Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə bazar ertəsi "Gülüstan" sarayında Azərbaycan xalqının ümummilli lideri, YAP-ın qurucusu Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr edilmiş "Heydər Əliyev: Böyük Azərbaycanlı" mövzusunda konfrans keçirilib.
Trend-in məlumatına görə, konfransın açılışında YAP-ın Sədr müavini-icraçı katibi Əli Əhmədov bildirib ki, Azərbaycan tarixinə şöhrət gətirən tarixi simaların arasında ümummilli lider Heydər Əliyevin rolu görünməkdədir: "Heydər Əliyev böyük bir epoxadır və bu epoxa yalnız tarix deyil, daha çox gələcəkdir və Azərbaycan xalqının gələcəyini müəyyənləşdirir".
Əhmədov qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi müddətdə ölkənin bütün sahələrdəki inkişafı hər kəsə məlumdur: "Azərbaycan vətəndaşlarının ümummilli liderin müəyyənləşdirdiyi siyasətə dərin inamı mövcuddur və bu, Heydər Əliyevin həyatda olmadığı 10 il ərzində Azərbaycanın yüksək sıçrayışla inkişafına səbəb olub".
Azərbaycanın Baş nazirinin müavini Əli Həsənov konfransda çıxışında bildirib ki, Heydər Əliyev 18 yaşında artıq xalq komissarlığında şöbə müdiri işləyib və buna heç kəs o vaxt nail ola bilməmişdi. Həsənov qeyd edib ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana hakimiyyətə gələndə ölkənin bütün sahələrindən xəbərdar idi: "Seçiləndən dərhal sonra Heydər Əliyev plenum keçirdi və həmin plenumda Azərbaycanda mövcud olan bütün problemlər açıqlandı. Həmin plenumda rüşvətxorluğa qarşı mübarizə müzakirəyə çıxarıldı ki, Sovet İttifaqı zamanı bu barədə müzakirə aparmaq olduqca riskli idi".
Həsənov qeyd edib ki, Heydər Əliyev rəhbərliyə başlayanda Azərbaycan SSRİ respublikaları arasında ən geridə qalan ölkə idi və az bir zamanda Azərbaycan ən qabaqcıl ölkələrdən birinə çevrildi.
Baş nazirin müavininin sözlərinə görə, Heydər Əliyevin işlədiyi dövrdə Azərbaycan böyük nəticələr əldə edib və SSRİ-də dotasiya almadan yaşayan 3 ölkədən biri olub.
O deyib ki, Heydər Əliyev Azərbaycanda kadrların milliləşdirilməsini həyata keçirdi və həmin məsələdə tolerantlığa xüsusi fikir verirdi, heç bir bölgənin kadrlarına xüsusi imtiyazlar verilmirdi: "Məhz buna görə demək olar ki, Heydər Əliyev Azərbaycanda tolerantlığın əsasını qoyub".
Həsənov qeyd edib ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması ilə Azərbaycan dünyanın siyasi xəritəsindən silinmə təhlükəsindən qurtuldu. Baş nazirin müavini ümummilli liderin qaçqınların və köçkünlərin problemlərinin həll olunmasında göstərdiyi səyləri xüsusi qeyd edib.
Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov konfransda çıxışında bildirib ki, Heydər Əliyevin böyüklüyü və əzəməti zaman keçdikcə daha çox görünür. Müstəqillik dövründə Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gələrkən Azərbaycan siyasi və iqtisadi tənəzzüllə uğramışdı: "Ölkənin ağır vəziyyətdən çıxarılması üçün ulu öndər ölkə daxilində sabitliyi təmin etdi, kompleks iqtisadi islahatların aparılması üçün tədbirlər həyata keçirdi. Ümummilli liderin Azərbaycan xalqının qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasıdır".
Ziyafət Əsgərov deyib ki, ulu öndər tərəfindən əsası qoyulmuş siyasi kurs bu gün Prezident ilham Əliyev tərəfindən davam etdirilir: "Hazırda Azərbaycan dünyada ən dinamik inkişaf edən dövlətlərdən biridir".
Millət vəkili, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxışında deyib ki, Heydər Əliyevin "Təhsil xalqın gələcəyidir" devizi ilə təhsil sahəsinin inkişafı aparılır. O qeyd edib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində Azərbaycan təhsil sayəsində dünyanın 50 aparıcı ölkəsi sırasına daxil olub: "O xalq xoşbəxtdir ki, onun ümummilli lideri var. Xalqın daha böyük xöşbəxtliyi isə odur ki, öz ümummilli liderin siyasi kursu davam etdirilir".
Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda gender probleminin həll olunmasında Heydər Əliyev irsinin böyük rolu olub: "Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin birinci mərhələsinə nəzər salsaq görərik ki, ölkədə gender məsələlərinin həlllinə o vaxt başlanmışdı. Həmin dövrdə ümummmilli lider qadınların müxtəlif sahələrdə təmsilçiliyinin olmasına şərait yaradırdı. Məhz həmin zaman qadınların rəhbər vəzifələrə çəkilməsinə başlanıldı".
Hüseynova deyib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi qadınlarla bağlı siyasətə bu gün Prezident İlham Əliyev xüsusi diqqətlə yanaşır, bir çox yeni qanunlar imzalanıb.
Millət vəkili Şəmsəddin Hacıyev isə çıxışında Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi tövhələrdən danışıb.
O qeyd edib ki, ümummilli lider ilk dəfə Azərbaycanda hakimiyyətə gəldiyi dövrdə ölkənin aqrar sektorunun inkişafına təkan vermişdi.
Hacıyev bildirib ki, həmin dövrdə Azərbaycanda aqrar sahədəki bir çox istiqamətlər dirçəliş dövrünü yaşadı. O deyib ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə Azərbaycanda hiperinflasiya, defolt mövcud idi və məhz onun hakimiyyətə qayıtması ilə dövlət düşdüyü vəziyyətdən çıxdı.
Xatırladaq ki, konfrans iştirakçıları tədbirdən öncə Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.