Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Prezidenti Yanoş Aderə təbrik məktubu ünvanlayıb.
"Macarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan ilə Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri ikitərəfli və çoxtərəfli qaydada uğurla inkişaf etməkdədir. Biz həmçinin Avropa İttifaqı ilə əməkdaşlıq istiqamətində atdığımız addımların Macarıstan tərəfindən dəstəklənməsindən məmnunluq duyuruq.
Əminəm ki, əlaqələrimizin bütün sahələrdə dərinləşməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - təbrikdə deyilir.
İlham Əliyev Yanoş Aderə möhkəm cansağlığı, işlərində uğurlar, dost Macarıstan xalqına sülh və rifah diləyib.