Azərbaycan, Bakı, 17 oktyabr /Trend/
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin ölkənizin iqtisadi, elmi-texniki, sosial-mədəni sahələrdə uğurları hamıya məlumdur. Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanmışdır, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində fəal rol oynayır.
Məmnunluqla qeyd edirəm ki, möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri müsbət məcrada inkişaf edir. Siyasi dialoq, çoxplanlı praktiki əməkdaşlıq, regional məsələlərdə qarşılıqlı tərəfdaşlıq əlaqələri genişlənir. Əminəm ki, bütün bunlar Rusiya və Azərbaycan xalqlarının mənafelərinə tam cavab verir, Müstəqil Dövlətlər Birliyi çərçivəsində inteqrasiya proseslərinin fəallaşmasına kömək edir", - təbrikdə deyilir.
Vladimir Putun İlham Əliyevə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, Azərbaycan vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzulayıb.