...

Azərbaycanın hakim partiyası müxalifətin iddialarını əsassız sayır

Siyasət Materials 29 Oktyabr 2012 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda qanunsuz aksiyaların keçirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan cərimələrin artırılması tamamilə düzgündür. Bu yöndə parlamentin müzakirəsinə çıxarılan müvafiq qanun layihəsi tam məntiqlidir. Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

Qurbanlı bildirib ki, müxalifət partiyalarının bu qanun layihəsi ilə əlaqədar iddialarının heç bir əsası yoxdur. Onun sözlərinə görə, istənilən ölkənin qanunlarında belə toplantılarla bağlı ciddilik var.

Millət vəkili qeyd edib ki, qanunvericiliyə təklif edilən dəyişikliklərin məqsədi qeyri-qanuni aksiyalara çağırışların və insanları buna sövq edənlərin qarşısını almaqdır.

"Azərbaycanda kütləvi aksiyalar "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunla tənzimlənir. Bu qanunun tələblərini pozanlara qarşı əvvəllər də cərimələr tətbiq olunub. Cərimələrin miqdarı isə zaman keçdikcə artırılacaq. Başqa ölkələrin təcrübəsində də bu praktika var. Çünki qanunsuz aksiyalar keçirənlər icimai-siyasi, təhlükəsizlik, ictimai asayiş baxımdan cəmiyyətə zidd olan hərəkətlərə yol verirlər. Məhz buna görə də müvafiq qanunlara əlavalər edilir, tələblər artırılır ki, qeyri-qanuni hərəkətlərə rəvac verilməsin. Əgər müxalifət kütləvi aksiyalar keçirmək istəyirsə, qanun çərçivəsində hərəkət etməlidir. Əks halda qanunun tələbləri ilə üzləşəcək. Bu mənada hesab edirəm ki, qanunsuz aksiyalarla bağlı cərimələrin artırılmasını nəzərdə tutan dəyişikliklər tam doğru və məntiqlidir" , - YAP icra katibinin müavini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti