...

İsmayıllı ictimaiyyəti ilə keçirilən görüş başa çatıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 25 Yanvar 2013 18:37 (UTC +04:00)
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov və ictimai-siyasi xadimlərin iştirakı ilə rayon ictimaiyyəti ilə görüş başa çatıb. Trend-in məlumatına görə, görüşdə İsmayıllıda baş verən son hadisələr müzakirə edilir.
İsmayıllı ictimaiyyəti ilə keçirilən görüş başa çatıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İzzət/

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov və ictimai-siyasi xadimlərin iştirakı ilə rayon ictimaiyyəti ilə görüş başa çatıb. Trend-in məlumatına görə, görüşdə İsmayıllıda baş verən son hadisələr müzakirə edilir.

Görüşdə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı, millət vəkili Novruz Aslan, Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, general mayor Cavanşir Məmmədov da iştirak edib.

Ələkbərov son günlər baş verən hadisələrin arzuolunmaz olduğunu deyib. İcra başçısı əhalini təmkinli olmağa çağırıb.

İcra başçısı sakinləri avtomobil qəzası nəticəsində yaranan insidenti siyasiləşdirməməyə çağırıb.

Ələkbərov bildirib ki, bəzi xarici qüvvələr Azərbaycanın uğuruna kölgə salmaq məqsədilə ölkədə aranı qarışdırmaq istəyir. O, əhalini təmkinli olmağa çağırıb, yaşlı insanları, ziyalıları iğtişaşa cəhd edən gənclərə məsləhət verməyə dəvət edib.

Əli Əhmədov isə öz çıxışında bildirib ki, ictimaiyyətlə görüşün məqsədi narahatlığı onların dilindən eşitməkdir.

"Bir-iki gündür ki, insanlar bu gərginliyi yaşayır. İnsanların əksəriyyəti istəyir ki, sabitlik yaransın. Həyatımızda bir təhlükə olmasın, hər birimizin, dövlətimiz, rəhbərimiz başda olmaqla, istəyimiz bundan ibarətdir. Hansısa ehtiyatsızlıq üzündən baş verən bu hadisə təhlükəli vəziyyətə gətirib çıxarmamalıdır. Hoteli, avtomobili yandırmaq məsələnin həllini daha da çətinləşdirir. Ağsaqqallar yığılıb bu məsələni həll etməlidirlər", - Əhmədov çıxışında deyib.

DİN-in idarə rəisi Cavanşir Məmmədov da hadisələr barədə məlumat verib. Qeyd edib ki, yanvarın 23-də baş verən hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma gedir.

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İsmayıllıda baş verən kütləvi münaqişə ilə bağlı birgə məlumat yayıb.

Trend-ə daxil olan birgə məlumatda qeyd olunur ki, 2013-cü il yanvarın 23-də saat 21:30 radələrində İsmayıllı şəhərində "Çıraq" hotelinin və 4 ədəd müxtəlif markalı avtomobilin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib.

Buna səbəb hoteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinovun şəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi və onu elektirik dirəyinə çırparaq qəza törətməsi, eyni zamanda, sərnişini, Bakı şəhər sakini Elməddin Məmmədovla birlikdə yaxınlıqdakı "VAZ-2107" markalı avtomaşının sahibi, rayon sakini Ramil Bəkirovu döyərək xəsarət yetirmələri olub. Əhalinin sıx olduğu yerdə baş vermiş hadisə yerinə xeyli sayda adam toplaşıb və onlara etirazlarını bildiriblər. Şəmsəddinovun yerli sakinləri nalayiq söyüşlərlə təhqir etməsi isə baş vermiş münaqişənin daha da böyüməsinə, nəticədə vətəndaşların hoteli və hotelin həyətindəki üç müxtəlif markalı avtomobili yandırmalarına səbəb olub.

Bundan sonra desturuktiv qüvvələrin təhriki ilə insident iştirakçıları yürüş edərək İcra Hakimiyyətinibn başçısı Nizami Ələkbərovun oğlu Elxana məxsus evi də yandırmağa cəhd göstəriblər. Rayon Polis Şöbəsi əməkdaşlarının gördüyü qətiyyətli tədbirlər nəticəsində baş vermiş hadisənin daha da genişlənməsinin qarşısı alınsa da, həyətdə olan bir ədəd avtomobil yandırılıb.

İnsidentin qarşısı alınarkən üçü polis əməkdaşı olmaqla, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Kütləvi münaqişənin baş verməsinin səbəbkarları Emil Şəmsəddinov və Elməddin Məmmədov tutulublar.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlarından ibarət olan heyət hadisə yerinə gəlib.

Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti