Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda indiyədək dini zəmində münaqişə olmayıb. Trend-in məlumatına görə, bunu Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bu gün Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədrinin dözümlülüyün təbliği üzrə şəxsi nümayəndələri Adil Axmetov, Endryu Beyker, xanım Ketrin Makginnes və ATƏT-in tolerantlılıq departamentinin rəhbəri xanım Azra Yunuzoviç ilə görüşündə deyib.
Muradova Azərbaycanda dözümlülüyün yüksək səviyyədə olduğunu qeyd edərək bildirib ki, bu günlərdə ATƏT PA-nın Tiranada keçirilmiş payız sessiyasında multikulturalizm, dini dözümlülük, islamofobiya, mədəniyyətlər və dinlərarası dialoqun gücləndirilməsi və s. kimi ciddi məsələlər müzakirə olunub.
"Azərbaycan nümayəndə heyəti ATƏT dəyərlərinin müzakirəsində və dünyada yayılmasında fəal iştirak edir. Bu bizim əməkdaşlığımızın bariz nümunəsidir", - Muradova qeyd edib.
Vitse-spiker bildirib ki, Bakıda keçirilən mötəbər tədbirlərdə iştirak edən beynəlxalq təşkilatların nümayəndələri, siyasətçilər Azərbaycandakı dözümlülüyü, bütün dini təriqətlərin, icmaların nümayəndələrinə yaradılmış şəraiti yüksək qiymətləndirirlər.
"Azərbaycandakı müxtəlif dinlərin və xalqların nümayəndələri əsrlər boyu heç bir ayrı-seçkilik olmadan bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayıb və bu gün də yaşayırlar. Əhalisinin 95 faizini müsəlmanlar, 4 faizini xristianlar və qalan hissəsini digər dinlərin nümayəndələrinin təşkil etdiyi Azərbaycanda milliyyətindən və dinindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyinə təminat verən mütərəqqi hüquqi baza və müvafiq təsisatlar vardır. Azərbaycan parlamenti bu mühüm ənənənin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün çalışır", - Muradova deyib.
Onun sözlərinə görə, ölkəmizdə heç zaman dini zəmində münaqişə olmasa da, əfsuslar olsun ki, bu gün bəzi dairələr və siyasətçilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dini don geyindirmək istəyirlər: "Əslində isə bu dini, etnik münaqişə deyildir. Bu münaqişə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası əsasında başlamışdır və tarixən də belə olub".
ATƏT sədrinin şəxsi nümayəndəsi Adil Axmetov öz missiyaları barədə məlumat verərək bildirib ki, səfərin məqsədi ayrı-seçkiliyə yol verilməməsi, müxtəlif dinlər arasında münasibətlər və s. məsələlərə dair vəziyyəti öyrənməkdir. Nümayəndə heyəti Bakıdan Ermənistana gedəcək və səfərin yekunlarına dair hazırlayacağı hesabatı ATƏT-in Daimi Şurasına təqdim edəcək.
ATƏT nümayəndələri Endryu Beyker və Ketrin Makginnes ölkəmizdə olduqları zaman apardıqları müşahidələrin, keçirdikləri görüşlərin Azərbaycanda millətlərin dinc və sabitlik şəraitində yaşadıqlarını, milli azlıqlar və dini icmalar arasında qarşılıqlı hörmət və etimadın olduğunu söyləməyə əsas verdiyini vurğulayıblar.
Qonaqlar Azərbaycanda dövlət orqanlarında müxtəlif millətlərin təmsil olunduğunu yüksək qiymətləndiriblər. Qeyd olunub ki, dözümlülüyün Azərbaycan modeli dünya ölkələri üçün nümunədir və bu təcrübə hər yerdə təbliğ olunmalıdır.