...

Baş nazirin müavini: Belarus üçün Azərbaycan Cənubi Qafqazda əsas dövlətdir (MÜSAHİBƏ)

Siyasət Materials 30 Oktyabr 2012 13:21 (UTC +04:00)
Belarus Respublikasının Baş nazirinin birinci müavini, Ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Vladimir Semaşkonun Trend-ə müsahibəsi
Baş nazirin müavini: Belarus üçün Azərbaycan Cənubi Qafqazda əsas dövlətdir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir S.Ağayeva/

Belarus Respublikasının Baş nazirinin birinci müavini, Ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Vladimir Semaşkonun Trend-ə müsahibəsi

- Siz Azərbaycana səfəriniz zamanı hansı məsələləri müzakirə etməyi planlaşdırırsınız? Azərbaycanla Belarus arasında çoxtərəfli əməkdaşlığın prioritetləri hansılardır?

- Belarus nümayəndə heyətinin səfəri ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqust ayında Belarusa səfəri və Əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının yeddinci iclası zamanı nail olunmuş razılaşmaların yüksək səviyyədə reallaşdırılmasına yönəlib.

Danışıqların gündəliyi kifayət qədər dolğun planlaşdırılıb. Biz Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini, əsasən ticarət-iqtisadi sahədə əməkdaşlığın geniş spektrini müzakirə etmək niyyətindəyik. Birgə kooperativ layihələrə, innovasiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarına ciddi diqqət ayırılacaq.

Biz Azərbaycan iqtisadiyyatının güclü sıçrayışının şahidi olduq və indi Azərbaycanın investisiyaların ixracatçısı kimi getdikcə özünü daha arxayın büruzə verdiyini müşahidə edirik. Buna görə də nümayəndə heyətimizin görüşləri zamanı biz, həmçinin investisiya əməkdaşlığı məsələlərinə toxunulacağına ümid edirik.
Çoxtərəfli əməkdaşlığa gəlincə, Azərbaycan bizim üçün ilk növbədə, MDB üzrə çoxdankı və etibarlı tərəfdaşdır. Burada ictimai-iqtisadi inkişaf məsələləri, humanitar əlaqələrin möhkəmləndirilməsi, insanlar arasında əlaqələr və əlbəttə, beynəlxalq səhnədə əməkdaşlıq hər iki ölkə üçün əhəmiyyətli olaraq qalır.

Keçən il Azərbaycan Qoşulmama Hərəkatının üzvü oldu. Biz birlikdə təşkilatda Avropa regional qrupunu təşkil edirik. Bu nüfuzlu meydançada birlikdə hərəkət edərək biz beynəlxalq səhnədə öz ölkələrimizin maraqlarını daha effektiv müdafiə etmək imkanına malikik. Belarus Qoşulmama Hərəkatının tribunasından insan alveri ilə mübarizədə öz təşəbbüslərinin irəliləyişi, eləcə də gələcək nəsillərin çiçəklənməsinə kömək etmək, həmçinin dost Azərbaycanın daimi dəstəyini taparaq BMT-nin kompleks energetika gündəliyinin formalaşması haqqında ideyalar üçün istifadə edir.

- Siz Belarus-Azərbaycan əməkdaşlığının hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Ölkələrimiz arasındakı əməkdaşlığı cəsarətlə strateji əməkdaşlıq kimi xarakterizə etmək olar. Bu gün Azərbaycan Belarus üçün Cənubi Qafqazda tarixi ümumiliyin, dostluq əlaqələrinin və ikitərəfli iqtisadi maraqların bağladığı əsas dövlətdir. Ölkələrimizin arasında nə keçmişdə, nə də müasir tarixdə heç bir tarixi və siyasi ziddiyyət yoxdur.

Artıq əlaqələrin qurulması, bir-birimizi "tanıma" mərhələsini keçdiyimizi qeyd etmək mənim üçün xoşdur və indi artıq ilk növbədə, ticarət, istehsalat, investisiya və innovasiya əlaqələrinin daxil olduğu iqtisadiyyat sahəsində yetkin əməkdaşlıq haqqında danışmaq olar.

Əməkdaşlığımızın Azərbaycan Respublikasının hörmətli Prezidenti İlham Əliyevin də diqqət yönəltdiyi əhəmiyyətli xüsusiyyəti praktik nəticəyə yönəldilmiş qarşılıqlı təsirin rəsmi üslubu, plan və onların reallaşdırılması arasında qısa məsafədir. Bu halda biz ənənəvi hərarəti, səmimiyyəti, bütün səviyyələrdəki münasibətlərdə etibarlılığı itirmirik.

- Bu il avqustun sonunda Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri baş tutdu. Səfər zamanı ticarət-iqtisadi əməkdaşlıq məsələlərinə əhəmiyyətli diqqət ayrıldı. Əldə olunmuş razılaşmalar necə reallaşır?

- Artıq qeyd etdiyim kimi, Belarus-Azərbaycan əlaqələri dinamikliyi və spesifik xüsusiyyətlərinin yüksək səviyyəsi ilə fərqlənir. İkitərəfli əməkdaşlığın inkişafı üzrə avqustun sonunda Belarus və Azərbaycanın dövlət başçıları tərəfindən nəzərdə tutulan, həmçinin hökümətlərarası komissiyanın yeddinci iclası çərçivəsində müzakirə edilən planlar artıq həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Belarus MEA-nın innovasiya layihələrinin irəliləyişinin real sistemini yaradan Belarus Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Aqrar təsərrüfat işçilərimizin əməkdaşlığı fəallaşıb. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin səfəri çərçivəsində Azərbaycan tərəfi bir sıra aqrar-sənaye kompleksinin işini öyrənmək imkanına malik oldu, kənd istehsalat və sosial infrastruktur obyektlərinin tikintisi üzrə təkliflər aldı.

Azərbaycanda birgə orta ixtisas təhsilinin resurs mərkəzinin yaradılması, dərman preparatlarının birgə istehsalı, avtobusların və təkərli yedəklərin istehsalına yiyələnməklə bağlı fəal iş aparılır. Məcburi köçkünlər üçün 45 evdən ibarət şəhərciyin tikintisi pilot layihəsinin reallaşdırılması davam etdirilir, iki ölkənin Rabitə nazirliklərinin xətti ilə 2013-cü ildə keçirilməsi nəzərdə tutulan İKT sahəsində forumla bağlı hazırlığa, Belarus Yüksək Texnologiyalar Parkının yaradılmasına başlanılıb.

Birgə layihələrimizin bu tam olmayan siyahısı Belarusla Azərbaycan arasında çoxplanlı əməkdaşlığın inkişafı naminə aktiv dialoqun davamına ikitərəfli cəhdi bir daha təsdiq edir.

- Belarus və Azərbaycan arasında elmi-texniki və informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı üçün perspektivlər varmı?

- Əminəm ki, dost ölkələr arasında elmi-texniki əməkdaşlıq zamanın tələbidir. Bir tərəfdən, biz elmin məhsuldar istehsal sisteminə daha da fəal qoşulmasını, digər tərəfdən isə müxtəlif dövlətlərin səylərinin birləşməsini obyektiv olaraq stimullaşdıran bu və ya digər sahənin inkişafının yeni sərhədlərini öyrənməyə imkan verən böyük tədqiqat layihələrinin birgə icrası üçün elmi-texniki tərəqqinin dəyərinin artdığını görürük.
Artıq Belarus və Azərbaycan iki ölkənin elmlər akademiyaları arasında qarşılıqlı fəaliyyətin mötəbər təcrübəsini əldə edib. Bu il iqtisadiyyat, fizika, kimya, genetika və zoologiya sahəsində əksəriyyəti tətbiqi xarakter daşıyan 22 birgə elmi-texniki işin icrası başa çatıb.

Birgə innovasiya layihələrinin reallaşdırılması üçün sonrakı təkliflərin hazırlanması üzrə iki ölkənin elmlər akademiyalarının rəhbərlərinin başçılıq etdikləri birgə işçi qrup formalaşdırılıb və işə başlayıb. Elm və texnologiya sahəsində birgə əməkdaşlığın inkişafı üçün hüquqi baza yaradılıb. Artıq dediyim kimi, innovasiya layihələrinin irəliləyişinin real sistemini və birgə qrant müsabiqələrinin keçirilməsini nəzərdə tutan elm və texnologiya sahəsində əməkdaşlıq haqqında bir sıra sazişlər imzalanıb.
Ümid edirik ki, alimlərimiz alınmış nəticələr əsasında təcrübə mübadiləsi apararaq mövcud olan lazer-optik, optik-elektronları, bio və nanotexnologiyaları təkmilləşdirə biləcək və yenilərini hazırlayacaqlar, elmi ağırlıqlı sahələrin inkişafına imkan yaradaraq onların tətbiqi üçün yeni sahələr təklif edəcəklər.

Ölkələrimizi ictimai-iqtisadi irəliləmənin aləti kimi baxılan, iqtisadiyyatların innovasiya inkişafının əsas amillərindən biri olan informasiya-rabitə texnologiyalarının inkişafında oxşar yanaşmalar birləşdirir. Sivilizasiyanın inkişafının yeni mərhələsi kimi informasiya cəmiyyəti artıq Belarus və Azərbaycan üçün reallığa çevrilib və o, qlobal informasiya məkanına sonrakı daxilolmanı nəzərdə tutur, deməli, bu yolda başqa ölkələrlə qarşılıqlı fəaliyyət vacibdir.

Belarus və Azərbaycan daimi əsasda informasiyalaşdırma və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş çərçivəsində reallaşdırılan layihələr, həmçinin "Elektron hökumət"in formalaşması üzrə məlumatları artıq mübadilə edir. Beynəlxalq sərgilərdə və biznes forumlarında iştirak üçün səfər mübadilələri həyata keçirilir.

Ölkələrimizdə genişzolaqlı İnternetə çıxışın çox sürətli artımı İKT sahəsində internet şirkətlərinin və başqa veb-layihələrin yaradılması kimi ikitərəfli əməkdaşlığın istiqaməti üçün yaxşı ilkin şərtdir. Güman edilir ki, gələn il Minsk şəhərinə keçirilməsi nəzərdə tutulan İKT sahəsində ikinci biznes forumunun əsas mövzularından biri biznesin inkişafı üçün İnternetdən istifadə olacaq.

- Məlumdur ki, Belarus və Azərbaycan səmərəli istehsalat kooperasiyası sahəsində əməkdaşlıq edir. Bu sahədə yeni layihələr planlaşdırılırmı?

- Belarus və Azərbaycanın birgə kooperativ layihələrlə fəxr etməyə tam haqqı var. Gəncə avtomobil zavodunda yığılan üç mindən çox "Belarus" traktoru, təxminən iki min "MAZ" yük maşını əməkdaşlığın bu formasının həyat qabiliyyətliliyinin inandırıcı olduğunu göstərən rəqəmlərdir. Azərbaycanda, həmçinin xüsusi texnikanın - MAZ, liftlər, optik cihazlar, işıq-diodlu çıraqların yığılması müəssisələri fəaliyyət göstərir.
Sənaye məhsullarına ehtiyacın artmasına səbəb olan Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, ölkələrimizdəki sabit daxili siyasi vəziyyət, ikitərəfli əlaqələrin əlverişli siyasi fonu bizə əməkdaşlığın bu qarşılıqlı sərfəli istiqamətini inkişaf etdirməyə imkan verir.

Perspektivli layihələr arasında avtobusların, təkərli yedəklərin, traktorlara asma və qoşqu avadanlıqları, yük vaqonlarının quraşdırılması istehsalının yaradılması var.

Unikal avadanlığa malik və ən qabaqcıl texnologiyalara yiyələnən Sumqayıt Texnologiya Parkı tərəfindən maşınqayırma sahəsində yeni layihələrin reallaşdırılması üçün təklif edilən qarşılıqlı fəaliyyət perspektivli hesab edilir.

Belarus tərəfi, həmçinin başqa sahələrdə də əməkdaşlığın imkanlarına baxmağa hazırdır. Əczaçılıq, neft-kimya, yeyinti sənayesində birgə layihələrin reallaşdırılması üçün təkliflərimiz var.

Biz hər hansı sahədə istehsal kooperasiyası layihələrini yaradırıqsa, onlar Belarus və Azərbaycan arasında uzunmüddətli qarşılıqlı sərfəli əməkdaşlığın əsas amillərindən biri olacaq.

- Azərbaycan şirkətləri hazırda xaricdə fəal şəkildə öz kapitalını yerləşdirir. Belarusda Azərbaycan investisiyalarına maraq varmı?

- Sözsüz. Azərbaycanın dinamik inkişaf edən iqtisadiyyatı, maliyyə sisteminin sabitliyi, xarici və daxili siyasətinin əvvəlcədən proqnozlaşdırıla bilməsi Azərbaycanı Belarus üçün kapitalın ənənəvi ixracatçıları sırasında tamamilə layiqli yeri tuta biləcək olduqca cazibədar investisiya tərəfdaşı edir.

Hazırda ölkəmizin investisiya əməkdaşlığının coğrafiyası kifayət qədər genişdir. Bizdə Avropadan, Şimali Amerikadan, MDB-dən, Asiyadan, Avstraliyadan investorlar var. Belarusa xarici kapital dünyanın 50-dən çox ölkəsindən daxil olur.

Belarusda əlverişli investisiya mühitinin yaradılması üçün çox işlər görülüb. Bütün xarici investorlara hüquqların və qanuni maraqların bərabər müdafiəsi zəmanəti verilib. İnvestor tərəfindən qoyulan vəsait milliləşdirilə və ya müsadirə edilə bilməz, dövlət investorun investisiya fəaliyyətinin nəticələri ilə müstəqil davranmaq hüququna zəmanət verir. Xarici kapitallı təşkilatlara bir sıra güzəşt və preferensiyalar verilir.

İllik "Doing Business-2013" reytinqində Belarus 185 ölkə arasında 58-ci yeri tutur. Biznesin açılışı və mülkiyyətin qeydiyyatı kimi mövqelər üzrə ölkəmiz müvafiq olaraq 9-cu və 3-cü yerdədir.

İnvestisiya mühitinin yaxşılaşması üzrə işin nəzərəçarpan nəticələri var. Belarusa 2011-ci ildə təxminən 19 milyard dollar xarici investisiyalar cəlb edilib ki, bu da 2010-cu ildəki həcmi iki dəfədən çox ötür.

Bu mərhələdə loqistika və iş mərkəzləri, ictimai qidalanma obyektləri, infrastruktur layihələri formasında ölkəmizə gələn Azərbaycan investisiyalarının artmasını təsdiqləmək bizim üçün xoşdur.

2010-cu ildə Belarus Prezidenti Aleksandr Lukaşenkonun səfəri zamanı investisiyalara dəstək və onların qarşılıqlı müdafiəsi haqqında sazişin imzalanması azərbaycanlı sərmayədarlara Belarusda əlavə zəmanətlər verdi.

Belarusun, Qazaxıstanın və Rusiyanın Gömrük Şurasının yaradılması azərbaycanlı sərmayədarların Belarusa gəlişi üçün daha bir əhəmiyyətli stimul oldu. İndi Belarusda investorların qarşısında eyni zamanda, Avropa ittifaqı və Çinlə həmsərhəd olan üç ölkənin tutumlu 170 milyonluq satış bazarı açılır.

Biz artıq Belarus ərazisində görülən işlərə Azərbaycan kapitalının marağının artdığını hiss edirik. Azərbaycan şirkətlərinin əhəmiyyətli marağı Belarusun iqtisadiyyat naziri Nikolay Snopkovun iştirakı ilə 2012-ci ilin fevralında Bakıda keçirilən ikitərəfli investisiya biznes forumunu yaratdı. Hazırda üç Azərbaycan şirkəti (Azərbaycan Beynəlxalq Bankı, "Azersun holdinq" şirkəti və Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Fondu - AZPROMO) Belarus VII investisiya forumunun iştirakçıları kimi qeydiyyatdan keçiblər. Forum 2012-ci il 15-16 noyabr tarixlərində Belarusun Baş naziri Mixail Myasnikoviçin iştirakı ilə Minskdə keçiriləcək.

İlin sonuna kimi, habelə Minsk şəhərində iki ölkənin İqtisadiyyat nazirliklərinin, Belarus İnvestisiyalar və Özəlləşdirmə Milli Agentliyi, AZPROMO-nun xətti ilə iqtisadiyyatın müxtəlif sahələrində investisiya layihələrinin müzakirə olunacağı ayrıca Belarus-Azərbaycan biznes forumunun keçirilməsi planlaşdırılır.
Əlaqələrimizin dinamikasını nəzərə alsaq, əminəm ki, tədbir yüksək səviyyədə keçəcək. Ümid edirəm ki, Azərbaycan iştirakçıları üçün forum ölkəmizin iqtisadi potensialı ilə tanışlıq üçün yaxşı imkan olacaq, Belarusla Azərbaycan şirkətlərinin xaricdə fəaliyyətinin genişləndirilməsinə və Belarus-Azərbaycan əməkdaşlığının möhkəmlənməsinə xidmət edəcək faydalı əlaqələri qaydaya salmağa icazə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti