...

Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunda insan alveri mәsәlәsi müzakirә olunub

Siyasət Materials 8 May 2013 15:58 (UTC +04:00)
Trend-in mәlumatına görә, moderator "Cole Production" şirkətinin rəhbəri Stiven Koul qeyd edib ki, Azərbaycan insan alverinə qarşı mübarizədə böyük uğurlar əldə edib.
Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunda insan alveri mәsәlәsi müzakirә olunub

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir M.Əliyev/

Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunda insan alveri mәsәlәsi müzakirә olunub.

Trend-in mәlumatına görә, moderator "Cole Production" şirkətinin rəhbəri Stiven Koul qeyd edib ki, Azərbaycan insan alverinə qarşı mübarizədə böyük uğurlar əldə edib.

Koul bildirib ki, insan alveri narkotik və silah ticarətindən sonra ən çox gəlirin qazanıldığı sahədir vә buna görә insan alveri ilə mübarizə ciddi iş tələb edir.

Çıxış edən "İnsan Alverinə Dərhal Son" Təşkilatının icraçı vitse-prezidenti Aleya Hammad isә bildirib ki, özəl sektorun dəstəyi ilə trafikinqә qarşı mübarizə aparılması istiqamətində böyük uğurlar əldə edilib, bir sıra tədbirlər həyata keçirilib. O, insan alverinə qarşı mübarizəni gündəlikdə duran əsas korporativ səbəb kimi qəbul etməyin vacibliyini vurğulayıb. İnsan alverinin genişlənməsində icbari əməyin mühüm rol oynadığını deyәn Hammad dünyada 200 milyon uşağın əməyindən istifadə olunduğunu bildirib.

"Moonbeam Films" şirkətinin direktoru və prodüseri Anna Reevel də çıxışında müxtəlif ölkələrdə insanların icbari əməyindən istifadə edildiyini deyib. O bildirib ki, bəzi hallarda valideynlər övladlarını kölə kimi satırlar. "Bunun qarşısını almaq, öz səsimizi dünya ictimaiyyətinə çatdıra bilmək üçün üzərimizə böyük məsuliyyət düşür", - o deyib.

BMT baş katibinin xüsusi məsləhətçisi Nafis Sadik insan alverinin genişlənməsinə gətirib çıxaran amillər arasında yoxsulluğun və işsizliyin mühüm rolu olduğunu bildirib.

O qeyd edib ki, insan alverinə qarşı uğurla mübarizə aparmaq üçün bu sosial bəlanı yaradan amillər aradan qaldırılmalıdır: "Təəssüf ki, bu gün narkotiklərə qarşı mübarizəyə diqqət yetirildiyi qədər insan alverinə fikir verilmir. Bu da insan alverinə qarşı mübarizənin səmərəliliyini azaldır".

Məşhur aktrisa, "Oskar" mükafatçısı, UNODC-nin insan alverinə qarşı qlobal mübarizə üzrə sülhməramlı səfiri Mira Sorvino çıxışında insan alverinə qarşı mübarizə işinə kitablar, sənədli filmlər vasitəsilə töhfə verilməsi məsələsindən danışıb.

Sorvino qeyd edib ki, insan alverinə qarşı mübarizədə sosial medianın imkanlarından istifadə edilməsi vacibdir.

Müzakirələrdə hәmçinin bildirilib ki, köləliyin müasir forması kimi təsvir edilən insan alveri cinayətdir və beynəlxalq insan haqlarının pozulmasıdır və bir ildə 36 milyard dollar gəlir gәtirir. Çıxışçılar insan alverinə qarşı daha təsirli mexanizmlər yaradılmasının vacibliyini qeyd ediblәr.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti