...

Mahmud Məmməd-Quliyevin Aİ-nin komissarı ilə keçirdiyi görüşə dair Aİ Komissiyası tərəfindən məlumat yayılıb

Siyasət Materials 27 Noyabr 2012 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Bakıda keçirilmiş Aİ-Azərbaycan Ədalət, Azadlıq və Təhlükəsizlik, İnsan Hüquqları və Demokratiya Alt Komitəsinin 3-cü iclası və 22 noyabr tarixində keçirilmiş Aİ-Azərbaycan Əməkdaşlıq Komitəsinin 13-cü iclası ilə əlaqədar Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin Aİ-nin Genişlənmə və Avropa Qonşuluq siyasəti üzrə Komissarı Ş.Füle ilə keçirdiyi görüşə dair Aİ Komissiyası tərəfindən mətbuat üçün məlumat yayılmışdır.

Trend-in məlumatına görə, Alt Komitənin iclası ilə bağlı verilən məlumatda tərəflər arasında hüquq-mühafizə, sərhəd idarəçiliyi, miqrasiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahələrində Aİ-Azərbaycan Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planının yerinə yetirilməsi, eləcə də, demokratiya, yaxşı idarəçilik və insan hüquqları sahəsində əməkdaşlıq məsələləri ətrafında müzakirələrin keçirildiyi qeyd olunur. Tərəflər arasında ekspertlər səviyyəsində keçirilən müzakirələrin dostcasına, açıq və konstruktiv şəraitdə keçirildiyi xüsusilə vurğulanır.

Danışıqlarda həm Azərbaycan, həm də Aİ-də insan hüquqları sahəsində vəziyyət ətrafında fikir mübadiləsinin aparıldığı, o cümlədən, insan hüquqların müdafiəsi sahəsində milli çərçivə, məhkəmə islahatları, seçkilər, fikir və məlumat azadlığı, qadın və uşaqların hüquqları kimi mövzuların müzakirə edildiyi bildirilir. Tərəflər iclas zamanı həmçinin, insan hüquqları sahəsində digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də nəzərdən keçirmişlər.

M.Məmməd-Quliyev ilə Ş.Füle arasında keçirilmiş görüşə gəldikdə isə, tərəflər arasında bir sıra ikitərəfli və regional məsələlər ətrafında açıq və səmimi fikir mübadiləsinin aparıldığı və ikitərəfli münasibətlərin gücləndirilməsinin davam etdirilməsinin arzuedilən olması qeyd edilir.

Məlumatda eyni zamanda Ş.Fülenin Aİ-Azərbaycan münasibətləri ilə bağlı qeydləri də öz əksini tapmışdır: "Münasibətlərimizdə intensivləşmə müşahidə edirik: viza sadələşdirilməsi və readmissiya üzrə danışıqlarda tərəqqi əldə olunur, enerji üzrə strateji əməkdaşlığımız inkişaf edir və biz, Transanatoliya boru kəmərlərinin tikilişi və fəaliyyəti üzrə iki müqavilənin bu yaxınlarda ratifikasiya olunmasını alqışlayırıq. Eyni zamanda, Azərbaycanın Şərq Tərəfdaşlığında fəal iştirakı yolu ilə əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Assosiasiya Sazişi üzrə davam edən danışıqlar münasibətlərin ən yüksək səviyyəyə qaldırılmasında birgə niyyətin olmasının ən bariz nümunəsidir".

İnsan hüquqları və demokratiya sahəsində əməkdaşlıqdan bəhs edən Aİ Komissarı "son aylar ərzində bu sahədə müsbət addımların atıldığını və əlbəttə ki, bu sahədə daha da irəliləyiş əldə etməyin mümkün olduğunu" qeyd etmişdir.

Məlumatda eyni zamanda, tərəflər arasında Avropa məkanında həlli uzadılmış ən mürəkkəb münaqişələrdən biri olan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparıldığı və Aİ-nin ATƏT-in Minsk Qrupunun sülh üçün əsas təşkil edə biləcək Madrid prinsiplərinin hər iki tərəfdən qəbul edilməsi istiqamətində səylərini dəstəklədiyi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti