...

YAP Bakıda Ermənistanın sabiq xarici işlər nazirinə yerini göstərdi

Siyasət Materials 23 Noyabr 2012 11:27 (UTC +04:00)
Azərbaycan işğal altında olan torpaqlarının bir metrini belə kiməsə güzəştə getməyəcək.
YAP Bakıda Ermənistanın sabiq xarici işlər nazirinə yerini göstərdi

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan işğal altında olan torpaqlarının bir metrini belə kiməsə güzəştə getməyəcək. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında iştirak üçün Bakıya gələn Ermənistanın sabiq xarici işlər naziri Raffi Hovanisyanın çıxışına cavabında deyib.

"Burada olan müxtəlif siyasi partiyaların iştirakı ilə keçirilən toplantıda Ermənistan-Azərbaycan məsələsini müzakirə mövzusu kimi gündəmə gətirmək istəməzdim. Mən çıxışımı başqa səpkidə qurmuşdum, amma Ermənistandan gələn İrs Partiyasının sədri Raffi Hovanisyan məcbur edir ki, deyilənlərə, xüsusi ilə tarixi təhrif edilmiş tezislərə cavab verəsən. Məndən əvvəl çıxış edən müxalif Azərbaycan Sosial Demokrat Partiyası və Demokratik İslahatlar Partiyasının sədrləri də işğal faktından danışdılar, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pislədilər. Bu, onu göstərir ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı ölkəmizin müxalifət və iqtidar partiyalarında vahid fikir mövcuddur", - Qurbanlı əlavə edib.

YAP rəsmisi deyib ki, Azərbaycan tarixi ədaləti və tarixi həqiqəti bərpa etmək istəyir.

"Biz beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələri təsbit etmək istəyirik. BMT Təhlükəsizlik Şurası dünyada sülhü qorumaq üçün yaradılıb və BMT TŞ-yə hər bir xalq, hər bir ölkə qayğı, sayğı ilə yanaşmalıdır. Əgər BMT TŞ Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən 4 qətnamə qəbul edibsə, Avropa Şurası, ATƏT, İƏT bu cür sənədlər qəbul edibsə, Ermənistan nümayəndəsinin burada ayrı-ayrı ölkələrdən gələn nümayəndələrin qarşısında - bəlkə kimlərsə bu mövzunu dərindən öyrənmədiyinə görə - onları yalnış bir istiqamətə yönəltməsi nə dərəcədə məntiqidir? Əlbəttə, burada heç bir məntiq yoxdur. Ermənistanda, Dağlıq Qarabağda erməni millətçiliyinə rəvac verən zaman hələ sovetlər dönəmində Yerevanda Teatr meydanında bu cür çıxışlar edirdilər. Ondan artıq 25 il keçib. Amma görünür, Ermənistanda kimlərsə hələ ötən illərin hadisələrdən nəticə çıxarmaq istəmirlər. Bu çıxışı mən dinləyəndə elə bildim ki, kimsə Yerevanda özü üçün təbliğat çıxışı edir", - Qurbanlı deyib.

Qeyd edək ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında iştirak üçün Bakıya gələn Ermənistanın sabiq xarici işlər naziri Raffi Hovanisyan çıxışında Dağlıq Qarabağın separatçı rejiminin tanınmasının vacibliyinə dair açıqlama verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti