Azərbaycanda rəsmi səfərdə olan İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulatellə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub.
Nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər Xiyabanını ziyarət ediblər.
Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimində hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Geniştərkibli görüşdə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev müstəqillik qazandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin inkişaf yolu, ordunun müasir standartlara uyğunlaşdırılması və NATO ilə əlaqələrin genişləndirilməsi istiqamətində əldə edilən müsbət nəticələrdən ətraflı söhbət açıb. Nazir İspaniya Krallığının Müdafiə Nazirliyi ilə əməkdaşlığın üstünlükləri barədə də öz fikirlərini bildirib.
General-polkovnik Səfər Əbiyev regionda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri barədə ispaniyalı həmkarını məlumatlandırıb. O qeyd edib ki, Azərbaycan torpaqlarının 20 il işğal altında olmasına baxmayaraq təcavüzkar Ermənistan geri çəkilmək istəmir:
"Buna görə də Azərbaycan bu gün bütün vasitələrlə Silahlı Qüvvələrini gücləndirmək məcburiyyətində qalıb. BMT-nin qəbul etdiyi dörd qətnamə indiyəcən icra olunmayıb. Minsk qrupunun fəaliyyəti də göründüyü kimi nəticəsizdir".
İspaniya Krallığının müdafiə naziri verilən məlumatlardan təəccübünü gizlətməyərək bildirib ki, əgər BMT işğal faktoru ilə bağlı 4 qətnamə qəbul edibsə və həmin qətnamələr icrasız qalıbsa, bunun gələcəkdə hansı ağır vəziyyətlər yarada biləcəyini düşünmək çətin deyil:
"Mən bu qətnamələrin icrasının tərəfdarıyam. Çünki səbrin tükəndiyi an daha dəhşətli mənzərələr yarana bilər. Mən bunu başa düşürəm. Ona görə də, bir daha təkrar edirəm ki, sülhə yönələn BMT qətnamələri sərt şəkildə yerinə yetirilməlidir".
Əməkdaşlığın geniş aspektləri ilə bağlı aparılan fikir mübadiləsi zamanı belə nəticəyə gəlinib ki, hər iki ölkənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq barədə sazişin imzalanması zəruridir.
Görüşdə İspaniya Krallığının Müdafiə Qərargahının rəisi admiral Fernando Qarsia Sançes və hər iki ölkənin fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.