...

Avstraliya Azərbaycanın etiraz notasına cavab verdi

Siyasət Materials 12 Noyabr 2012 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir M.Əliyev/

Avstraliyanın Yeni Cənubi Uels Əyalətinin Qanunverici Şurası tərəfindən Dağlıq Qarabağla bağlı qəbul olunmuş qətnamə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin ünvanladığı etiraz notasına Avstraliya tərəfi cavab verib.

Azərbaycan Xarici İşlər Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, cavab notasında Avstraliya hökumətinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyinin dəyişməz olduğu və beynəlxalq ictimaiyyətin mövqeyinə uyğun olaraq Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımadığı vurğulanır.

Cavab notasında Avstraliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi qeyd edilir və bu mövqeyin dəyişmədiyi diqqətə çatdırılır. Həmçinin, Avstraliya hökuməti bu münaqişənin Azərbaycan və Ermənistan hökumətləri arasında dialoq yolu ilə həllinə ümid edir. Notada Avstraliya hökumətinin ATƏT-in Minsk qrupu tərəfindən aparılan sülh danışıqlarını dəstəklədiyi bildirilir.

Bununla yanaşı, Azərbaycan Avstraliya ilə əməkdaşlığı həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində davam etdirir.

Xatırladaq ki, Avstraliyanın 2013-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avstraliyalı həmkarı Bob Karra təbrik məktubu göndərib. Məktubda Məmmədyarov Avstraliyanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə həmkarını təbrik edib və Azərbaycanın Avstraliya ilə BMT TŞ kimi mötəbər qurum çərçivəsində əməkdaşlıq etmək əzmini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti