Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İzzət/
İsmayıllıda iki nəfərin avtomobil qəzası nəticəsində yaranmış mübahisəsini siyasiləşdirmək olmaz. Bu, heç də siyasi məsələ deyil. Trend-in məlumatına görə, bunu günorta saatlarından sonra jurnalistlərə açıqlamasında İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Nizami Ələkbərov bildirib.
Ələkbərov deyib ki, yol qəzasını törədən və sonra mübahisə edənlərin ümumiyyətlə onunla heç bir qohumluq əlaqəsi yoxdur.
Rayonu tərk etdiyi barədə məlumatın da həqiqətəuyğun olmadığını deyən Ələkbərov bildirib ki, o, hadisə baş verən andan rayonda olub və oranı tərk etməyib.
Ələkbərovun sözlərinə görə, rayon sakinlərini təhqir edən şəxslər cəzasını alacaq. Onlar artıq həbs edilib və qanun qarşısında cavab verməli olacaqlar.
Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İsmayıllıda baş verən kütləvi münaqişə ilə bağlı birgə məlumat yayıb.
Trend-ə daxil olan birgə məlumatda qeyd olunur ki, 2013-cü il yanvarın 23-də saat 21:30 radələrində İsmayıllı şəhərində "Çıraq" otelinin və 4 ədəd müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş vermişdir.
Buna səbəb oteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinovun şəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi və onu elektirik dirəyinə çırparaq qəza törətməsi, eyni zamanda, sərnişini, Bakı şəhər sakini Elməddin Məmmədovla birlikdə yaxınlıqdakı "VAZ-2107" markalı avtomaşının sahibi, rayon sakini Ramil Bəkirovu döyərək xəsarət yetirmələri olmuşdur. Əhalinin sıx olduğu yerdə baş vermiş hadisə yerinə xeyli sayda adam toplaşmış və onlara etirazlarını bildirmişlər. E.Şəmsəddinovun yerli sakinləri nalayiq söyüşlərlə təhqir etməsi isə baş vermiş münaqişənin daha da böyüməsinə, nəticədə vətəndaşların oteli və otelin həyətindəki üç müxtəlif markalı avtomobili yandırmalarına səbəb olmuşdur.
Bundan sonra desturuktiv qüvvələrin təhriki ilə insident iştirakçıları yürüş edərək İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun oğlu Elxana məxsus evi də yandırmağa cəhd göstərmişlər. Rayon Polis Şöbəsi əməkdaşlarının gördüyü qətiyyətli tədbirlər nəticəsində baş vermiş hadisənin daha da genişlənməsinin qarşısı alınsa da, həyətdə olan bir ədəd avtomobil yandırılmışdır.
İnsidentin qarşısı alınarkən üçü polis əməkdaşı olmaqla, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Kütləvi münaqişənin baş verməsinin səbəbkarları Emil Şəmsəddinov və Elməddin Məmmədov tutulmuşlar.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlarından ibarət olan heyət hadisə yerinə gəlmişdir.
Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində cinayət işi başlanmış, istintaq aparılır.