...

Səfir: Azərbaycan dünyadakı nüfuzundan istifadə edərək, İsrail-Fələstin danışıqlarında önəmli rol oynaya bilər

Siyasət Materials 19 Aprel 2013 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı 19 aprel /Trend, müxbur R.Hafizoğlu/

Azərbaycan və Fələstin arasında ikitərəfli əlaqələr getdikcə möhkəmlənir. Bu barədə Trend-ə Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim bildirib.

"Azərbaycan xarici işlər nazirinin Fələstinə ilk səfəri tarixi hadisədir və bu, bizim üçün çox əhəmiyyətlidir", - səfir deyib.

Onun sözlərinə görə, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov səfər çərçivəsində fələstinli həmkarı, ölkənin Baş naziri və bir sıra dövlət rəsmiləri ilə görüş keçirəcək.

Səfir onu da qeyd edib ki, bu görüşlərdə tərəfləri maraqlandıran mühüm məsələlər - iqitisadi, siyasi sahələrdə əməkdaşlıq, eyni zamanda, sülh prosesi müzakirə obyekti olacaq.

"Azərbaycan hər zaman Fələstin məsələsində Fələstinin mövqeyini dəstəkləyib və BMT-də Fələstin dövlətinin tanınması üçün səs verən ölkələrdən biri olmaqla yanaşı, qərarın icrasına başlayan dövlətlərdən biridir. Bu baxımdan Azərbaycan XİN rəhbərinin Fələstinə səfəri iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək", - Əbdül Kərim qeyd edib.

Səfirin sözlərinə görə, Məmmədyarovun Fələstinə səfəri İsrail-Fələstin sülh prosesi baxımından da önəmlidir. Bütün bunlarla yanaşı, Azərbaycan dünyadakı nüfuzundan istifadə edərək, İsrail-Fələstin danışıqlarında önəmli rol oynaya bilər.

"Azərbaycanın Fələstinlə çox yaxşı münasibətləri var və Fələstini bir çox məsələlərdə dəstəkləyib. Eyni zamanda, Azərbaycanın İsraillə də möhkəm əlaqələri var", - səfir vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan geosiyasi mövqeyindən, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmasından istifadə edərək, İsrail-Fələstin danışıqlarında İsrailə təsir etmək imkanına malikdir.

"Azərbaycan bölgədə sülhün bərqərar olması üçün vasitəçi potensialına sahibdir", - Əbdül Kərim bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti