...

Azərbaycan XİN-in mətbuat katibi CAR-da mühazirə ilə çıxış edib (FOTO)

Siyasət Materials 30 Oktyabr 2012 18:29 (UTC +04:00)
Cənubi Afrika Respublikasında ezamiyyətdə olan Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev oktyabrın 29-da Keyp Taun şəhərində yerləşən SAIIA Beynəlxalq Araşdırma Mərkəzində Azərbaycanın mədəniyyətlərarası dialoqda rolu və multikulturalizm mövzusunda təqdimatla çıxış edib.
Azərbaycan XİN-in mətbuat katibi CAR-da mühazirə ilə çıxış edib (FOTO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Cənubi Afrika Respublikasında ezamiyyətdə olan Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev oktyabrın 29-da Keyp Taun şəhərində yerləşən SAIIA Beynəlxalq Araşdırma Mərkəzində Azərbaycanın mədəniyyətlərarası dialoqda rolu və multikulturalizm mövzusunda təqdimatla çıxış edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Keyp Taun şəhərinin akademik dairələri, Azərbaycanla biznes əlaqələrinin qurulmasında maraqlı olan iş adamları və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Abdullayev Azərbaycanın müxtəlif humanitar, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa həsr edilmiş beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etməsini qeyd edərək, ölkəmizin vacib geostrateji əhəmiyyəti ilə yanaşı bu sahədə artan rolunu iştirakçıların diqqətinə çatdırıb. XİN nümayəndəsi tarixən çoxmədəniyyətli ölkə olan Azərbaycanın bu gün tolerantlıq nümünəsinə çevrildiyini və multikulturalizm ideyalarını dəstəkləyən bir ölkə olduğunu vurğulayıb.

Mətbuat katibi oktyabrın 30-da Cənubi Afrika Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Diplomatik Akademiyada Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması və regionda etimad tədbirlərin həyata keçirilməsi mövzusunda müxtəlif Afrika ölkələrinin Xarici İşlər Nazirliklərinin nümayəndələri qarşısında mühazirə ilə çıxış edib.

Mühazirə zamanı Abdullayev, Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələri, bu münaqişə nəticəsində doğma torpaqlarından qovulmuş bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də tarixi və əzəli torpaqlarına qayıda bilmədiklərini vurğulayıb. Beynəlxalq ictimaiyyətin münaqişənin həllində passiv rolunu, 21-ci əsrdə sərhədlərin güc vasitəsilə dəyişdirilməsinin və bir milyon insanın hüquqlarının pozulmasının davam etməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti