...

"Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış" mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Siyasət Materials 5 İyun 2013 18:21 (UTC +04:00)
Trend İnformasiya Agentliyində "Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış" mövzusunda "dəyirmi masa" keçirilib.
"Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış" mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Azərbaycan, Baku, 5 iyun /Trend, müxbir S.Əhmədova/

Trend İnformasiya Agentliyində "Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış" mövzusunda "dəyirmi masa" keçirilib.

"Dəyirmi masa"da İranın Azərbaycandakı səfiri Möhsün Pakayin, millət vəkili Aydın Mirzəzadə, Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Elçin Hüseynov və KİV nümayəndələri iştirak ediblər.

Pakayin Azərbaycanın ümummilli lideri Heydər Əliyev barədə yazdığı silsilə məqalələrdən söz açaraq bildirib ki, indiyə kimi 7 məqalə dərc olunub və ümummilli liderin 91 illik yubileyi münasibətilə həmin məqalələr toplusu kitab kimi çap ediləcək.

Səfir, həmçinin Heydər Əliyevin uzaqgörən siyasətindən, İran-Azərbaycan münasibətlərinə baxışından danışıb. O, qeyd edib ki, Heydər Əliyevin baxışları ictimaiyyət tərəfindən hər zaman dəstəklənib.

Pakayin bildirib ki, iki qonşu ölkə olan Azərbaycan və İran arasında əbədi və dostluq münasibətləri mövcuddur: "Mən Azərbaycana səfir kimi gələndən sonra gördüm ki, Heydər Əliyev baxışları hələ də Azərbaycanda davam edir və bu məqaləni yazmaqla istədim ki, o dahi şəxsiyyətin İran və Azərbaycan münasibətləri ilə bağlı fikirlərini yenidən xatırladım".

"Dəyirmi masa"da çıxış edən millət vəkili Aydın Mirzəzadə də ümummilli liderin Azərbaycan və İran münasibətlərinə verdiyi böyük əhəmiyyətdən danışıb: "Heydər Əliyev məsələyə həm tarixi, həm də perspektiv tərəfdən baxmağı bacaran nadir şəxsiyyətlərdən idi. Heydər Əliyev siyasətinin nəticəsi göz qabağındadır - güclü, müstəqil və dinamik Azərbaycan. Heydər Əliyev baxışlarında Azərbaycanın uğurlarının əsasları var".

Millət vəkili bildirib ki, Azərbaycan öz dəyərlərini qoruyan, eyni zamanda, dünyaya açıq olan bir ölkədir.

A.Mirzəzadə qeyd edib ki, Heydər Əliyevin prezidentliyi dövründə İranla münasibətlər daha da möhkəmlənib, güclənib. Heydər Əliyevin prezidentliyi dövründə ticarət dövriyyəsi artıb və sərhədyanı ticarətə böyük əhəmiyyət verilib: "Bunun nəticəsidir ki, iki dövlət dost və qardaşdır. İki dövlət arasında həll edilməyən, gərgin məsələlər olmayıb. Bütün çətin məsələlərdə Azərbaycan İranı öz yanında görür və İranı özünə dost ölkə bilir. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycanın ərazisindən heç bir zaman İrana qarşı istifadə olunmayacaq".

Onun fikrincə, iki ölkə arasında ticarət, rəsmi və humanitar əlaqələr genişlənməlidir: "Xarici ölkə səfirləri arasında çox az görmüşəm ki, kimlərsə Azərbaycanla bağlı öz fikirlərini məqalə şəklində yazsın, hörmətli Pakayinin bu cür məqalələr yazması onun öz işinə çox məsuliyyətlə yanaşmasının göstəricisidir. Cənab səfir vurğuladı ki, Azərbaycana gələndən sonra Heydər Əliyev baxışlarının davam etdiyini görüb. Çox düzgün vurğuladı, biz o dahi şəxsiyyətin baxışlarında Azərbaycanın uğurunun əsaslarını görürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti