...

Fuad İsgəndərov: Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmayacaq (MÜSAHİBƏ)

Siyasət Materials 1 May 2013 09:00 (UTC +04:00)
Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin başçısı Fuad İsgəndərovun Trend-ə müsahibəsi
Fuad İsgəndərov: Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmayacaq (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin başçısı Fuad İsgəndərovun Trend-ə müsahibəsi

- Cənab səfir, Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin yaxın günlərdə Azərbaycan Respublikasına səfəri ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirməyinizi xahiş edirik. Azərbaycan Respublikası Avropa İttifaqı ilə hansı sahələrdə tərəqqi əldə etməkdədir?

- Beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Respublikası hər hansı xarici tərəflə əlaqələr qurarkən, bu əlaqələrin inkişafını əməkdaşlıq görüntüsü yaratmaq üçün həyata keçirmir. Avropa institutları və Avropa ölkələri ilə münasibətlərə gəldikdə isə onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyaya əsaslanır: münasibətlər, ilk növbədə, bərabərhüquqlu olmalı və əməkdaşlıq edən tərəflərin konkret maraqlarından irəli gəlməlidir. Ölkəmizin regionda gündən-günə artan siyasi və iqtisadi çəkisi Avropa İttifaqının Azərbaycana olan marağını keyfiyyətcə yeni səviyyəyə yüksəltmiş, digər tərəfdən isə Aİ-nin respublikamızla yeni, bərabərhüquqlu, bərabərməsuliyyətli, strateji mahiyyət daşıyan əməkdaşlıq formatının axtarışına ciddi təkan vermişdir. Biz bunun həm ikitərəfli görüşlər, həm geniş formatlı danışıqlar, həm də gündəlik iş fəaliyyətimizdə, məsləhətləşmələr və Avropa İttifaqı kuluarlarında gedən fikir mübadilələri zamanı şahidi oluruq.

Belə ki, komissar Fülenin Avropa Parlamentində Avropa Qonşuluq Siyasətinin 2012-ci il üzrə nəticələrinə həsr edilmiş çıxışı zamanı ilk dəfə parlamentarilər qarşısında Azərbaycanla bundan sonra münasibətlərin strateji tərəfdaşlıq modeli əsasında inkişaf etdirilməsi imkanlarının Avropa Komissiyası daxilində nəzərdən keçirildiyini etiraf etməsi qarşı tərəfin də Azərbaycanla strateji tərəfdaşlıqda maraqlı olmasının sübutudur.

Əməkdaşlıq dialoqumuzun məhz bu strateji model əsasında formalaşması nəinki enerji, həm də digər sahələri özündə ehtiva edir. Sözsüz ki, avropalı tərəfdaşlarımız tərəfindən nümayiş etdirilən bu yanaşma ölkəmiz tərəfindən yalnız dəstəklənə bilər.

Bu müstəvidə artıq Azərbaycanla Aİ arasında konkret istiqamətlər və sahələr üzrə danışıqlar gedir və bu danışıqlar ölkəmizin uğurlu xarici siyasətinin bir komponentidir. Yaxın zamanlarda "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında saziş", "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş" və "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında mobillik üzrə tərəfdaşlığa dair Birgə Bəyannamə" layihələri üzrə aparılan danışıqlar yekunlaşacaqdır. Qeyd olunan sənədlərin imzalanması Azərbaycanın Avropa İttifaqı ilə uğurlu əməkdaşlığının strateji səviyyəyə qalxmasını təşviq etməklə yanaşı, Azərbaycan vətəndaşlarının Avropaya çıxışını daha da asanlaşdıracaqdır. Biz bu yolla qarşılıqlı tərəqqi və münasibətlərin inkişafını daha da sürətləndirmiş olacağıq.

- Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq və "Cənub Qaz Dəhlizi"nin inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

- Məlum olduğu kimi, 2006-cı ildə "Avropa İttifaqı və Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu" imzalanmışdır. Bu sənəddə öz əksini tapmış əməkdaşlıq istiqamətləri üzrə hazırda ciddi işlər aparılır. Lakin 7 il sonra bu gün görürük ki, aramızda daha dərin və strateji tərəfdaşlıq üçün şərait yaranmışdır. Azərbaycan artıq öz təbii qazını Avropa bazarına nəinki nəql etmək, eləcə də onu birbaşa Avropa bazarında satmaq niyyətindədir. Bu, artıq bilavasitə Aİ bazarına giriş və onun iqtisadiyyatında rol oynamaq deməkdir. Əgər 2019-cu ildən etibarən biz "Şahdəniz-2" üzrə hasil olunacaq 10 milyard kubmetr təbii qazla bu bazara daxil olmaq istəyiriksə, 2020-ci ilin ortalarında bu həcmi 15 milyard kubmetrə, 2030-cu illərin ortalarında isə 35-40 milyard kubmetrə çatdıra bilərik. Bu, Norveç və Rusiyanın ayrı-ayrılıqda Avropaya satdıqları həcmlərin təxminən üçdə birinə bərabərdir. Amma əsas məsələ xammal satmaq deyil. Uzunmüddətli məqsəd Aİ-nin iqtisadiyyatı üçün strateji məhsulu onun bazarında satmaq və öz ticari fəaliyyətimizi genişləndirmək və gücləndirməkdir. Təsəvvür edin, əgər bu gün Rumıniya və İsveçrədə ARDNŞ-nin bir neçə yanacaqdoldurma stansiyası varsa, Avropa İttifaqı məkanında bunların sayı bir neçə ildən sonra onlarla hesablanacaq, Azərbaycanın ciddi sərmayələri olacaq. Bu, nəinki bizi Avropaya, Avropanı da Azərbaycana bağlayacaq. Əgər indi "Şahdəniz" təbii qazının Avropaya TAP və ya "Nabucco West" layihələrindən biri vasitəsilə nəqli müzakirə edilirsə, gəlin təsəvvür edək ki, ölkəmiz "Abşeron", "Naxçıvan", "Ümid", "Babək", "Asiman-Şəfəq" və "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil olunan həcmlərin müəyyən hissəsini də Avropa bazarında satır. Bu, nəinki TAP və ya "Nabucco West" layihələrini, bəlkə də daha mürəkkəb nəqliyyat sistemini tələb edəcək. Bu baxımdan Avropa İttifaqı TANAP-ın strateji əhəmiyyətini dərk edib və Azərbaycanı ciddi və etibarlı tərəfdaş kimi görür.

- Bu tərəfdaşlıq Avropa İttifaqı ilə ticarət münasibətlərimizə necə təsir göstərir?

- Ticarət dialoqu öz-özlüyündə bir neçə sahə və strateji xammal məhsulların ixracat və idxalat istiqamətini daşıyır. Hazırda Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ümumi ticarət dövriyyəsi 6 milyard avrodan artıqdır. Bu dövriyyədə bizim Aİ ölkələrinə ixracatımız təxminən 5 milyard avro təşkil edir, yəni ticarət saldosu Azərbaycanın xeyrinədir. Ölkəmizin ümumi ticarət coğrafiyası bölgüsündə isə Avropa İttifaqı bizim ən böyük ixracat bazarımızdır - yəni ixracatımızın 40-45%-i məhz Avropa bazarına gedir. Bu, mövcud potensiala cavab vermir və Azərbaycan bu dövriyyəni artırmaq niyyətindədir. Avropa bazarı ilə birbaşa sərhədlərimiz olmasa da, biz Türkiyə vasitəsilə bu bazara girişi gücləndirməli və ixrac olunan məhsulların çeşidini artırmalıyıq. Məlumdur ki, Azərbaycan tərəfi Ümumdünya Ticarət Təşkilatına üzvlük perspektivlərini və onun ölkəmizə verəcəyi fayda və riskləri ciddi şəkildə nəzərdən keçirir. Yerli irimiqyaslı və ortamiqyaslı istehsal, sahibkarlıq, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan fermerlər nəsli öz potensialını artırmalı və ümumiyyətlə, daxili iqtisadi potensialın artırılması baş tutmalı, rəqabətyönlü siyasətimiz əvvəla öz bəhrəsini verməlidir. Yalnız bundan sonra Azərbaycan bu təşkilata üzv ola bilər. Milli maraqlarımız bunu tələb edir. Lakin Avropa İttifaqı bizimlə Dərin və Hərtərəfli Azad Ticarət Sazişi üzrə danışıqlara başlamamasını ölkəmizin ÜTT üzvlüyü ilə bağlayır. Digər tərəfdən, ölkəmizin iqtisadi potensialının artdığını səbəb göstərərək, Avropa İttifaqı bizə əvvəlcə tətbiq etdiyi və iqtisadi cəhətdən nisbətən az inkişaf etmiş bəzi ölkələrə hazırda tətbiq edilən əlverişli ticarət rejimini də dayandırmaq qərarına gəlmişdir. İqtisadi cəhətdən gündən-günə güclənən Azərbaycan üçün bu cür süni çətinliklər hər hansı prinsipial problem yaratmır. Maliyyə böhranı dövrünü yaşayan Avropa üçün isə Aİ məkanından kənarda yerləşən və iqtisadi cəhətdən inkişafda olan ölkələrlə əməkdaşlıq getdikcə daha böyük rol oynamağa başlayır. İqtisadi asılılıqdan deyil, iqtisadi maraq və zəruriyyətdən irəli gələn ticarət əlaqələrinin perspektivləri böyükdür. Məhz buna görə də Aİ ilə göstərilən məsələlərə dair müzakirə və danışıqlarımız davam etdirilir. İnanıram ki, zaman keçdikcə daha çox sayda və çeşiddə məhsullarımız Avropa bazarına ixrac olunmaq imkanı əldə edəcəkdir.

- Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyi və bu qurumun həll prosesində rolu barədə nə deyə bilərsiniz?

- Ermənistan-Azərbaycan münaqişəsində Aİ-nin mövqeyindən danışarkən Aİ-nin ayrı-ayrı institutlarının bu məsələdə fərqli mövqe nümayiş etdirdiklərini vurğulamaq istərdim. Belə ki, Aİ-nin icraedici qurumu olan Avropa Komissiyası və qurumun xarici siyasət məsələlərinə məsul Xarici Fəaliyyət Xidməti bir qayda olaraq münaqişənin həllində ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini dəstəklədiklərini ifadə edirlər. Qanunverici qurum olan Avropa Parlamentinə gəldikdə isə burada vəziyyət fərqlidir. Avropa Parlamenti bu günədək qəbul etdiyi çoxsaylı qətnamələrdə (misal üçün, 2010-cu ildə Cənubi Qafqaz bölgəsi ilə bağlı, 2012-ci ildə Azərbaycan və Ermənistanla aparılan assosiasiya sazişi üzrə danışıqlarla bağlı) Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu və işğalçı qüvvələrin Dağlıq Qarabağ bölgəsi daxil olmaqla bütün işğal olunmuş ərazilərdən dərhal çıxmasını tələb etmişdir. Avropa Parlamentinin hazırkı prezidenti cənab Martin Şultz bu ilin 14 yanvar tarixində yerli xəbər agentliyinə verdiyi müsahibədə mövqeyini açıq şəkildə səsləndirmişdir: "Bizim mövqeyimiz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində onun suverenliyi və ərazi bütövlüyünə hörmətə əsaslanır. Bunun üçün də Avropa Parlamenti dəfələrlə BMT TŞ qətnamələrinə uyğun olaraq işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxmasını tələb etmişdir". Fikrimcə, Avropa Parlamentinin bu aydın mövqeyi Aİ-nin icraedici qurumlarının münaqişəyə dair daha fəal mövqe tutmasına təkan verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti