...

Romada Azərbaycanın xarici siyasət prioritetləri mövzusunda konfrans keçirilib (FOTO)

Siyasət Materials 12 Noyabr 2012 18:50 (UTC +04:00)
Beynəlxalq əlaqələr sahəsində İtaliyanın aparıcı tədqiqat qurumu olan Beynəlxalq Münasibətlər İnstitutu (BMİ) Roma şəhərində "Azərbaycanın xarici siyasət prioritetləri: regional və Avropa ölçüləri" mövzusunda konfrans keçirib.
Romada Azərbaycanın xarici siyasət prioritetləri mövzusunda konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Beynəlxalq əlaqələr sahəsində İtaliyanın aparıcı tədqiqat qurumu olan Beynəlxalq Münasibətlər İnstitutu (BMİ) Roma şəhərində "Azərbaycanın xarici siyasət prioritetləri: regional və Avropa ölçüləri" mövzusunda konfrans keçirib.

Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbiri BMİ-nin direktoru professor Ettore Qreko açıb. Daha sonra BMİ-nin tədqiqatçısı xanım Nona Mixelidze, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Kamal Makili-Əliyev, Azad Avropa/Azadlıq Radiosunun təhlilçisi xanım Elizabet Fuller və Portuqaliya Koimbra Universitetinin dosenti xanım Liçinia Simao çıxış ediblər.

Tədbir zamanı məruzəçilər tərəfindən ölkəmizin müstəqillik əldə etdiyi son 20 il ərzində xarici siyasət sahəsində aparılmış islahatlar, əldə olunmuş nailiyyətlər, xüsusən də ölkəmizin uğurla həyata keçirdiyi müstəqil tarazlaşdırılmış xarici siyasət barədə məlumat verilib. Azərbaycan xarici siyasətinə təsir edən amillər, onun qarşısında duran əsas vəzifələr və mövcud meyllər barədə fikirlər səsləndirilib.

Konfransda Azərbaycan xarici siyasətinin vacib istiqamətləri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qonşu dövlətlərlə münasibətlər, enerji siyasəti, beynəlxalq və regional təşkilatlarda fəaliyyət, Avro-atlantik institutlara inteqrasiya və digər məsələlər barədə də söz açılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.

Tədbirdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Qeyd edilmiş konfrans BMİ-nin Azərbaycanla bağlı keçirdiyi silsilə tədbirlərin sayca beşincisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti