Azərbaycan, Bakı, 20 may /Trend, müxbir M.Əliyev/
İranın xarici işlər naziri Əli Əkbər Salehi yaxın vaxtlarda Azərbaycana səfər edəcək.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və iranlı həmkarı Əli Əkbər Salehi arasında telefon danışığı zamanı ikitərəfli və regional məsələlər müzakirə edilib. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.
Məmmədyarov Salehini Azərbaycana səfərə dəvət edib.
Telefon danışığı İran XİN rəhbərinin təşəbbüsü ilə baş tutub.
Nazirlər, həmçinin mayın 29-da Tehranda keçiriləcək "Suriyanın dostları" görüşünü müzakirə ediblər.