...

Azərbaycanın hakim partiyası internetdə təhqir və böhtanlara görə məsuliyyətin müəyyən edilməsi məsələsində mövqeyini açıqlayıb

Siyasət Materials 16 May 2013 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı hesab edir ki, internetdə təhqir və böhtanlara görə məsuliyyəti müəyyən edən müddəaların da qanunvericiliyə daxil edilməsi tamamilə məntiqidir.

"Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən mətbuat üzərində dövlət nəzarəti tam aradan qaldırılıb. Bu gün Azərbaycan mətbuat azadlığı baxımından dünya ölkələri arasında ilk onluğa daxil olmaq iqtidarındadır. Eyni zamanda, ölkəmizdə internetdə, sosial şəbəkələrdə də tam azad fəaliyyət təmin edilib. Bütün bunlarla yanaşı, internetdə təhqir və böhtanlara görə məsuliyyəti müəyyən edən müddəaların da qanunvericiliyə daxil edilməsi tamamilə məntiqlidir", - Trend-in məlumatına görə, bu barədə Qurbanlı YAP-ın rəsmi saytına deyib.

Qurbanlı bildirib ki, internetdə hər kəs istədiyi məlumatı yaymaq, istədiyi mövzuda müzakirlər açmaq, ayrı-ayrı mövzularla bağlı fikir bildirmək imkanına malikdir.

Dünyanın bütün ölkələrində internetlə bağlı geniş müzakirlərin getdiyini deyən Qurbanlının sözlərinə görə, ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələrdə də internet azadlığı ilə bağlı müxtəlif diskussiyaların aparılmasını görməkdəyik. Onun fikrincə, internetdəki azadlıq müəyyən mənada məsuliyyət məsələsini də gündəmə gətirib:

"Necə ki, mətbuat azadlığı onun müəyyən məsuliyyətini də özü ilə bərabər yaradıb. Belə ki, bu gün istənilən ölkədə mətbuat azadlığı müvafiq qanunlarla tənzimlənir. Bununla bağlı jurnailistlərin beynəlxalq təşkilatlarının da qəbul etdikləri sənədlər var. Mətbuat sırf jurnalistika ilə bağlı sahədir. Jurnalistlərin bu və digər məsələyə yanaşma tərzi var. İnternet isə tamamilə fərqlidir, ondan təkcə jurnailistlər yox, bütün insanlar istifadə edir. Ona görə də, mətbuatla interneti eyniləşdirmək olmaz".

O qeyd edib ki, hansısa qəzetin rəhbəri və kollektivi var, həmin qəzetdə gedən materiallara görə qəzetin rəhbərliyi, yazı müəllifləri hüquqi cəhətdən məsuliyyət daşıyırlar. Amma internetdə belə deyil, internet çox geniş imkanlara malikdir.

"Bu baxımdan, internetdə yayılan məlumatlarla əlaqədar məsuliyyət məsələsi gündəmdədir və bu müzakirələr hələ də davam edir. Bir sıra ölkələrdə internetdə yayılan məlumatlara görə məsuliyyət müəyyən edən qayda-qanunlar qəbul olunub".

Onun sözlərinə görə, internetdə insanların şərəf və ləyaqətini alçaldan, şəxsiyyətinə toxunan fikirlər, məlumatlar eləcə də, başqaları haqda təhqir və böhtanlar bütün dünyada baş verir:

"Ona görə də, bu hərəkətlərə yol verənlərin məsuliyyət məsələsi gündəmdədir. Hazırda internetdə yayılan fikirlərə görə heç kim məsuliyyət daşımır. Kimlərsə, başqa ad altında sosial şəbəkələrdə insanları təhqir edir, böhtan atır və s. Bu hərəkətlərə görə cavabdehlik lazımdırmı? Əgər kimsə deyirsə ki, internetdə belə hallara görə cavabdehlik lazım deyil, onda həmin şəxs özü haqqında təhqiredici fikirlərin müqabilində gərək sussun. Hər kəs müəyyən hadisənin öz başına gəldikdə, bu hadisənin nədən qaynaqlandığını araşdırmaq istəyir. Amma belə olmamalıdır. Bu baxımdan, Milli Məclis tərəfindən internetdə bu kimi hallara qarşı qanunvericiliyə etdiyi yeniliklər tamamilə doğru addımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti