...

Kaliforniya Senatında Azərbaycan bayrağı qaldırılıb (FOTO)

Siyasət Materials 12 Mart 2013 12:30 (UTC +04:00)
Kaliforniyanın ən ali qanunverici orqanı olan ştat Senatının dəvəti ilə Azərbaycan nümayəndə heyəti martın 11-də ştatın paytaxtı Sakramento şəhərində rəsmi səfərdə olub.
Kaliforniya Senatında Azərbaycan bayrağı qaldırılıb (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İsabalayeva/

Kaliforniya ştatının ən ali qanunverici orqanı olan ştat Senatının dəvəti ilə Azərbaycan nümayəndə heyəti martın 11-də ştatın paytaxtı Sakramento şəhərində rəsmi səfərdə olub.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti millət vəkilləri Asim Mollazadə, Sevinc Fətəliyeva və Sahibə Qafarova, Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov və Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevdən ibarət olub.

Səfər günü Kaliforniya Senatının plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılama mərasimi keçirilib. Bu münasibətlə Senatda Azərbaycan bayrağı qaldırılıb.
Mərasimdə çıxış edən Kaliforniya Senatının respublikaçılar fraksiyasının rəhbəri Bob Haff, Azərbaycanın müsəlman dünyasında ilk parlament demokratiyası olduğunu bildirərək Azərbaycanın ABŞ-ın güclü müttəfiqi olduğunu qeyd edib və hər iki ölkənin qlobal və regional enerji və təhlükəsizlik maraqlarını bölüşdüyüni diqqətə çatdırıb.

Azərbaycana 2011-ci ildə digər senatorlarla etdiyi səfəri xatırlayan senator Haff səfər müddətində güclü iqtisadi inkişaf yolunda olan və uzaqgörən insanlara malik ölkə gördüklərini söyləyib. Senator bildirib ki, 2006-cı ildən bəri Los-Ancelesdə Baş Konsulluq ilə təmsil olunan Azərbaycan Kaliforniya ilə bir sıra sahələrdə əlaqələr yaradıb və bu əlaqələr gündən-günə genişlənməkdədir.

Azərbaycan nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin yüksək önəm daşığını qeyd edib və bu tərəfdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Hər iki dövlətin daim bir-birini dəstəklədiyini vurğulayan S.Seyidov Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizəyə verdiyi töhfələrdən, eləcə də İraq və Əfqanıstanda Azərbaycan və Amerika əsgərlərinin çiyin-çiyinə döyüşməsindən bəhs edib. Dini və etnik dözümlülüyün Azərbaycanda həyat normasına çevrildiyini bildirən millət vəkili ölkəmizdə çoxlu sayda sinaqoq və kilsələrin sərbəst fəaliyyət göstərdiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti