...

Azərbaycanın gənc alimləri İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər (FOTO)

Siyasət Materials 10 İyul 2013 14:16 (UTC +04:00)
Azərbaycanın gənc alimləri Azərbaycan Milli Elmlər Akademiyasının Gənc alimlərinin Ümumi Yığıncağında bu il keçiriləcək prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini dəstəkləmək barədə bəyanat qəbul ediblər.
Azərbaycanın gənc alimləri İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın gənc alimləri Azərbaycan Milli Elmlər Akademiyasının Gənc alimlərinin Ümumi Yığıncağında bu il keçiriləcək prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini dəstəkləmək barədə bəyanat qəbul ediblər.

Trend-in məlumatına görə, yığıncaqda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Azərbaycanın bütün gənc alimlərini 2013-cü il prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb: "Biz əminik ki, Azərbaycan dövlətini və cəmiyyətini intellektin və mənəvi dəyərlərin işığında gələcəyə apara biləcək ən layiqli sima İlham Əliyevdir". Natiq çıxışının sonunda Azərbaycan gəncliyinə intellektini, innovativ təfəkkürünü, dövlətçilik şüurunu və mənəvi keyfiyyətlərini həmişə xalqın və dövlətin inkişafına yönəltməyi tövsiyə edib.

AMEA prezidenti bildirib ki, Azərbaycanda modernləşmə istiqamətində həyata keçirilən ardıcıl siyasət özünün yeni intellektual səviyyəsinə qalxıb. "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında intellektual sərvətin qorunması işində ölkə gəncliyinin üzərinə böyük vəzifələr qoyulur: "Bu vəzifələrin həyata keçirilməsi gənclərin innovativ fəallığının yüksəldilməsini tələb edir. Gənclər beynəlxalq elmi əməkdaşlıqlarını genişləndirmək və dünya elminə inteqrasiya etmək üçün informasiya-kommunikasiya texnologiyaları sahəsindəki biliklərini və xarici dil qabiliyyətlərini də artırmalıdırlar. Onlar dünyanın qabaqcıl elmi mərkəzlərinə ezamiyyətlərə göndərilməli, əvəzində dünyanın qabaqcıl biliklərini Azərbaycana gətirməlidirlər. İslahatlar strategiyasında alimlərin xarici dil qabiliyyətlərinin zəif olması faktı ciddi surətdə nəzərə alınacaq, xüsusi tədbirlər planı çərçivəsində bu çatışmazlıq aradan qaldırılacaq. Gənc və perspektivli alimlər Akademiyada idarəetməyə daha aktiv cəlb olunmalıdır".

AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin (GİİM) direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov akademiyanın gənc alimlərinin son 5 ildəki uğur və nailiyyətlərindən danışıb. O bildirib ki, gənc alimlər Azərbaycanda və xaricdə mötəbər beynəlxalq konfrans, seminar və layihələrdə iştirak edir, yüksək impakt faktorlu jurnallarda elmi məqalələr dərc etdirirlər.

Mərkəz rəhbəri gənc alimlərin sosial problemlərinə də toxunub. O, "Elm siyasəti haqqında" qanunun qəbulunun zəruriliyini vurğulayıb. GİİM-in rəhbəri bu sənədin gənc alimlərin sosial problemlərinin həlli, o cümlədən fəlsəfə doktoru və elmlər doktoru dərəcələrinə görə verilən əlavə vəsait məbləğinin, həmçinin ekspedisiyalara ayrılan maliyyənin artırılmasına müsbət təsir göstərəcəyinə ümid etdiyini söyləyib. İ.Orucov Elm gününün təsis olunmasının da əhəmiyyətini vurğulayıb.

Natiq alimlərin mənzil təminatının da aktual problemlərdən olduğunu deyib. Onun sözlərinə görə, elmi dərəcəsi olan şəxslər güzəştli ipoteka krediti almaq imkanından lazımınca yararlana bilmirlər. Prezidentin ehtiyat fondundan vəsait ayrılması alimlər üçün çoxmənzilli binanın tikilməsi probleminin həllində yardımçı ola bilər.

İ.Orucov doktorantura və magistratura müddətində oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi təşəbbüsünü də irəli sürərək, bunun elmin inkişafı üçün əhəmiyyətli olduğunu söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti