Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Bədəlova/
Avropa İttifaqı (Aİ) Azərbaycanı maraqlı və etibarlı tərəfdaş kimi nəzərdən keçirir. Trend-in məlumatına görə, bu barədə cümə günü Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Azərbaycan Diplomatik Akademiyasında çıxışı zamanı deyib.
"Biz Azərbaycanı təhlükəsizlik, enerji sahələrində, həmçinin mədəniyyət və təhsil məsələlərində tərəfdaş kimi nəzərdən keçiririk", - Füle qeyd edib.
Onun sözlərinə görə, Aİ-Azərbaycan tərəfdaşlığının böyük potensialı var.
"Çiçəklənmə və inkişaf üçün etibarlı zəmin yarada biləcəyimizə inanıram", - komissar bildirib.
Füle bildirib ki, Aİ-Azərbaycan münasibətləri Bakının Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramında iştirakı vasitəsilə inkişaf edir.
Onun sözlərinə görə, bu təşəbbüs Bakının Aİ ilə münasibətini yeni səviyyəyə çıxaracaq, insanlar arasında əlaqələri gücləndirəcək.
Fülenin sözlərinə görə, Aİ Azərbaycan ilə münasibətlərin genişlənməsinə maraq göstərir.