...

Azərbaycan deputatı: Ştrasser Azərbaycana dair məruzə hazırlayarkən heç bir fakta əsaslanmayıb

Siyasət Materials 23 Yanvar 2013 21:07 (UTC +04:00)
Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı səfərdə olmayan məruzəçi hesabatı hazırlayarkən heç bir fakta əsaslanmayıb.
Azərbaycan deputatı: Ştrasser Azərbaycana dair məruzə hazırlayarkən heç bir fakta əsaslanmayıb

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı səfərdə olmayan məruzəçi hesabatı hazırlayarkən heç bir fakta əsaslanmayıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva qurumun qış sessiyasında Hüquqi işlər və insan hüquqları komitəsinin məruzəçisi Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəsinə münasibət bildirərkən deyib.

"Burada biz bir müddət öncə Ştrasser tərəfindən "siyasi məhbus"larla bağlı hesabatı dinləmişik. Ştrasser fikrincə, onun siyahısına Azərbaycanda siyasi əqidəsinə görə məhkum edilən 85 nəfər daxildir. Həmin insanların müxtəlif qanun pozuntularına görə həbs olunmalarını nəzərə alaraq qeyd etməliyik ki, cənab məruzəçi yalnız öz subyektiv fikirləri əsasında, məsələni araşdırmadan bu qənətə gəlib. AŞPA-da siyasi məhbus məsələsini müzakirə edərkən, ikili standartlardan çəkinmək məqsədilə təşkilata üzv ölkələr arasında heç bir ayrı-seçkiliyə yol verilmədən ümumqəbul edilmiş meyarlar qəbul edilməlidir. Bu zaman sual yaranır: nədən Ermənistanda vəziyyət acınacaqlı olduğu halda, bu məsələ və insan hüquqlarının qorunması onlara şamil olunmur?! Hesabatı dinləyərkən məruzəçinin qərəzsiz mövqedə olduğu şübhə doğurur", - Fətəliyeva deyib.

O qeyd edib ki, ölkəmizin prezident seçkiləri ərəfəsində olmasını nəzərə alaraq, vəziyyətin obyektiv qiymətləndirilməsi nəinki Avropa və beynəlxalq ictimayyəti, eləcə də Avro-Atlantik strukturlara Azərbaycanın fəal inteqrasiyasını istəyən hər kəs üçün vacibdir.

"Mən ümüd edirəm ki, gələcəkdə məruzə hazırlayanlar daha məntiqli olaraq, vəziyyəti düzgün qiymətləndirəcək və ölkəmizin ən ümdə problemini diqqətdə saxlayaraq gündəmə gətirəcəklər", - nümayəndə heyətinin üzvü deyib.

Fətəliyeva bildirib ki, bu gün Azərbaycanın həll olunmamış Dağlıq Qarabağ problemi, mürəkkəb geosiyasi vəziyyət, Azərbaycan ərazisinin 20%-nin işğalı bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi üçün imkan vermir. Hələ də ölkədə qaçqın və məcburi köçkünlərin, yurd-yuvalarından didərgin düşdükdən sonra dünyaya gəlmiş uşaqların problemləri gündəmdədir. Sözsüz ki, dövlət tərəfindən onlar üçün hər bir şərait yaradılıb, lazımi maliyyə dəstəyi ilə təmin edilir, müasir tipli şəhərlərciklər tikilir, yeni iş yerləri yaradılır. Lakin hər bir kəs yaxşı anlayır ki, onların normal həyata inteqrassiya olunmaları və mənəvi rahatlıq tapmaları məcburi qovulduqları doğma torpaqlarına qaytdıqdan sonra mümkün ola bilər.

"Lakin çox təəssüflə qeyd etməliyəm ki, ötən il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində durğunluq prosesi getdi. ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı göstərdiyi fəaliyyətdə heç irəliləyiş olmadı. Yeravanın destruktiv mövqe nümayiş etdirməsi bu məsələnin cari ildə də həll olunmasını kölgə altında qoyur. Ermənistanın və onun rəhbərliyi heç bir yeni təkliflə çıxış etmədən Madrid prinsiplərinin yenilənməsindən geri çəkilərək, status-kvo məsələsini gündəmə gətirirlər. Deməyə ehtiyac yoxdur ki, bu vəziyyət bütövlükdə regionda baş verən siyasi proseslərə mənfi təsir edir, Cənubi Qafqaz ölkələrinin daxili və xarici siyasəti üçün risk yaradır", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti