...

Prezident İlham Əliyev və xanımı Müşfiqabad qəsəbəsində əsaslı təmir edilmiş körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar (FOTO)

Siyasət Materials 27 Dekabr 2012 20:16 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva cümə axşamı Bakının Müşfiqabad qəsəbəsində əsaslı təmir edilmiş 67 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev və xanımı Müşfiqabad qəsəbəsində əsaslı təmir edilmiş körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva cümə axşamı Bakının Müşfiqabad qəsəbəsində əsaslı təmir edilmiş 67 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin balansında olan ikimərtəbəli bina 1987-ci ildə inşa olunub. Ötən 25 il ərzində burada əsaslı təmir və yenidənqurma işləri görülməyib. Azərbaycan Prezidentinin tapşırığına əsasən, binanın əsaslı təmirinə ötən ilin iyunundan başlanılıb.

Binanın təmirdən əvvəlki görüntülərini əks etdirən fotostendə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, bina tam yararsız vəziyyətə düşmüşdü. Uşaq bağçasının yeni binası indi yüksək standartlara cavab verir.

Məktəbəqədər təhsil müəssisəsində yaradılan şəraitlə tanış olan Azərbaycan Prezidentinin və xanımının diqqətinə çatdırıldı ki, binanın foyesində dövlət rəmzləri əks olunub. Burada ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb.

Bildirildi ki, 112 yerlik bu müəssisədə 40 müəllim və tərbiyəçi 7 qrupda 2-6 yaş arası uşaqların təlim-tərbiyəsi ilə məşğul olacaq. Balacaların zövqünə uyğun qurulan bağçada ayrıca musiqi və oyun zalları fəaliyyət göstərir. Musiqi zalında müasir texniki qurğular, oyuncaqlarla yanaşı, Heydər Əliyev Fondunun hədiyyəsi olan 3D formatlı kinozal da qurulub. İşıqlı və geniş sahəsi olan yeməkxanada uşaqlar gün ərzində dörd dəfə yeməklə təmin olunacaqlar. Mətbəx avadanlığı da Heydər Əliyev Fondu tərəfindən bağçaya hədiyyə olunub.

Diqqətə çatdırıldı ki, burada körpələrin və uşaqların sağlıq durumları da daim nəzarətdə saxlanılacaq. Bu məqsədlə binada ayrıca həkim otağı fəaliyyət göstərir. Körpələr üçün 15, uşaqlar üçün isə 20 nəfərlik qrup otaqları da yüksək səviyyədə təşkil olunub. Otaqlarda rahat çarpayılar, əlvan rəngli masa və oturacaqlar, balacaların inkişafına və əylənməsinə kömək edən müxtəlif oyuncaqlar, kitablar var. Divarlarda balacaların sevimlisi olan nağıl qəhrəmanlarının şəkilləri asılıb.

Məlumat verildi ki, mərkəzləşdirilmiş istilik sisteminin yaradıldığı bina daimi isti və soyuq su ilə təmin olunacaq. Bütün otaqlarda video-kameralar vasitəsilə müşahidələr aparılacaq. İkinci mərtəbədəki dərs otağı rus, ingilis və digər xarici dillərin tədrisi üçün nəzərdə tutulub. Burada uşaqlar həm də məktəbə hazırlıq prosesini keçəcəklər. Tədris otağı da bütün lazımi avadanlıqla təchiz olunub.

Müəssisənin ərazisinə baxan dövlətimizin başçısına məlumat verildi ki, bura tam abadlaşdırılmış, yeni yaşıllıq zolağı salınıb. Həyət yaşıllaşdırılıb, uşaqlara yol hərəkəti qaydalarını öyrətmək məqsədilə xüsusi meydança salınıb. Ərazidə ayrıca oyun və istirahət guşələri yaradılıb.

Uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti