...

"Azərbaycan-Misir Dostluq Cəmiyyəti"nin təsisat iclası keçirilib (FOTO)

Siyasət Materials 27 Dekabr 2012 17:25 (UTC +04:00)
Qahirə şəhərində “Azərbaycan-Misir Dostluq Cəmiyyəti”nin təsisat iclası keçirilib.
"Azərbaycan-Misir Dostluq Cəmiyyəti"nin təsisat iclası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Qahirə şəhərində "Azərbaycan-Misir Dostluq Cəmiyyəti"nin təsisat iclası keçirilib.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, Misirdə rəsmi dövlət qeydiyyatdan keçən bu təşkilatın sədri bu ölkənin sabiq xarici işlər naziri Məhəmməd Orabi seçilib.

Tərkibinə Misirin aparıcı qəzetlərinin redaktorları, jurnalistlər, ictimai-siyasi xadimlər, elm adamları, universitet professorları və işgüzar dairələrin nümayəndələrinin daxil olduğu təşkilat elm, təhsil, mədəniyyət, iqtisadiyyat, turizm kimi sahələrdə fəaliyyət göstərərək, ictimai səviyyədə Azərbaycan-Misir əlaqələrinin inkişafını dəstəkləməyi qarşısına məqsəd qoyub.

Tədbirdə çıxış edən Məhəmməd Orabi "Azərbaycan-Misir Dostluq Cəmiyyəti"nə sədrlik etməkdən şərəf duyduğunu qeyd edərək, böyük sevgi və rəğbət bəslədiyi Azərbaycan ilə Misir arasında dostluğun və qardaşlığın daha da dərinləşməsinə var gücü ilə töhfə verəcəyini vurğulayıb.

Təşkilatın idarə heyətinin üzvü və Misirin "Cümhuriyyə" qəzetinin redaktor müavini Məhəmməd İsmayıl xalqlarımız arasında olan dostluğu və yaxınlığı daha da dərinləşdirmək üçün xalq diplomatiyası sahəsində səylərini əsirgəməyəcəklərini deyib.

Səfir Şahin Abdullayev Azərbaycanın misirli dostlarının bu təşəbbüsünü yüksək qiymətləndirdiyini qeyd edərək, dərin tarixi köklərə malik olan Azərbaycan-Misir dostluğunun bütün sahələrdə inkişaf etdirilməsi üçün Azərbaycanın Misirdəki səfirliyinin təşkilata bütün lazımı dəstək göstərəcəyini bildirib və ictimaiyyətin də səylərini səfərbər edərək, iki ölkə arasında elm-təhsil, mədəniyyət və iqtisadiyyat sahəsində əməkdaşlığın artırılmasının vacibliyini diqqətə çatdırıb.

"Azərbaycan-Misir Dostluq Cəmiyyəti"nin təsisat iclası Misir mətbuatında geniş şəkildə işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti