Azərbaycan, Bakı, 7 may /Trend, S.Ağayeva/
Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İranın Xarici İşlər Nazirliyinə ikinci notanı təqdim edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.
Onun sözlərinə görə, birinci nota-sorğu may ayının 1-də, ikinci nota-sorğu isə dünən göndərilib.
"İran tərəfi öz cavabında bildirib ki, saxlanılan Azərbaycan vətəndaşları qanunsuz hərəkətlərdə ittiham olunur", - Abdullayev deyib.
Onun sözlərinə görə, ikinci notada Azərbaycan XİN İran tərəfindən İnsan hüquqları üzrə Vyana Konvensiyasında nəzərdə tutulduğu kimi, saxlanılan vətəndaşlarla görüş təyin edilməsini xahiş edir.
"Azərbaycan, həmçinin saxlanılmış vətəndaşlarına lazımi hüquqi kömək göstərilməsində təkid edəcək", - Abdullayev bildirib.
Xatırladaq ki, bir neçə gün öncə İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi buna qədər həmin məsələ ilə bağlı İrana bir dəfə nota vermişdi.