...

Fərhad Məmmədov: ABŞ-nin dəstəklədiyi Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması kimi səylər həyata keçirilməməlidir (FOTO)

Siyasət Materials 4 May 2013 10:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İ.İzzət/

Cənubi Qafqazın qonşu dövlətlərinin və dünyanın güc mərkəzlərinin regiona öz baxışları vardır. Lakin bu heç də o demək deyildir ki, Cənubi Qafqaz ölkələri dünyanın böyük və güclü dövlətlərinin iradələrinin müti icraçıları olmalıdırlar. Hər halda, Azərbaycan və Gürcüstan inkişaf yollarını özlərinin milli maraqlarına uyğun formalaşdırmaqda qərarlıdırlar.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Prinston Universitetində (LISD) təşkil edilmiş dəyirmi masada "Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri və münaqişələr" mövzusunda çıxışında bildirib.

SAM-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Fərhad Məmmədov bildirib ki, Cənubi Qafqaz nə siyasi, nə iqtisadi, nə də mədəni inteqrasiya baxımından mükəmməl regiona çevrilə bilməyib. Pozitiv nümunə qismində Azərbaycan və Gürcüstan arasında olan əməkdaşlığı göstərmək olsa da, regionun üçüncü dövləti - Ermənistan yürütdüyü təcavüzkar siyasət nəticəsində özünü regional inteqrasiya proseslərindən tədric edib. Azərbaycan ərazisinin 20%-ni işğal etməsinə, Dağlıq Qarabağda və ona ətrafında yeddi rayonda azərbaycanlılara qarşı etnik təmizləmə siysəti həyata keçirməsinə görə Azərbaycan və Türkiyə təcavüzkar dövlətlə olan sərhədlərini bağlamalı olublar.

Azərbaycan və Gürcüstanın inkişafı bu ölkələrin ərazilərində baş verən münaqişələr və onların bir hissəsinin işğalı ilə müşayət edilir: "Biz bütün geoiqtisadi layihələrin reallaşdırılmasına nail olmuşuq və irəlidəki onillikləri hədəfə götürən inkişaf baxışlarımızı formalaşdırırıq. Lakin bu sözləri iqtisiadi inkişafını hətta 2008-ci il səviyyəsinə çatdıra bilməyən Ermənistan haqqında deyə bilmərik. Bundan başqa, Ermənistan dövlətinin hərbiləşdirilməsi maksimal həddə çatıb. Hərbi büdcə Ermənistanın ÜDM-nin 5,5% artıqdır".

SAM-ın dreiktoru hesab edir ki, Cənubi Qafqaz yalnız o şərtlə iqtisadi cəhətdən inkişaf etmiş güclü regiona çevrilə bilər ki, buradakı münaqişələr tənzimlənsin, və region dövlətləri arasında qarşılıqlı faydalı münasibətlər qurulsun. Cənubi Qafqazdakı münaqişələr regional təhlükəsizliyə qarşı əsas təhdidlərdir və bütün bölgənin asılı vəziyyətə salınmasına şərait yaradır.

Məmmədov bildirib ki, regionda yarımçıq qərarlar həyata keçirilməməlidir.

"Məsələn, ABŞ-nin dəstəklədiyi Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması kimi səylər həyata keçirilməməlidir. Bu təşəbbüs səmərəsiz olmuşdur. Çünki, Ermənistan Azərbaycan ərazilərini işğal etdiyinə görə Türkiyə bu ölkə ilə sərhədlərini bağlayıb. Zəbt olunan ərazilər geni qaytarılmayana qədər sərhədlərin açılması mümkünsüzdür. Bu hərəkət təcavüzkar dövləti cəzalandırmağın yeganə formasıdır. Əks təqdirdə, Ermənistan özünün cazasız qalmasına daha da əmin olacaqdır. ABŞ-nın bu addımı onun Azərbaycandakı imicinə ciddi ziyan vurub. Belə ki, Azərbaycan əhalisi ABŞ-nın Gürcüstana münasibətdə Cənubi Osetiya və Abxaziyada baş verənləri "təcavüz" adlandırdığını, lakin Dağlıq Qarabağa dair birmənalı və praktiki adımlar atadığını aydın görür", - deyə SAM-ın direktoru qeyd edib.

Onun fikrincə, terrorçuluq, dini fundamentalizm və digər qlobal tendensiyalar bizim region üçün təhdidlərdir. Münaqişələrin nizamlanması bu təhdidlərə qarşı daha səmərəli fəaliyyət üçün şərait yarada bilər.

"Nə qədər ki, regionda Dağlıq Qarabağ kimi silah, narkotik maddələr istehsal edən, digər qanunazidd fəaliyyətlə məşğul olan nəzarətsiz zonalar var, biz Cənubi Qafqazın təhlükəsiz region olduğunu deyə bilməyəcəyik. Bizim üçün vacibdir ki, Cənubi Qafqazın qonşuları və dünyanın güc mərkəzləri regionun münaqişədən sonrakı dövrünün mənzərəsi haqqında təsəvvürlərə malik olsunlar", Məmmədov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti