...

Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq genişlənir

Siyasət Materials 29 Oktyabr 2012 18:07 (UTC +04:00)
Bolqarıstanın ədliyyə naziri xanım Diana Kovaçevanın dəvəti ilə Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov nümayəndə heyəti ilə bu ölkədə səfərdə olub.
Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq genişlənir

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bolqarıstanın ədliyyə naziri xanım Diana Kovaçevanın dəvəti ilə Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov nümayəndə heyəti ilə bu ölkədə səfərdə olub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ədliyyə nazirləri arasında keçirilmiş görüşdə ölkələrimiz arasında hərtərəfli əlaqələri qeyd edən Məmmədov ümummilli lider Heydər Əliyevin 1995-ci ildə Bolqarıstana səfərini xatırladaraq dövlətlərimiz arasında hüquqi əməkdaşlığa dair mühüm dövlətlərarası müqavilələrin imzalandığını, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatlarını, hakimlərin seçim prosesinin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirildiyini vurğulayıb, elektron ədliyyənin inkişafı, eləcə də penitensiar islahatlar barədə geniş məlumatlar verib.

Azərbaycanla hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini söyləyən xanım Kovaçeva ölkəsində aparılan hüquqi islahatlar zamanı Azərbaycanın müsbət təcrübəsindən faydalanacağını vurğulayıb. Bolqarıstanlı nazir ölkəmizin ədliyyə və məhkəmə sistemindəki nailiyyətlərinə böyük maraq göstərərək onlarla yerində tanış olmağın əhəmiyyətini bildirib.

Səfər zamanı Azərbaycan ədliyyə naziri Bolqarıstanın hökumət başçısı Boyko Borisov tərəfindən qəbul olunub. Azərbaycanın Bolqarıstan üçün strateji tərəfdaş olduğunu söyləyən ölkə rəhbəri dövlətlərimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, hərtərəfli əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Baş nazir ölkəsinin Avropada Azərbaycanın etibarlı dostu olduğunu bildirərək, bu ilin aprelində Bakıya etdiyi səfərini ən xoş təəssüratlarla xatırladıb, ölkə Prezidenti İlham Əliyevlə şəxsi səmimi əlaqələrini qeyd edərək dövlətimizin başçısına salamlarını çatdırıb. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə yüksələn xətlə inkişafı və bu əlaqələrin intensivləşməsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, ədliyyə və məhkəmə sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Fikrət Məmmədov, həmçinin Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevlə görüşüb. Azərbaycanla əməkdaşlığın genişlənməsinin Bolqarıstanın dövlət siyasətinin əsas prioritetlərindən olduğunu bildirən parlament sədri bu ilin mayında Azərbaycana səfərini məmnunluqla xatırladaraq, ölkəmizin sürətli iqtisadi tərəqqisinin şahidi olduğunu vurğulayıb, parlamentlərarası əməkdaşlıq səviyyəsini və dostluq qruplarının səmərəli fəaliyyətini yüksək qiymətləndirib.

Sonra Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Rəmzi Osmanla işgüzar görüş keçirilib, ölkələrimiz arasında dərin tarixə malik olan əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində Bolqarıstanın Konstitusiya Məhkəməsinin sədri Yevgeniy Tançev, Ali Kasassiya Məhkəmənin sədri Lazar Qruyev, Baş prokuror Boris Velçev ilə, habelə Ali Məhkəmə Şurasında, Milli Ədliyyə İnstitutunda görüşlər keçirilib. Tədbirlərdə ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və ictimaiyyətin inamının artırılması, elektron xidmətlərin göstərilməsi, hakimlərin tədrisi və etik davranışı müzakirə edilib, Azərbaycanda dövlət başçımızın siyasi iradəsi ilə korrupsiya ilə qəti mübarizə aparıldığı, bu məqsədlə yeni innovativ və şəffaf xidmətlərin yaradılması diqqət çatdırılıb, beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, Bolqarıstanın ən böyük məhkəməsi olan Sofiya Şəhər Məhkəməsinə baş çəkilib, onun fəaliyyəti ilə tanış olunub.

Səmimi və dostluq şəraitində keçirilən bütün görüşlərdə Azərbaycanda aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarına, xüsusilə hakimlərin seçim prosesinə və elektron ədliyyənin tətbiqinə böyük maraq göstərilib. Həmçinin, həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20%-nin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunub.

Bolqarıstanın regionları ilə tanışlıq məqsədilə Qabrovo vilayətinə səfər edilib, vilayətin başçısı, şəhərin meri, dairə məhkəməsinin sədri və prokuroru, bələdiyyələr ilə keçirilmiş görüşlərdə təcrübə mübadiləsi aparılıb, habelə Şəki ilə qardaşlaşmış şəhər olan Qabrovonun mədəni-tarixi abidələri ilə tanış olunub.

Tədbirlərdə ölkəmizin Bolqarıstandakı səfiri Emil Kərimov iştirak edib.

Qeyd edək ki, Azərbaycan və Bolqarıstan arasında dostluq münasibətlərinin inkişafı çərçivəsində 2007-ci ildə Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair saziş imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti