...

Azərbaycanda yeni hərbi tibbi klinikaların yaradılması gözlənilir

Siyasət Materials 16 May 2013 11:57 (UTC +04:00)
Azərbaycanda hərbi çağırışçıların tibbi yoxlamadan keçmə formasının kökündən dəyişdirilməsi təklif olunur.
Azərbaycanda yeni hərbi tibbi klinikaların yaradılması gözlənilir

Azərbaycan, Bakı, 16 may / Trend, müxbir M.Əliyev/

Azərbaycanda hərbi çağırışçıların tibbi yoxlamadan keçmə formasının kökündən dəyişdirilməsi təklif olunur.

Millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Trend-ə bildirib ki, hazırda hərbi komissarlıqların çevrəsində icra qurumunun qərarı ilə yaradılan hərbi tibbi komissiyalarda problemlər var:

"Bu problemlərin həlli üçün yeni hərbi tibbi klinikalar yaradılmalıdır və yaxud bütün rayonlarda fəaliyyət göstərən müasir diaqnostika mərkəzlərində hərbi yoxlama mərkəzləri təsis edilməlidir. Həmin mərkəzlər mütəmadi olaraq, hərbi xidmət yaşınadək ərazidə qeydiyyatda olan gəncləri müayinə etməlidir. Tək hərbi çağırışla bağlı deyil, ümumiyyətlə millətin gələcək nəslinin həyatını bu klinikalar həll etməlidir".

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, hərbi tibbi komissiyalar cari dövr üzrə yerli rayon İcra hakimiyyətlərinin qərarı ilə müxtəlif aidiyyəti şəxslərdən ibarət olaraq təşkil olunur, komissiyaya müxtəlif müəssisələrdən müxtəlif sahələr üzrə həkimlər, ekspertlər dəvət edilir.

Millət vəkili qeyd edib ki, digər ölkələrdən fərqli olaraq Azərbaycan üçün tibbi komissiyaların mükəmməl fəaliyyəti daha da önəmlidir:

"Bizim öyündüyümüz 9 iqlim qurşağı fərqli coğrafiyada yerləşən şəxslərin həyat tərzinə uyğun gəlməyən məkanlarda xidmət etməsinə vadar edir. Bu da arandan dağa, dağlıq bölgələrindən arana xidmət etməyə yollanan, həssaslığı olan hərbi çağırışçıda qan təzyiqin aşağı düşməsi və ya yuxarı qalxması, həmçinin digər problemlərin üzə çıxmasına səbəb olur".

O qeyd edib ki, bir sıra hallarda hər hansı bir hərbi hissədəki şəraitdən, kəskin dəyişən qida rejimindən asılı olaraq əsgərdə genetik olan və ya uşaqlıqda qazanılan xəstəliklər özünü biruzə verir ki, hazırda fəaliyyət göstərən hərbi tibbi komissiyalar onları aşkarlamaq iqtidarında deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti