Azərbaycan, Bakı, 30 iyun /Trend/
Misir Prezidenti Məhəmməd Mursinin bütün əleyhdarları dövlət başçısını növbədənkənar prezident seçkilərini elan etməyə məcbur etmək üçün bu gün ölkənin şəhərlərində küçələrə çıxmalıdır. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Nobel Sülh Mükafatı laureatı (2005), "əd-Düstur" partiyasının lideri Məhəmməd əl-Baradeyi deyib.
Onun sözlərinə görə, ölkənin müvəffəqiyyətsizliyə uğramasına yalnız Prezidentin təkbaşına idarə edən "Müsəlman qardaşlar"dan olması deyil, hakim rejimin qənaətbəxş olmaması səbəb oldu.
Əl-Baradeyi bildirib: "Biz Mursiyə ölkəni irəliyə aparmağa imkan verdik, lakin o buna qadir deyil. Ölkə uçuruma yuvarlanır. Bu, inqilab deyil".
Qeyd edək ki, Misir Ərəb Respublikasında bu gün Məhəmməd Mursinin Prezident seçilməsinin bir ili tamam olur. Onun on minlərlə əleyhdarı dövlət başçısına inamsızlığı ifadə etmək və Mursinin istefasını tələb etmək üçün ölkənin şəhərlərində küçələrə axışmaq niyyətindədir.