...

Azərbaycanın hakim partiyası: Serj Sarkisyanın bəyanatı daxili auditoriyaya ünvanlanıb

Siyasət Materials 24 Dekabr 2012 15:02 (UTC +04:00)
Ermənistan Prezidenti ölkəsində qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar öz daxili auditoriyasına ünvanlanmış bəyanat səsləndirib.
Azərbaycanın hakim partiyası: Serj Sarkisyanın bəyanatı daxili auditoriyaya ünvanlanıb

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan Prezidenti ölkəsində qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar öz daxili auditoriyasına ünvanlanmış bəyanat səsləndirib. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Serj Sarkisyanın "Ermənistan müharibəyə hazırdır" bəyanatını şərh edərkən jurnalistlərə deyib.

"Güman edirəm ki, reallığı, gerçəkliyi nəinki Serj Sarkisyan, eyni zamanda, Ermənistanın bütün vətəndaşları bilirlər. Ermənistanın əhalisi çox sürətlə azalmaqdadır, artıq bu ölkədə yaşamaq mümkün deyil. Gənclərin böyük əksəriyyəti ölkəni tərk edir. Bu, bütövlükdə Ermənistandakı ictimai-siyasi və mənəvi-psixoloji durumun ən qabarıq göstəricisidir. O ki qaldı Azərbaycan Ordusu ilə Ermənistan ordusunun gücünün müqayisə olunmasına, onu qeyd etmək istəyirəm ki, Azərbaycanda orduya dövlət büdcəsindən ayrılan vəsaitin miqdarı bütövlükdə Ermənistanın dövlət büdcəsindən artıqdır. Hesab edirəm ki, bunun özü də çox maraqlı göstəricidir", - Əhmədov deyib.

YAP rəsmisinin sözlərinə görə, Ermənistanın rəhbərliyi də, vətəndaşları da Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artmasından çox böyük qorxu və əndişə keçirirlər.

"Azərbaycanın Ordusu, cəmiyyəti ölkənin ərazi bütövlüyünü bərpa etməyə, işğal altındakı torpaqlarını azad etməyə həmişə hazır olub, bu gün də hazırdır. Fərq ondan ibarətdir ki, Azərbaycan rəhbərliyi, Azərbaycan cəmiyyəti hesab edir ki, qan tökülmədən, müharibəyə yol vermədən münaqişənin nizamlanması, dinc yolla həll olunması imkanları tükənməyib. Belə imkanlar hələ də mövcuddur. Nə qədər ki, bu imkanlar mövcuddur, Azərbaycan münaqişəni dinc yolla həll etməyə çalışacaq. Amma ölkə rəhbərliyinin, cəmiyyətinin birmənalı mövqeyi ondan ibarətdir ki, əgər sülh yolu ilə münaqişənin həlli, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək mümkün olmasa, Azərbaycan xalqı qəti iradəsini ortaya qoyub, pozulmuş ərazi bütövlüyünü qətiyyətlə bərpa edəcək. Buna heç kimin şübhəsi yoxdur və Ermənistanda da Serj Sarkisyan da daxil olmaqla, bunu hamı bilir", - Əhmədov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti