...

İran Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün əməkdaşlığa çağırır

Siyasət Materials 23 Aprel 2013 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

Xəzər dənizinin hüquqi statusunu müzakirə edən işçi qrupunun 32-ci xüsusi sessiyasında çıxış edən İranın xarici işlər naziri Əli Əkbər Salehi qonşu dövlətləri Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məqsədilə əməkdaşlığı möhkəmləndirməyə çağırıb. Bu barədə Trend çərşənbə axşamı İran milli televiziyasının rəsmi saytı - "Iribnews"a istinadən məlumat verir.

İki gün davam edəcək iclasda Qazaxıstan, Rusiya, Türkmənistan və Azərbaycan nümayəndələri iştirak edirlər.

Salehi bəyan edib ki, dənizin həssas ətraf mühiti də birgə səylərlə mühafizə olunmalıdır.

Bütün məsələlərin dialoq yolu ilə həll edilməli olduğunu deyən nazir əlavə edib ki, Xəzər dənizi qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan konstruktiv əməkdaşlıq üçün meydandır.

Salehi onu da qeyd edib ki, İran Xəzər dənizində sabitlik və təhlükəsizliyi, həmçinin dənizin ətraf mühitini və resurslarını qorumağa kömək edəcək uzunmüddətli regional səylərə inanır.

Onun sözlərinə görə, Xəzərin problemi əlavə problemlərə yol aça biləcək hər hansı xarici müdaxilə olmadan qonşu dövlətlər arasında həll edilə bilər.

"Xəzəryanı ölkələr arasında keçirilən görüşlər göstərir ki, ölkələr regional əməkdaşlığı inkişaf etdirmək və regionda dostluq münasibətləri üçün ümumi əsas yaratmaq istəyirlər", - Salehi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti