...

Azərbaycanın hakim partiyası 2013-cü il üçün ən böyük layihəsini açıqladı

Siyasət Materials 26 Dekabr 2012 14:08 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) 2013-cü il üçün ən böyük layihəsi prezident seçkilərinin uğurla keçirilməsi olacaqdır.
Azərbaycanın hakim partiyası 2013-cü il üçün ən böyük layihəsini açıqladı

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyasının (YAP) 2013-cü il üçün ən böyük layihəsi prezident seçkilərinin uğurla keçirilməsi olacaqdır. Trend-in məlumatına görə, bu barədə partiyanın rəsmi saytına YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov deyib.

O qeyd edib ki, 2013-cü illə bağlı Yeni Azərbaycan Partiyasının böyük planları və istəkləri var.

"Dəfələrlə açıq şəkildə bildirmişik ki, Yeni Azərbaycan Partiyası hesab edir ki, Prezident İlham Əliyev qarşıdan gələn seçkidə bütün Azərbaycan xalqının namizədi kimi qəbul edilir, bütün xalqımız onun namizədliyini dəstəkləyir və hesab edir ki, İlham Əliyevin növbəti 5 ildə də Azərbaycana rəhbərlik etməsi 2013-cü ilədək həyata keçirilən uğurlu siyasətin davam etdirilməsi və vətəndaşlarımızın gələcək uğurlardan faydalanması deməkdir", - Əhmədov deyib.

YAP funksioneri hesab edir ki, bu sadə məntiq əsasında 2013-cü il prezident seçkilərində Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Prezident İlham Əliyevə səs verəcək, onu növbəti beş il üçün Azərbaycan Prezidenti mandatı ilə təmin edəcəklər.

"Bu, hər bir vətəndaşın, ailənin mənafeyinə uyğundur. Yeni Azərbaycan Partiyasının istəkləri ilə Azərbaycan vətəndaşının öz maraqlarından irəli gələn arzuları üst-üstə düşür. Fikrimcə, bu amil seçkilərin nəticələrinə təsir göstərən ən vacib faktor olacaq", - Əhmədov deyib.

O vurğulayıb ki, YAP artıq qarşıdan gələn seçkilərə hazırlıq işlərinə başlayıb. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün böyük bir proqram hazırlanıb və 2013-cü ilin ilk həftələrindən etibarən ardıcıl şəkildə həyata keçiriləcək.

"Seçki ərəfəsində daha çox əziyyət çəkib sonda daha yüksək uğur qazanmaq partiyamızın strategiyasının bir hissəsidir. İnanıram ki, seçkinin nəticəsi həm partiyamız, həm də xalqımız üçün əhəmiyyətli olacaq", - YAP sədr müavini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti