...

15 İyun - Milli Qurtuluş Gününün 20-ci ildönümü qeyd edilib

Siyasət Materials 13 İyun 2013 19:33 (UTC +04:00)
Bu gün "Four Seasons Hotel"də 15 İyun - Milli Qurtuluş Gününün 20-ci ildönümü münasibətilə tədbir keçirilib.
15 İyun - Milli Qurtuluş Gününün 20-ci ildönümü qeyd edilib

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün "Four Seasons Hotel"də 15 İyun - Milli Qurtuluş Gününün 20-ci ildönümü münasibətilə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov, partiyanın icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Milli Məclisin sədr müavinləri Ziyafət Əsgərov, Bahar Muradova, millət vəkilləri, ziyalılar və s. iştirak ediblər.

Azərbaycan xalqını, YAP-ın 600 min üzvünü 15 İyun - Milli Qurtuluş Gününün 20-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edən YAP-ın sədr müavini - icra katibi, millət vəkili Əli Əhmədov deyib ki, bu tarix Azərbaycan xalqı üçün çox əlamətdar günlərdən biridir: "Azərbaycanın müasir tarixi ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışından sonra başlayıb. Bu qayıdışla Azərbaycanın xaos, anarxiya, özbaşınalıqdan xilas edilməsi ilə yanaşı, müasir inkişafımızın, rifahımızın, bir sözlə, yüksəlişin, bütün sahələrdə əmin-amanlığın, sabitliyin təmin olunması, iqtisadi tənəzzülün qarşısının alınması ümummilli lider Heydər Əliyevin geniş fəaliyyətinin, fədakarlığının bilavasitə nəticəsidir. Ötən 20 il ərzində Heydər Əliyevin rəhbərliyi altında ölkəmiz yüksək inkişaf edib, yeni Azərbaycanın qurulmasına nail olunub, 2003-cü ildən bu yana isə Prezident İlham Əliyevin rəhbərliyi altında yeni proseslər həyata keçirilib".

Əli Əhmədov qeyd edib ki, dahi şəxsiyyətin tarixi qayıdışının nəticəsi məhz bugünkü dünyanın ən dinamik iqtisadiyyatına malik, müasirləşən, yeniləşən, dünyada mövqeləri gündən-günə güclənən, möhkəmlənən və öz haqqını tələb edən Azərbaycandır: "Bu gün Azərbaycan vətəndaşları gələcəyə inamla baxır. Məhz bu inamın uğurlu nəticəsidir ki, ölkəmizin əhalisinin mütləq əksəriyyəti dövlət başçısı İlham Əliyevin növbəti beş il üçün də prezident kimi namizədliyini dəstəkləyir".

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova isə bildirib ki, 20 il bundan əvvəl Azərbaycanın ictimai-siyasi durumu həddən artıq gərgin, vətəndaşlar, siyasi qurumlar arasındakı ziddiyyətlər dərin, insanların sabaha inamsızlığı, Azərbaycanın ərazilərinin bir-birinin ardınca işğala məruz qalması, ölkə daxilində separatizm mövcud idi. Çünki Azərbaycanın elan olunan müstəqilliyi yalnız kağız üzərində qalmışdı və bu müstəqilliyi təmin edəcək hansısa ciddi addımlar atılmamışdı: "Belə bir vaxtda Azərbaycanı düşdüyü durumdan çıxarmaq üçün yollar aranırdı. Azərbaycanın düşünən beyinləri vəziyyətdən çıxış yolu arayaraq istiqaməti düzgün müəyyənləşdirdilər. İnsanlar ümummilli liderə ümid çırağı kimi baxırdılar və onun Azərbaycana qayıdışını təmin etmək istəyirdilər. Heydər Əliyev Azərbaycanı düşdüyü vəziyyətdən çıxarmaq üçün ölkədə hakimiyyətə gəldi və Azərbaycan xalqının çoxəsrlik müstəqillik arzusunu həyata keçirdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti