...

Ramil Usubov: Vətəndaş hüquqlarını pozduqlarına görə 1300-dən çox polis əməkdaşı cəzalandırılıb

Siyasət Materials 23 May 2013 20:41 (UTC +04:00)
Təkcə son 5 il və cari ilin I rübü ərzində vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1327 əməkdaş cəzalandırılıb, o cümlədən 99 nəfər tutduğu vəzifədən azad olunub, 100 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 19 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.
Ramil Usubov: Vətəndaş hüquqlarını pozduqlarına görə 1300-dən çox polis əməkdaşı cəzalandırılıb

Azərbaycan, Bakı, 23 may /Trend/

Təkcə son 5 il və cari ilin I rübü ərzində vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1327 əməkdaş cəzalandırılıb, o cümlədən 99 nəfər tutduğu vəzifədən azad olunub, 100 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 19 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov cümə axşamı ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieksi ilə görüşündə bildirib.

Nazir qeyd edib ki, polis orqanlarının müvəqqəti saxlama yerlərinin (MSY) müasir standartlara uyğun yenidən qurulması yönümündə də zəruri tədbirlər görülür: "2000-ci ildən indiyədək respublikanın 32 şəhər/rayon polis orqanlarında yeni müvəqqəti saxlama yerləri inşa olunub, 51 MSY-də isə əsaslı təmir işləri aparılıb. Son üç il ərzində ATƏT, Beynəlxalq Qızıl Xaç Komitəsi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi, Ombudsman Aparatı, digər dövlət və ictimai qurumlar tərəfindən müvəqqəti saxlama yerlərində 1181 monitorinq keçirilib".

Bildirilib ki, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından yaradılmış 102 Xidməti də fəaliyyətin məhz insan meyarı kimi ali prinsip üzərində qurulmasına, eyni zamanda, ərazi polis orqanlarına daxil olan siqnallara çevik reaksiya verilməsinə, bu prosesə mərkəzləşdirilmiş nəzarətin həyata keçirilməsinə xidmət edir. Bununla bərabər, əhalinin təhlükəsizliyinin qorunması, hüquq qaydasına riayət edilməsinə videonəzarətin həyata keçirilməsi, fasiləsiz və canlı izlənilməsi, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarının yerinə yetirilməsi məqsədilə Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Sistemi də yaradılıb. Nazirlikdə fəaliyyət göstərən "Qaynar xətt", elektron poçt ünvanı da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətlərin nəzarətə götürülərək operativ həllində böyük rol oynayır.

Daxili işlər naziri Avropa Şurası komissarının nəzərinə onu da çatdırıb ki, polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər DİN-in aidiyyəti idarəsi tərəfindən operativ və obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunur və müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti