Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İzzət/
QHT-lərə Dövlət Dəstəyi Şurası Litvanın Avropa İttifaqına sədrliyi ilə əlaqədar keçiriləcək beynəlxalq konfransa dəstək verəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şura Demokratik Siyasət İnstitutu və Avropa Parlamentinin Xalq Partiyası siyasi qrupu ilə birgə iyunun 6-dan 8-dək Vilnüs şəhərində keçiriləcək Litvanın Aİ-yə sədrliyinə həsr edilən "Dəyərlər və siyasət: Avropanın xristian kökləri" adlı beynəlxalq konfransın təşkilində iştirak edəcək.
Beynəlxalq tədbirdə Avropa Parlamentinin, AVRONEST PA-nın üzvlərinin, nüfuzlu dövlət xadimləri və diplomatların iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, iyunun 1-dən Avropa İttifaqına Litva sədrlik edəcək. Göstərilən tarixdən sonra ilk dəfə təşkil olunan bu mühüm beynəlxalq konfransda Avropanın nüfuzlu siyasi şəxsləri adıçəkilən qitənin gələcək prioritet istiqamətləri ilə bağlı müzakirələr aparacaqlar.