Azərbaycan, Bakı, 15 dekabr /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Füzuli Su Elektrik Stansiyasının açılışında iştirak edib.
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, Füzuli Su Elektrik Stansiyası Baş Mil kanalı üzərində 14 hektar ərazidə inşa olunmuşdur. Stansiyanın ümumi gücü 25,2 meqavatdır. Su elektrik stansiyası Füzuli rayonundakı 110 kilovoltluq "Haramı" yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə birləşdiriləcək və sistemlə paralel rejimdə işləyəcəkdir.
Diqqətə çatdırıldı ki, Füzuli Su Elektrik Stansiyasının tikintisi Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2007-ci il 31 oktyabr tarixli Əlavəyə əsasən həyata keçirilmişdir. Stansiyanın təməlini 2008-ci il aprelin 18-də Füzuliyə səfəri çərçivəsində Prezident İlham Əliyev qoymuşdur. Tikinti işləri yerli "Azenco" şirkəti tərəfindən həyata keçirilmişdir.
Elektrik stansiyasının suqəbuledici qurğusuna baxan dövlətimizin başçısına məlumat verildi ki, qurğu üçün Baş Mil kanalı üzərində 40 min ton tutumu olan su anbarı yaradılmışdır. Anbara toplanan su dörd hidroturbin vasitəsilə generatora ötürülür. Hər bir hidroturbin avtomatlaşdırılmış qapılarla açılıb-bağlanır. Stansiyanın işləməsi üçün nəzərdə tutulan su müəyyən həcmdən artıq olduqda digər xətt vasitəsilə Baş Mil kanalına ötürülür. Lazım olan su isə hər birinin uzunluğu 250 metr, diametri isə 3 metr olan 4 boru vasitəsilə generator və digər mexaniki avadanlığın yerləşdiyi SES binasına ötürülür. Stansiyada texnoloji avadanlıq kompyuterlərlə idarə olunur. Bütün emal prosesi avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Bu məqsədlə binada ayrıca idarəetmə mərkəzi yaradılmışdır. Mərkəz həm elektrik enerjisinin istehsalı prosesini idarə edir, həm də baş verə biləcək nasazlıqları əvvəlcədən qeydə alaraq müvafiq tədbirlərin görülməsi üçün xəbərdarlıq edir.
İdarəetmə mərkəzinə gələn Prezident İlham Əliyev Füzuli Su Elektrik Stansiyasını işə saldı.
Bildirildi ki, ərazidə iki körpü və kabel estakadası qurulmuşdur. Stansiyanın ərazisində 110 kilovoltluq yeni yarımstansiya tikilmiş və onunla əlaqəli digər yarımstansiyalar yenidən qurulmuşdur. Ərazidə geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılmışdır. Stansiyanın ərazisində bütün lazımi avadanlıqla təchiz olunmuş ikimərtəbəli inzibati bina inşa edilmişdir. Su Elektrik Stansiyasının inşasında 400 nəfər işçi çalışmışdır. İlkin mərhələdə 35 nəfərin işləyəcəyi stansiya Aran bölgəsinin enerji təhlükəsizliyinin və dayanıqlılığının təmin olunmasında mühüm rol oynayacaqdır. Stansiyada ildə 100 milyon kilovat/saata yaxın elektrik enerjisi istehsal olunacaqdır.
Stansiyada görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.