın potensialı araşdırılır və qarşıya məqsəd qoyulmuşdur ki, biz özümüzü yerli məhsullarla maksimum dərəcədə təmin edək. Bu məsələ ilə bağlı da biz daim fikir mübadiləsi aparırıq. Müvafiq göstərişlər verilmişdir və hesab edirəm ki, gələn il bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir. Əsas ərzaq məhsullarının istehlakı yüz faiz Azərbaycanda istehsal olunan mallar hesabına təmin edilməlidir. Biz buna yaxınıq, bəzi mövqelər üzrə bunu əldə etmişik, bəzi istiqamətlər üzrə artıq hədəfə yaxınlaşırıq. Bölgələrdə yaradılan yeni müəssisələr, emal müəssisələri, südçülük fabrikləri, heyvandarlıq fermaları, çörək zavodları, quşçuluq fabrikləri bizə imkan verir ki, yaxın illərdə hər bir mövqe üzrə daxili tələbatı yüz faiz öz gücümüzə arxalanaraq təmin edək. Bu, həm sosial məsələdir, həm ərzaq təhlükəsizliyi məsələsidir, həm də iqtisadi məsələdir, iş yerlərinin yaradılmasına gətirib çıxarır. Yəni, biz burada bir neçə hədəfi nəzərə alırıq və bütövlükdə bu istiqamətdə aparılan işlər məni qane edir. Çünki biz bu işlərə sistemli yanaşmışıq, pərakəndə şəkildə yox. Sistemli təhlil aparılmışdır və biz bu istiqaməti Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə də sahibkarlara göstəririk. Çünki bu alət də çox səmərəlidir. Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 200 milyon manat güzəştli kreditlər nəzərdə tutulur, onların böyük əksəriyyəti artıq verilmişdir. Mən göstəriş verdim ki, gələn il biz bu məbləği artıraq və gələn il bu fond vasitəsilə üç yüz milyon manat məbləğində güzəştli kreditlər verilməlidir. Çünki bu, çox vacib sahədir, bu, real iqtisadiyyata qoyulan investisiyalardır, dövlət nəzarəti altında qoyulan investisiyalardır. Ancaq özəl sektor da bu investisiyaları qoyur. Biz bu proqramı icra edərkən həm özəl sektoru stimullaşdırırıq, ucuz kreditlər verməklə onların fəaliyyətini genişləndiririk, eyni zamanda, daxili istehsalı da stimullaşdırırıq. Yəni, bu çox işlək və səmərəli mexanizmdir. Ona görə, hesab edirəm ki, biz məbləği artırmalıyıq. Xüsusilə nəzərə alsaq ki, indi bu fondda yığılan vəsaitin əksəriyyəti əvvəlki illərdə verilmiş kreditlərin qaytarılması hesabına formalaşır. Beləliklə, daha dövlət büdcəsinin vəsaitinə ehtiyac olmayacaqdır. Bir neçə ildən sonra təqribən üç yüz, bəlkə beş yüz milyon dollar sərbəst vəsait əldə edəcəyik. Bu vəsait ildən-ilə dövr edərkən biznesi stimullaşdıracaqdır. Yəni, biz hələ iki-üç il ərzində bu istiqamətə büdcə dəstəyi verməliyik. Ondan sonra artıq bu, müstəqil şəkildə öz fəaliyyətini göstərəcəkdir", deyə İlham Əliyev vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, iri fermer təsərrüfatlarının yaradılması ilə bağlı verilən göstərişlər yerinə yetirilir.

"Artıq iki böyük layihə icra edilməkdədir - biri Ağcabədi rayonunda, digəri Beyləqan rayonunda. İki sahənin ümumi ölçüləri beş min hektara yaxındır. Bu, yeni bir yanaşmadır və bu barədə biz dəfələrlə danışmışıq. Şadam ki, artıq bu məsələ reallaşır. Bu fermer təsərrüfatlarında məhsuldarlıq çox yüksək olmalıdır. Ən azı 40, bəlkə 50 sentner taxıl istehsal edilməlidir ki, biz növbəti üç-dörd ilə bu sahədə - buğda sahəsində də öz tələbatımızı tamamilə daxili resurslar hesabına ödəyə bilək. Belə fermer təsərrüfatlarının yaradılması prosesi sürətlə getməlidir.

İstədiyimiz məqsədə çatmaq üçün təxminən qırx-əlli böyük fermer təsərrüfatı yaratmalıyıq ki, bu da bizim bu sahədə müstəqilliyimizi tam təmin edəcəkdir. Bunun bir neçə səbəbi vardır.

Birincisi, biz öz torpaqlarımızdan səmərəli şəkildə istifadə etməliyik. İkincisi, biz böyük suvarma-meliorasiya layihələrini icra edirik. Əlbəttə, on minlərlə hektar yeni torpaqlar dövriyyəyə buraxılacaq və kəndlilər bundan səmərəli şəkildə istifadə edəcəklər. Digər tərəfdən, bu, yeni iş yerləri, yerli istehsal, iqtisadiyyatın canlanması deməkdir. Eyni zamanda, belə olan halda biz dünyada baş verən proseslərdən də özümüzü sığortalayacağıq. Çünki hansısa ölkədə bir il quraqlıq olur, bir il taxıl yığımı aşağı düşür. İstər-istəməz bu, istehlak qiymətlərinə təsir edir və bizim vətəndaşlar da ondan sonra bunun əziyyətini çəkirlər. İndi dünyada buğdanın qiyməti böyük dərəcədə artıb. Çünki ənənəvi ixracatçı ölkələrdə istehsal kəskin şəkildə aşağı düşmüşdür, qıtlıq vardır, quraqlıq olmuşdur. Bu, istər-istəməz qiymətlərin qalxmasına gətirib çıxarır. Bir neçə il budan əvvəl də biz eyni vəziyyətlə üzləşmişdik. İmzalanmış kontraktlar var idi ki, biz taxılı, buğdanı o kontraktlar əsasında gətirməli idik, artıq icra edilməmişdir, çünki bəzi ölkələr ixracata qadağa qoymuşlar. Biz bu asılılığı da üzərimizdən atmalıyıq, necə ki, bütün başqa sahələrdə asılılığı azaldırıq, bu sahədə də bunu etməliyik. Ona görə İnvestisiya Proqramında bu, daha da geniş şəkildə nəzərə alınmalıdır ki, yenə də deyirəm, mən maksimum götürürəm, maksimum hədəf dörd il, beş il, amma hesab edirəm ki, ondan da tez müddətdə biz bu sahədə də yerli istehsalla özümüzü 100 faiz təmin etməliyik", Prezident deyib.

İlham Əliyev qeyd edib ki, gələn ilin büdcəsi artıq formalaşıb, təqdim edilib.

"Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha da böyük olacaqdır. Büdcə xərcləri təxminən 20 milyard manat səviyyəsində gözlənilir və bu, kifayət qədər böyük məbləğdir. İcmal büdcə ondan da böyük olacaqdır. İcmal büdcə 30 milyard dollardan da böyük ola bilər. Yəni, bu böyük rəqəmdir və bu rəqəm, əlbəttə ki, bizim gücümüzü, eyni zamanda, ölkə qarşısında duran problemlərin həllinin bizim üçün nə qədər vacib olduğunu göstərir. Biz bu vəsaitdən maksimum səmərə ilə istifadə etməliyik. İldən-ilə artan dövlət büdcəmiz, əlbəttə ki, mövcud problemlərin həlli üçün də çox vacibdir. Amma eyni zamanda, bu, böyük məsuliyyətdir. Elə etməliyik ki, bu məsələ ilə bağlı bütün hədəflər nəzərə alınsın. Xüsusilə İnvestisiya Proqramı tərtib edilsin. Başqa yerlərdən fərqli olaraq biz Dövlət İnvestisiya Proqramını yəqin ki, bu ilin sonunda qəbul etməliyik. Çünki adətən hər ilin əvvəlində Dövlət İnvestisiya Proqramını qəbul edirik, təxminən yanvar ayında, ondan sonra vaxt keçir, razılaşmalar aparılır. Təxminən fevralın sonuna yaxın artıq investisiyalar verilməyə başlayır. Yəni, vaxt itirməmək üçün biz Dövlət İnvestisiya Proqramını bu ilin sonuna qədər qəbul etməliyik", deyə Prezident qeyd edib.

Azərbaycan Prezidenti enerji təhlükəsizliyinə də toxunub.

"Bir neçə kəlmə enerji təhlükəsizliyi ilə bağlı demək istəyirəm. Bu sahədə Azərbaycan öz təhlükəsizliyini tam şəkildə təmin edə bilmişdir. Son ayların çox gözəl hadisələrindən biri ondan ibarətdir ki, "Ümid" yatağından ilkin qaz artıq gətirilmişdir. Bu da çox gözəl göstəricidir. Qaz quyularının debitləri çox yüksəkdir. Birinci quyunun göstəriciləri çox ümidvericidir. Yəni, "Ümid" öz adını doğruldur. "Ümid" yatağının Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən kəşf edilməsi tarixi hadisədir. Çünki son illər ərzində ilk dəfədir ki, Azərbaycan Dövlət Neft Şirkəti təkbaşına böyük qaz yatağının işlənilməsinə nail ola bilmişdir. Hazırda qazın hasilatı gedir, sahilə ötürülür, kondensat hasil edilir. Bu yaxınlarda Neft Şirkəti tərəfindən mənə verilən məlumata görə, "Ümid" yatağından çox keyfiyyətli kondensat hasil edilir. Bu yatağın çox böyük əhəmiyyəti vardır. Bu, bizim enerji təhlükəsizliyimizi daha da möhkəmləndirəcəkdir. Eyni zamanda, bizim ixrac potensialımızı da genişləndirəcəkdir. Adətən Azərbaycanın qaz resursları haqqında söhbət aparanda bəzi mütəxəssislər ancaq "Şahdəniz" yatağı haqqında danışırlar. Əlbəttə, "Şahdəniz" yatağı bizim ən böyük yatağımızdır. Ən azı bir trilyon 200 milyard qaz ehtiyatları vardır. Dünya miqyasında ən böyük qaz yataqlarından biridir, bəlkə də birincisidir. Ancaq bizim qaz resurslarımız təkcə "Şahdəniz" ilə məhdudlaşmır. Biz gələcək ixrac imkanlarımızı ancaq "Şahdəniz"də olan hasilatla məhdudlaşdırmamalıyıq. "Ümid" yatağımız Dövlət Neft Şirkəti tərəfindən aşkarlanıb. Orada ən azı 300 milyard kubmetr qaz vardır. "Total" və "Gaz de France" şirkətləri tərəfindən "Abşeron" yatağında böyük qaz ehtiyatları aşkarlanıb. Orada da ən azı 300 milyard kubmetr qaz vardır. Yəni, biz öz ixrac strategiyamızı planlaşdırdıqda bu amili mütləq nəzərə alırıq və məhz bunun nəticəsidir ki, Azərbaycan "TANAP" layihəsinin təşəbbüskarı olmuşdur. Çünki bizə elə qaz infrastrukturu lazımdır ki, istənilən həcmi istənilən istiqamət üzrə dünya bazarlarına çıxara bilək. Bizə kiçik ölçülü qaz kəməri lazım deyildir ki, təkcə hansısa bir yatağın işlənməsinə xidmət göstərsin. Bizə böyük həcmli qaz infrastrukturu lazımdır. "TANAP" layihəsinin bizim tərəfimizdən irəli sürülməsinin səbəblərindən biri də məhz bundan ibarətdir. Digər səbəb, onu da siz yaxşı bilirsiniz ki, uzun illər, bəlkə on il ərzində müxtəlif layihələr ətrafında diskussiyalar gedir. Biz görürük ki, bu diskussiyalar elə belə gedir, bunun sonu yoxdur. Yığışırlar, danışırlar, konfranslar, tədbirlər keçirilir, sənədlər imzalanıb, ortalıqda bir şey yoxdur. Biz belə işləməyə öyrəşməmişik. Biz konkret işləməyə öyrəşmişik. Ona görə, görəndə ki, bu diskussiyalar artıq sonsuz xarakter daşıyır, biz konkret qərar verdik, qısa müddət ərzində öz təkliflərimizi irəli sürdük, bütün məsələlər həll olundu. İndi dünyada "TANAP" layihəsinə böyük maraq vardır. "TANAP" layihəsi sırf Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs əsasında reallaşacaqdır. Ona görə, enerji təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzimizdədir. Bununla bərabər, Azərbaycanda bərpa olunan enerji növlərinin yaradılması istiqamətində əlavə tədbirlər görülməlidir. Bir neçə ay bundan əvvəl mən Sumqayıtda günəş panelləri istehsal edən zavodun açılışında iştirak etmişəm. Hesab edirəm ki, çox gözəl təşəbbüsdür. Bu zavodun fəaliyyəti genişləndirilməlidir. Eyni zamanda, dövlət qurumları artıq müvafiq qaydada bu zavodun imkanlarından istifadə etməli, o məhsulları almalı və günəş panelləri əsasında yeni stansiyaların tikintisinə nail olmalıdırlar. Biz gələn il artıq bu istiqamətdə daha da konkret və ciddi addımlar atmalıyıq", deyə Prezident İlham Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti