...

Prezident İlham Əliyev: Bu rübdə vətəndaşların pensiyaları, əməkhaqları artırılacaq (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 19 İyul 2013 02:02 (UTC +04:00)
İlin altı ayı çox müsbət keçib, göstəricilər çox müsbətdir. Bu altı ayda Azərbaycan dinamik inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub. Bu göstəricilər deməyə əsas verir ki, bu müsbət dinamika ilin sonuna qədər də qorunacaqdır. Ən əsas iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Trend-in məlumatına görə, bunu iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib.
Prezident İlham Əliyev: Bu rübdə vətəndaşların pensiyaları, əməkhaqları  artırılacaq (FOTO) (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

İlin altı ayı çox müsbət keçib, göstəricilər çox müsbətdir. Bu altı ayda Azərbaycan dinamik inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub. Bu göstəricilər deməyə əsas verir ki, bu müsbət dinamika ilin sonuna qədər də qorunacaqdır. Ən əsas iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Trend-in məlumatına görə, bunu iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib.

Prezident hesab edir ki, Azərbaycanda iqtisadi artım bu il də dünya miqyasında nümunə ola bilər: "Ümumi daxili məhsul 5 faiz artmışdır və ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz təxminən 11 faiz artmışdır. Bu, son illər ərzində Azərbaycanda görülmüş işlərin, düzgün aparılan iqtisadi islahatların nəticəsidir. Bu göstəricilər, deyə bilərəm ki, dünya miqyasında ən yüksək səviyyədədir. Çünki bizim əsas hədəfimiz bu gün qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir və hesab edirəm ki, bu istiqamətdə çox ciddi nailiyyətlər əldə edilib.
Hesab edirəm ki, biz bir müddət bundan əvvəl növbəti 10 il ərzində qeyri-neft sektorumuzu 2 dəfə artırmaq barədə qarşımıza qoyduğumuz məqsədə çatacağıq. Qeyri-neft sektorunun artması əlbəttə ki, bizi çox sevindirir, eyni zamanda, ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür. Ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir və hesab edirəm ki, növbəti illərdə bu inkişaf özünü daha da qabarıq şəkildə göstərəcəkdir. Çünki bu gün icra edilən və icrasını gözləyən layihələr növbəti illərdə güclü qeyri-neft sektorumuzun yaranmasına gətirib çıxaracaqdır. Əlbəttə ki, 11 faiz səviyyəsində artan qeyri-neft iqtisadiyyatımız bütün işlərə çox gözəl təkan verir. Əlbəttə ki, iqtisadiyyatımızın əsas sahəsi neft sektorudur. Ancaq son müddət ərzində ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda formalaşır ki, bu da aparılan islahatların məntiqi nəticəsidir".

Dövlət başçısı qeyd edib ki, kənd təsərrüfatı da təxminən 5 faiz səviyyəsində artıb: "Bu da yaxşı artımdır. Hesab edirəm ki, növbəti illərdə bu artım daha da güclü olmalıdır. Bunu etmək üçün indi əlavə tədbirlər görülür. İnvestisiya qoyuluşu bizi sevindirir. İlin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulmuşdur. Bunun böyük hissəsi daxili sərmayədir, təqribən 7 milyard. Beş milyard isə xarici sərmayələrdir. Bu da çox vacib məsələdir. Çünki uzun illərdir Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır, bax, altı ayda qoyulan bu 5 milyard xarici sərmayə bunu bir daha təsdiqləyir".

İlham Əliyev bildirib ki, hər bir ölkə üçün xarici investisiyalar önəmli rol oynayır: "Baxmayaraq ki, özümüzün də indi kifayət qədər böyük maddi imkanlarımız var, yenə də xarici investorların Azərbaycana olan inamı və xarici investisiyaların qoyuluşu ölkənin ümumi inkişafını əks etdirir. Əlbəttə ki, beynəlxalq maliyyə qurumlarına da ciddi siqnal göndərir ki, Azərbaycanda iqtisadi sahədə çox müsbət vəziyyət yaranmışdır. Eyni zamanda, son illər ərzində daxili investisiyalar xarici investisiyaları üstələyir. Bu da bizim məqsədimiz idi. Bir neçə il bundan əvvəl qarşıya bu məqsəd qoyulmuşdu və biz buna çatmışıq.
Düzdür, daxili investisiyalar daha çox dövlət xərcləri hesabına formalaşır. Ancaq özəl sektor da tədricən öz investisiya imkanlarını artırır. Şübhə etmirəm ki, vaxt gələcək Azərbaycan iqtisadiyyatına yatırılan daxili investisiyaların böyük hissəsi özəl qurumlar tərəfindən qoyulacaqdır. Buna nail olmaq üçün əlbəttə ki, özəl qurumlar daha da fəal işləməlidir, daha da böyük güc toplamalıdırlar. Dövlət isə öz tərəfindən onlara bütün lazımi dəstəyi göstərir. Azərbaycanda gözlənilən nəhəng enerji layihələri, eyni zamanda, özəl sektorun da inkişafına təkan verəcəkdir. Çünki Azərbaycanın neft-qaz sektorunun işlənilməsi ilə bağlı nəzərdə tutulan nəhəng layihələr 10 milyard dollarla ölçülür. Bu sifarişlərin böyük əksəriyyəti hesab edirəm ki, Azərbaycanda reallaşmalıdır. Artıq Azərbaycanda güclü sənaye imkanları da vardır. Belə olan halda yerli şirkətlər üçün əlavə imkanlar yaranacaq və onlar da bu imkanlardan səmərəli şəkildə istifadə edəcəklər".

Dövlət başçısı hesab edir ki, 12,6 milyard dollar səviyyəsində qoyulan sərmayə çox gözəl göstəricidir: "Əgər biz bu tempi saxlaya bilsək, ilin sonuna qədər sərmayələrin səviyyəsi təqribən 25 milyard dollara çatacaqdır. İlin əvvəlində mən qarşıya vəzifə qoymuşdum ki, bu il Azərbaycana qoyulacaq sərmayə keçən ildən az olmamalıdır. Keçən il 20 milyard dollardan çox vəsait qoyulmuşdur. Ancaq biz artıq görürük ki, keçən ildən daha da çox sərmayə qoyulacaqdır. Qoyulan vəsait - hər manat və ya dollar, avro ölkə iqtisadiyyatına xidmət göstərir, yeni iş yerlərinin açılmasına şərait yaradır, Azərbaycanın iqtisadi qüdrətini artırır. Hər bir ölkə maraqlıdır ki, o ölkəyə sərmayə qoyulsun, o cümlədən Azərbaycan. Baxmayaraq ki, artıq Azərbaycan da öz növbəsində başqa ölkələrin iqtisadiyyatına sərmayələr qoymağa başlamışdır və bu da müasir Azərbaycanın üstünlükləridir. Xüsusilə son bir neçə il ərzində dünyanı, xüsusilə Avropanı bürümüş iqtisadi və maliyyə böhranı şəraitində xarici iqtisadiyyatlara qoyulan vəsait onu göstərir ki, biz doğrudan da, böyük imkanlara malikik. Biz özümüzü çox rahat hiss edirik. Əlbəttə ki, bizim iqtisadi imkanlarımız və siyasi addımlarımız bir-biri ilə bağlıdır və biz gələcəkdə xarici bazarlara nə qədər çox investisiya qoysaq, bölgədə və dünyada siyasi çəkimiz də o qədər artacaqdır. Bu, təbiidir və biz bu yolla gedirik. Deyə bilərəm ki, dünyanın ancaq inkişaf etmiş ölkələri başqa ölkələrin iqtisadiyyatlarına böyük həcmdə sərmayə qoyurlar. Azərbaycan inkişafda olan bir ölkədir. Vaxt gələcək biz də inkişaf etmiş ölkələrin bütün meyarlarına cavab verəcəyik".

Prezident çıxışında xatırladıb ki, Azərbaycanın maddi imkanları, valyuta ehtiyatları artır: "Valyuta ehtiyatlarımız 48 milyard dollardan çoxdur. Bu da çox gözəl göstəricidir. Çünki həm bizə güc, rahatlıq verir, eyni zamanda, -baxmayaraq ki, Azərbaycanda çox böyük investisiya layihələri icra edilir, - biz ildən-ilə öz valyuta ehtiyatlarımızı artırırıq. Şadam ki, bu ilin altı ayında valyuta ehtiyatlarımız azalmır, yerində də durmur, artır və əgər belə getsə, ilin sonuna qədər daha da artacaqdır. Bu göstəriciyə görə də, - həm mütləq rəqəmləri, həm adambaşına düşən valyuta ehtiyatlarının həcmini götürsək, Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bu da son illər ərzində əldə edilmiş uğurların bir hissəsidir".

İlham Əliyevin sözlərinə görə, son illərdə Azərbaycanın dinamik inkişafı reallığa çevrilibdir: "Artıq dünya birliyi bunu görür, qiymətləndirir. Dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda həyata keçirilən islahatları təqdir edir. Azərbaycanda aparılan islahatlar bir çox ölkələr üçün nümunə olmalıdır və deyə bilərəm ki, bir çox ölkələrdə Azərbaycanın təcrübəsi öyrənilir.
Biz öz yolumuzla gedirik. İqtisadi və sosial inkişaf məsələlərini bir paketdə həll edirik. Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Əgər belə olmasaydı, əhalinin gəlirləri artmazdı. Əsaslı iqtisadi islahatlar bir sıra hallarda insanlara çox baha başa gəlir. İnsanlar əziyyət çəkirlər. Biz indi müxtəlif yerlərdə iqtisadiyyatı dirçəltmək, iqtisadi böhrandan çıxmaq üçün daha çox əhali hesabına atılan addımları görürük. İş yerləri ixtisar edilir, maaşlar kəsilir, iş günü uzadılır, pensiya həddi uzadılır. Yəni, bəzi hökumətlər öz iqtisadi vəziyyətini insanların hesabına sağlamlaşdırmaq istəyirlər. Bizdə isə iqtisadi islahatlar köklü xarakter daşıyırdı. Çünki biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid yoluna qədəm qoymuşduq. Bu islahatlar güclü sosial siyasətlə də tamamlanır, dəstəklənir. Belə olan halda təsadüfi deyil ki, hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artmışdır".

Azərbaycanda manatın məzənnəsinin sabit olduğunu deyən dövlət başçısı bildirib ki, bunun ilk növbədə, çox böyük sosial mənası vardır: "Çünki insanların əmanətləri dövlət tərəfindən qorunur. Bu məsələyə gəldikdə deyə bilərəm ki, bu altı ayda əhalinin pul gəlirləri 7 faizdən çox artmışdır. İnflyasiya isə cəmi 2 faiz olmuşdur. Bu da hesab edirəm ki, çox gözəl göstəricidir".

Sosial məsələlərə gəldikdə, İlham Əliyev bildirib ki, bu altı ayda maaşlar artıb: "Bu gün Azərbaycanda orta əməkhaqqı 520 dollar səviyyəsindədir. Orta pensiya 200 dollar səviyyəsindədir. Gələn illərdə bu rəqəmlər artacaqdır. Bu rübdə vətəndaşların pensiyaları da, əməkhaqları da artırılacaqdır. Gələn illərdə də eyni siyasət aparılacaqdır. Bir daha demək istəyirəm ki, iqtisadi islahatlar çox güclü sosial siyasətlə dəstəklənməlidir. Hesab edirəm ki, ölkəmizin bu sahədə əldə etdiyi uğurlar nümunə ola bilər.
Regional inkişaf proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmaqdadır. Regionlara mənim mütəmadi səfərlərim imkan verir ki, vəziyyətlə yerində tanış olum və müvafiq göstərişlər verim. Deyə bilərəm ki, bütün bölgələrdə, bütün rayonlarda çox ciddi inkişaf gedir, canlanma, çox gözəl əhval-ruhiyyə vardır. Quruculuq-abadlıq işləri üstünlük təşkil edir. Rayonlar, kəndlər abadlaşır, böyük sənaye müəssisələri yaradılır. İşsizlik demək olar ki, aradan qaldırılır. Bütövlükdə bu ilin əvvəlində işsizliyin səviyyəsi beş faizdən bir qədər çox idi. Hesab edirəm ki, ilin sonuna qədər bu rəqəm daha da azalacaqdır. Amma o da həqiqətdir ki, 5 faiz səviyyəsində işsizlik istənilən ölkə üçün arzu olunan rəqəmdir. Bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 10 faiz, 15 faiz, 25 faiz səviyyəsinə qalxır. Əlbəttə ki, bu, çox ciddi sosial problemlərə gətirib çıxarır. İşsizliyin aradan qaldırılması 10 il bundan əvvəl qarşıya qoyulmuş ən əsas vəzifələrdən biri idi. On il ərzində 1 milyon 180 min yeni iş yeri açılmışdır. Bu ilin altı ayında 55 min iş yeri yaradılmışdır. Onlardan 45 mini daimi iş yeridir. Yəni, bu proses davam edir və bu da təbiidir. Çünki bizim iqtisadi siyasətlə bağlı təşəbbüslərimiz, o cümlədən Azərbaycanda aparılan sənayeləşmə siyasəti əlbəttə ki, yeni iş yerlərinin açılmasına gətirib çıxarır".

Prezident bildirib ki, regional inkişaf üzrə ikinci dövlət proqramı bu il başa çatır: "Bu proqram artıqlaması ilə yerinə yetirilibdir. Eyni zamanda, "Bakının və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı" Dövlət Proqramı icra edilir. Bu proqram nəticəsində Bakıətrafı qəsəbələrdə çox böyük işlər görülür, işlər davam etdirilir. Proqram bu ilin sonuna qədər başa çatmalıdır. Əlbəttə ki, ondan sonrakı illərdə də biz bu məsələyə daim diqqət göstərəcəyik.
Deyə bilərəm ki, keçən rübdə Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu da Azərbaycanın, Bakının dünya miqyasında bir siyasi, iqtisadi, mədəni mərkəzə çevrilməsinə xidmət göstərmişdir. Bu tədbirlər çoxsaylı idi. Onların hamısını sadalamağa vaxt çatmaz. Sadəcə olaraq mən bir neçə əlamətdar tədbiri qeyd etmək istərdim. Birinci növbədə Azərbaycanda ilk dəfə olaraq Davos Forumu keçirilmişdir. Bu da ölkəyə verilən böyük dəyər kimi qiymətləndirilməlidir. Davos Forumu dünya miqyasında bir nömrəli forumdur. Bu, təkcə iqtisadi forum deyil, baxmayaraq ki, adı Dünya İqtisadi Forumudur. Bu siyasi və iqtisadi forumdur. Bu Forumun Azərbaycanda keçirilməsi əlbəttə ki, böyük məsuliyyət idi. Şadam ki, bu Forum ən yüksək səviyyədə keçirilmişdir.
Bütövlükdə deyə bilərəm ki, son bir neçə il ərzində Azərbaycan Davosda keçirilən forumlarda fəal iştirak edir və diqqət mərkəzində olur. Azərbaycanın inkişaf dinamikası, əldə edilmiş uğurlar Davos Forumunda kifayət qədər geniş işıqlandırılır. Davos Forumunun hesablamalarına görə Azərbaycan dünya miqyasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 46-cı yerdədir. Bu qiymətləndirmə hesab edirəm ki, ən ciddi və ən böyük diqqətə layiq olan qiymətləndirmədir. Çünki bu, dünyanın bir nömrəli Forumu tərəfindən verilən qiymətləndirmədir. Bu Forumun Azərbaycanda keçirilməsi bir daha demək istəyirəm ki, böyük uğurumuz idi. Xüsusilə nəzərə alsaq ki, Forumun mövzusu Qafqaz və Orta Asiyada gedən proseslər, iqtisadi və siyasi vəziyyətlə bağlı idi. Yəni, bu, bir daha göstərir ki, Azərbaycan nəinki coğrafi mərkəzdir, siyasi, iqtisadi və mədəni mərkəzdir".

İlham Əliyev çıxışında daha sonra xatırladıb ki, keçən rübdə Madrid Klubunun toplantısı da Azərbaycanda keçirilmişdir: "Bu da dünya miqyasında mötəbər beynəlxalq təşkilatdır. Çox böyük nüfuza malik olan siyasətçiləri, ictimai xadimləri birləşdirən bir qurumdur. Bu Forum da çox yüksək səviyyədə keçirilmişdir. Bakıda Amerika-Azərbaycan konfransı keçirilmişdir. Hesab edirəm ki, bu da çox əlamətdar hadisə idi. Çünki konfransa federal və ştatlar səviyyəsində olan 300-dən çox senator, konqresmen, ictimai xadim, politoloq yığışmışdır. Burada çox vacib məsələlər müzakirə edilmişdir.
Eyni zamanda, keçən rübdə Bakıda İkinci Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir ki, bu da Azərbaycanın humanitar sahədə, yəni, dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün bir mərkəz kimi formalaşmasına öz xidmətini göstərmişdir. Bu, ikinci forumdur. Onu deməyə əsas verir ki, bu, artıq ənənəvi xarakter daşıyacaqdır. Azərbaycanda bu səpkidən olan tədbirlər vaxtaşırı keçirilir. Dünya Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, digər tədbirlər, dünya dinlərinin liderlərinin zirvə görüşləri keçirilmişdir. Yəni, ölkəmiz siyasi, iqtisadi və humanitar mərkəzə çevrilibdir.
Bu, reallıqdır və bu reallığı biz yaratmışıq öz siyasətimizlə, öz addımlarımızla. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Əlbəttə ki, bu, bizi çox sevindirir və bu, bizim məqsədimiz idi. Əlbəttə, mən bunu dəfələrlə demişəm və son on il ərzində bu siyasəti aparmışam ki, ilk növbədə, bizim bütün səylərimiz daxildə gedən proseslərin müsbət istiqamətdə davam etməsinə yönəlsin və biz bu istiqamətdə çox böyük uğurlara nail olduq".

İlham Əliyevin sözlərinə görə, keçən rübdə enerji siyasətimizlə bağlı çox ciddi hadisələr, deyə bilərəm ki, tarixi hadisələr baş vermişdir: "Cənub" qaz dəhlizinin marşrutu seçildi. Bu tarixi hadisədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri qədər bizim üçün önəmlidir. Bildiyiniz kimi, dünyanın diqqəti Azərbaycana yönəldilmişdir. Azərbaycanda verilən qərarlar əminəm ki, bölgənin gələcək enerji xəritəsinə ciddi dəyişikliklər edəcəkdir. "Cənub" qaz dəhlizinin seçilməsi və bu məsələ ilə bağlı "Şahdəniz" konsorsiumunun vahid mövqeyi çox müsbət hal kimi qiymətləndirilməlidir. Bu layihə bizə imkan verəcək ki, öz qaz potensialımızı maksimum dərəcədə realizə edək və bayaq qeyd etdiyim kimi, Azərbaycan iqtisadiyyatına on milyard dollar səviyyəsində ölçülən investisiyalar qoyulacaqdır.
Biz öz təşəbbüsümüzü əldən vermirik. Enerji sahəsində bizim təşəbbüslərimiz həlledici rol oynayır. Bizim təşəbbüslərimiz əməkdaşlığa yönəldilibdir. Enerji təhlükəsizliyi məsələlərinin həlli bu gün Azərbaycansız mümkün deyildir. Bu da reallıqdır və hesab edirəm ki, hər kəs bunu bilməlidir. Azərbaycanda verilən qərarlar həlledicidir. Azərbaycanda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərinə əvəzsiz töhfədir. Azərbaycanda verilən qərarlar gələcəkdə də bu məsələ ilə bağlı son sözü deyəcəkdir. Bu, reallıqdır. Mən hesab edirəm ki, bunu hamı bilməlidir. Əlbəttə ki, bu, ölkəmizin önəmini daha da artırır, ölkəmizin siyasətinin bölgə üçün və qitə üçün önəmli olduğunu bir daha təsdiqləyir. Bu, bizim üstünlüyümüzdür. Ancaq həmişə dediyim kimi, bu üstünlük göydən düşməyib. Biz özümüz bunu yaratmışıq, - öz fədakar işimizlə, məqsədyönlü siyasətlə, cəsarətli addımlarla. Bu gün enerji məsələlərini siyasi məsələlərdən ayırmaq mümkün deyildir. Əgər bizim siyasi gücümüz, güclü iradəmiz olmasaydı, cəsarətli addımlar atılmasaydı, bunların heç biri mümkün olmazdı. Bunu da hamı bilməlidir".

İlham Əliyev yekun nitqində isə bildirib ki, bu ilin altı ayında görülmüş işlər deməyə əsas verir ki, biz bu yüksək templəri saxlayacağıq və ilin əvvəlində qarşıda duran vəzifələrin hamısını icra edəcəyik: "Biz yüksək templəri saxlamalıyıq, bütün layihələri vaxtında icra etməliyik. Bu il çox böyük Dövlət investisiya proqramı icra edilir. Əminəm ki, ilin sonuna qədər bu Dövlət investisiya Proqramı tam şəkildə icra ediləcəkdir. Bu da öz növbəsində gələcək illər üçün daha da yaxşı zəmin yaradacaqdır. Çünki Dövlət investisiya proqramında nəzərdə tutulan bütün məsələlər öz həllini tapacaqdır".

Dövlət başçısı qeyd edib ki, ölkəmizdə böyük tikinti işləri gedir: "Görülən işlərin bir hissəsi bu gün məruzələrdə də qeyd edildi. Azərbaycan böyük tikinti meydançasıdır, Bakı şəhəri, digər bölgələr abadlaşır, qurulur, eyni zamanda, nəhəng sənaye, infrastruktur layihələri icra edilir. Dövlət investisiya proqramının icrası nəticəsində biz bütün bu məsələləri ardıcıllıqla həll edirik. Proqram üzrə gedirik və ildən-ilə öz investisiya imkanlarımızı da artırırıq.
Qeyd etdiyim kimi, artıq birinci altı ayda 12,6 milyard dollar sərmayə qoyulmuşdur və bu sərmayənin içində əlbəttə ki, dövlət investisiya layihələri də önəmli yer tutur. Biz elə etməliyik ki, bax bu temp gələcək illərdə də saxlanılsın. Çünki baxmayaraq ki, çox işlər görülüb, hələ görüləsi işlər çoxdur və infrastruktur layihələrinin bir hissəsi ya başa çatıb, ya da ki, başa çatmaq üzrədir. Ancaq biz gələn il də investisiya layihələrinə xüsusi diqqət göstərəcəyik. Bunu və eyni zamanda, gözlənilən maaş və pensiyaların artımını nəzərə alaraq biz makroiqtisadi sabitliyə də daim böyük fikir verməliyik. Sevindirici hal ondan ibarətdir ki, ilin əvvəlindən inflyasiya templəri çox aşağıdır. Giriş sözümdə qeyd etdiyim kimi, inflyasiya cəmi 2 faiz təşkil edir. İlin əvvəlində qarşıya vəzifə qoyulmuşdur ki, inflyasiya birrəqəmli olsun və görürük ki, biz buna nail oluruq. Əminəm ki, ilin sonuna qədər inflyasiya məqbul səviyyədə olacaqdır. Ancaq buna nail olmaq üçün biz gərək çox ciddi iş aparaq".

Prezidentin sözlərinə görə, Azərbaycanda dövlət xərcləri, büdcə xərcləri ildən-ilə artır: "Bu gün bu rəqəmlər səsləndi, icmal büdcə də, investisiya layihələri, sosial ödəmələr, maaşlar, pensiyalar da artır. Sovet dövründən qalmış əmanətlərin demək olar ki, mütləq əksəriyyətini qaytarmışıq. Bax, görülən bütün bu işlərin fonunda inflyasiyanı aşağı səviyyədə saxlamaq, əlbəttə ki, böyük nailiyyətdir və mən bunu qiymətləndirirəm. İnflyasiyanın aşağı səviyyədə qalması, ilk növbədə, sosial məna daşıyır. Bu, dövlətin öz vətəndaşlarına olan münasibətini bir daha göstərir.
Bu ilin sonunda ikinci Dövlət Proqramı başa çatmalıdır. Birinci proqram 2004-cü ildə qəbul edilmişdi və artıqlaması ilə icra olunmuşdur. Ondan sonra 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramı qəbul edilmişdir. Artıq proqramın icrasının başa çatmasına bir neçə ay vaxt qalır. Bu gün artıq demək olar ki, bu proqram da artıqlaması ilə icra edilir. Elə etməliyik ki, ilin sonuna qədər bu proqram tam icra edilsin.
Bu proqramların qəbul edilməsi nəticəsində hesab edirəm ki, biz böyük nailiyyətlərə imza atdıq. Bütün görüləcək işlər bu proqramlarda çox dəqiq qaydada göstərilmişdir. Əlbəttə ki, ölkəmizin inkişafı ilə bağlı çox konkret planlarımız vardır. Mən bu planlar haqqında vaxtaşırı öz fikirlərimi bildirirəm. Ancaq bütün bu planları, görüləcək bütün işləri vahid proqramda əks etdirmək, əlbəttə ki, bizim işimizi asanlaşdırdı və eyni zamanda, proqramın icrasına nəzarəti gücləndirdi. Ona görə hesab edirəm ki, bu ilin sonuna qədər bu proqram tam şəkildə icra edilməlidir.
Eyni zamanda, Bakı və onun qəsəbələrinin proqramı da bu ilin sonuna qədər başa çatmalıdır. Bu proqram ikillik proqram idi. İşlər çox qısa müddət ərzində görülməli idi. İşlərin böyük əksəriyyəti görülmüşdür. Bakı qəsəbələrində quruculuq işləri davam edir, infrastruktur layihələri icra edilir, məktəb tikintisi, tibb ocaqlarının tikintisi gedir, qəsəbəarası və qəsəbələrdaxili yollar tikilir və ilin sonuna qədər proqramın böyük hissəsi icra edilməlidir".

İlham Əliyev bildirib ki, növbəti aylarda biz regionlarda kənd yollarının tikintisinə daha da böyük diqqət göstərəcəyik: "Bu gün bu rəqəmlər səsləndi, son illər ərzində kənd yollarının tikintisinə böyük vəsait ayrılmışdır. Kənlərdə yaşayan yüz minlərlə insan bu vəsait hesabına yeni imkanlara malik oldu. Çünki yol həyat, inkişaf, rahatlıq deməkdir. Kənd yollarının tikintisi sırf sosial xarakter daşıyır və biz elə etməliyik ki, növbəti illərdə bütün kənd yollarını normal vəziyyətə gətirə bilək. Hesab edirəm ki, artıq götürülən bu temp əgər saxlanılarsa biz buna nail olacağıq. Bildiyiniz kimi, kənd yollarının tikintisi iki mənbədən maliyyələşir - dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan vəsaitlər ayrılır. İlin sonuna qədər bu proses davam etdiriləcəkdir.
Bütövlükdə yolların tikintisi ilə bağlı çox böyük işlər görülmüşdür, magistral yolların böyük əksəriyyəti demək olar ki, tikilmişdir. Qalan işlər də növbəti illərdə görüləcəkdir. Biz yol təsərrüfatımızı tamamilə yeniləşdirə bilmişik. Son illər ərzində bütün magistral yollarda böyük işlər görülür, rahat yollar salınır. Onlar müasir standartlara cavab verən yollardır. Şəhərlərarası yollara fikir verilir, kənd yolları tikilir. Bu, ölkəmizin inkişafını göstərir və eyni zamanda, infrastruktur layihələri arasında yol tikintisi xüsusi yer tutur. Çünki yol olmasa heç bir inkişafdan, ölkəmizin çoxşaxəli inkişafından, turizmin inkişafından söhbət gedə bilməz".

Dövlət başçısı vurğulayıb ki, yollar, ilk növbədə, insanların rahatlığı üçün tikilir: "Yəni, bu, başlıca məqsəddir və digər bütün məqsədlər də gözlənilir. Ona görə nəqliyyatla bağlı olan məsələlər kompleks şəkildə icra edilir. Dəmir yolunun yenidən qurulması gedir və bu layihə imkan verəcək ki, qatarların sürəti də artsın. İnsanların rahatlığı üçün bu, çox böyük əhəmiyyət daşıyır.
Eyni zamanda, Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin də fəal işləməsi üçün buna böyük ehtiyac vardır. Bakı-Tbilisi-Qars dəmir yolu strateji əhəmiyyətə malik olan layihədir. Mən çox şadam ki, Azərbaycan bu layihənin təşəbbüskarı kimi böyük işləri öz üzərinə götürmüşdür və bu gün yolun tikintisi davam edir. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu nəzərdə tutulmuş vaxtda istismara veriləcəkdir. Bu layihənin iqtisadi baxımdan çox böyük əhəmiyyəti vardır. Azərbaycan bundan sonra artıq tranzit ölkəyə çevriləcəkdir. Biz öz tranzit imkanlarımızı onsuz da artırırıq. Bu gün artıq bizim tranzit imkanlarımız daha da genişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində bu imkanlar daha da genişlənəcəkdir. Bizim coğrafi vəziyyətimiz çox əlverişlidir. Ancaq müasir infrastruktur olmadan bu coğrafi vəziyyət o qədər də böyük əhəmiyyətə malik olmur.
Ona görə nəqliyyat infrastrukturuna qoyulan sərmayə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi ölkəmizin gələcək iqtisadi və siyasi maraqlarını daha da dolğun şəkildə təmin edəcəkdir. Azərbaycanda, Xəzərdə ən böyük dəniz limanı tikilir. Bu da bizim təşəbbüsümüz idi, buna da böyük ehtiyac vardır. Nəzərə alsaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti nəticəsində ən azı 10 milyon artıq yük daşınacaqdır, - yəni, biz bunu gözləyirik, gələcək illərdə bu rəqəm daha da artacaqdır, - əlbəttə ki, müasir dəniz limanına böyük ehtiyac vardır. Eyni zamanda, yeni tikilən dəniz limanı Bakıda, şəhərin mərkəzində yerləşən dəniz limanının şəhərdən köçürülməsinə də imkan yaradacaqdır. O ərazidə ictimai yerlər salınacaqdır".

İlham Əliyevin sözlərinə görə, ümumiyyətlə, son illər ərzində Bakıda ictimai yerlərin salınması prosesi geniş vüsət almışdır: "Yeni parklar salınır, yeni xiyabanlar, yollar açılır, ictimai yerlər yaradılır. Deyə bilərəm ki, ictimai yerlərin sayına, onların həcminə, gözəlliyinə görə Bakı ən qabaqcıl yerlərdədir. Dənizkənarı bulvar genişləndirilmişdir. Şəhərin mərkəzindəki köhnəlmiş, yarıdağılmış vəziyyətdə olan tikililər artıq yığışdırılır. Onların yerində yeraltı parkinqlər və yerüstü parklar salınır. Görün, bu gözəllik nə qədər insanlara rahatlıq verir, insanların gözünü oxşayır. Eyni zamanda, yeni salınmış bu parklarda gün ərzində bəlkə də on minlərlə insan öz asudə vaxtlarını keçirir.
Bu proses bir daha onu göstərir ki, düşünülmüş siyasət olan yerdə nəticələr də olur. Əlbəttə, bütün köçürülmələr qanun çərçivəsində aparılmalıdır. Vətəndaşlara lazımi səviyyədə kompensasiya da ödənilməlidir. Qeyd etmək istəyirəm ki, verilən kompensasiya bazar qiymətindən təxminən iki dəfə çoxdur. Biz hamımız bilirik ki, şəhərin hansı yerində qiymətlər necədir və verilən kompensasiya təxminən bazar qiymətindən iki dəfə artıqdır. Bu da Azərbaycan dövlətinin öz vətəndaşlarına olan münasibətinin təzahürüdür. Hesab edirik ki, bütün köçürülmələr bu prinsiplər əsasında öz həllini tapmalıdır".

Bakıda yeni yolların çəkilişi prosesinin getdiyini deyən İlham Əliyev bildirib ki, çünki buna böyük ehtiyac vardır: "Əgər biz vaxtilə bu proqramı başlamasaydıq, indi şəhər nəqliyyatı tam iflic vəziyyətinə düşərdi. Bu il ərzində 100 minə qədər yeni avtomaşının idxalı gözlənilir. Əgər, biz yolları genişləndirməsək, köçürülmələri etməsək və yeni yol qovşaqlarını, tunelləri tikməsək onda şəhər nəqliyyatı dayanar. Biz bəzi böyük şəhərlərin vəziyyətini yaxşı bilirik. Orada demək olar ki, nəqliyyat iflici hökm sürür. Ona görə, Bakının tarixi yerlərində genişləndirmə işlərinin aparılması çox çətindir. Bunu etmək mümkün deyildir, tarixi binalar vardır. Ancaq harada mümkündürsə, orada biz yeni yolları açmalıyıq, açırıq da, acacağıq da. Çünki bunsuz mümkün deyildir. Bu, böyük vəsait tələb edir. Çünki yolun tikintisi özlüyündə çox böyük vəsait tələb edən məsələlərdir. Köçürülmələr, kompensasiyalar, kommunikasiyaların yerinin dəyişdirilməsi - yəni, biz bütün bu işləri kompleks şəkildə aparırıq və aparacağıq".

Prezident çıxışında daha sonra deyib: "Sosial məsələlərin həllinə gəldikdə, bu barədə mən giriş sözümdə qeyd etdim. Gələn aylarda maaşların, pensiyaların artırılması nəzərdə tutulur. Digər sosial tədbirlər görüləcəkdir. Bakıda və bölgələrdə sosial infrastrukturun tikintisi davam etdirilir. Hesab edirəm ki, bu sahədə nailiyyətlər böyükdür.
Sahibkarlığın inkişafı ilə bağlı nəzərdə tutulmuş kreditlərin böyük əksəriyyəti artıq verilmişdir. Bu il bu kreditlər 250 milyon manat məbləğində nəzərdə tutulubdur. Kreditlərin böyük hissəsi əvvəlcə verilmiş və qaytarılmış kreditlər hesabına verilir. Bu kreditlər çox səmərəli şəkildə işləyir və iqtisadiyyatın real sektoruna bir töhfədir. Sahibkarlığın inkişafına da bir töhfədir. Yəni, artıq bundan sonra hər il sahibkarlara ən azı 250 milyon manat güzəştli şərtlərlə kredit veriləcəkdir ki, bu, qeyri-neft sektorunun, sahibkarlığın inkişafına xidmət göstərəcək, beləliklə, ölkə qarşısında duran vəzifələri icra etmək üçün daha da yaxşı şərait yaradacaqdır.
Mən ərzaq təhlükəsizliyi ilə bağlı fikirlərimi dəfələrlə bildirmişəm. Sahibkarlarla görüşlərdə də bu mövzu daim qaldırılmışdır. Mən hesab edirəm ki, biz son illər ərzində bu istiqamətdə çox önəmli addımlar atmışıq və bəzi pozisiyalar üzrə artıq özümüzü 100 faiz təmin səviyyəsinə yaxınlaşırıq. Bəzi pozisiyalar üzrə əvvəlki dövrlərdə biz özümüzü 100 faiz təmin məsələlərini həll etdik. Sahibkarlığın inkişafı dövlət siyasəti, bütün bu işlərin koordinasiyası, infrastruktur layihələrinin icrası və əlbəttə ki, qeyri-neft sektorunun inkişafı tam şəkildə ərzaq təhlükəsizliyini təmin etmək üçün bizə imkan yaradacaqdır.
Bizdə hələ ki, dövriyyədə olmayan torpaqlar vardır. Bu torpaqlarda meliorativ tədbirlər görülməlidir və görüləcəkdir. Burada qeyd olunduğu kimi, 5 min hektar torpaq artıq dövriyyəyə buraxılıb və orada məhsuldarlıq hektardan 54 sentnerdir. Bu, orta məhsuldarlıqdan iki dəfə çoxdur. Yəni, biz əslində bu rəqəmləri də gözləyirdik. Çünki bu yeni, iri fermer təsərrüfatlarında bütün tədbirlər yüksək səviyyədə görülür. Aqrotexniki, meliorativ tədbirlər, gübrə ilə təminat, əlbəttə ki, dövlət tərəfindən verilmiş kreditlər hesabına bütün bu işlər görülür.
Hesab edirəm ki, bax, biz bu təcrübəni əlbəttə ki, genişləndirməliyik. Bizə təqribən 40-50 böyük, iri fermer təsərrüfatı lazımdır ki, taxıla olan tələbatı biz tam şəkildə ödəyək. Eyni zamanda, biz bu təcrübəni digər, yəni, böyük olmayan fermer təsərrüfatlarında da tətbiq etməliyik. Kənd təsərrüfatı texnikasının alınması ilə bağlı son qərarım da məhz bu məqsədi güdür. Bir daha demək istəyirəm ki, vaxtilə "Aqrolizinq"in yaradılması bu sahədə bir dönüş oldu. Əgər biz "Aqrolizinq"i yaratmasaydıq, indi bu texnikanın heç yüzdə biri də bizdə olmazdı. Kəndlilər özləri bu texnikanı almaq üçün imkanlara malik deyillər. Dövlət burada öz rolunu oynamışdır. Gələcək illərdə kənd təsərrüfatı texnikasının, xüsusilə kombaynların alınması ilə bağlı əlavə tədbirlər görüləcəkdir. İlin sonuna qədər əlavə vəsait də ayrıla bilər. Biz yaxın üç-dörd il ərzində özümüzü ən müasir texnika ilə tam şəkildə təmin etməliyik. Çünki biz gələcəkdə yeni iri fermer təsərrüfatlarını yaradacağıq. Burada təxminən 10 minlərlə hektar torpaqdan söhbət gedir. Mövcud fermer təsərrüfatlarında da yeni texnika olmalıdır. Ona görə mütləq Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə təkliflərini bir daha verməlidir ki, biz öz işlərimizi planlaşdıraq, bilək, nə qədər traktor, nə qədər kombayn hansı ildə alınmalıdır ki, bu məsələlər tam şəkildə öz həllini tapsın.
Bununla bərabər, meliorasiya tədbirləri də böyük əhəmiyyətə malik olan məsələlərdir. Bu il Taxtakörpü su anbarı layihəsi istismara veriləcəkdir. Bu nəhəng infrastruktur layihəsidir. Bunun böyük əhəmiyyəti, tarixi əhəmiyyəti vardır. Bu, müstəqillik dövründə qeyri-neft sektorunda icra edilən ən böyük layihələrdən biridir, bəlkə də birincisidir. Bu layihə sırf sosial xarakter daşıyır, suvarılan torpaqların sahəsi böyük dərəcədə artacaqdır. Eyni zamanda, içməli su məsələləri öz həlini tapacaqdır.
İndi Vəlvələçay - Taxtakörpü su kanalı açılışa hazırdır və Taxtakörpü anbarının su ilə doldurulması başlanacaqdır. İlin sonuna qədər bu nəhəng layihə, - bunun içində elektrik stansiyası da vardır, - istismara veriləcəkdir.
Bununla bərabər, digər meliorativ tədbirlər görülməlidir. Hesab edirəm, meliorasiya ilə bağlı gələcəkdə xüsusi proqram da qəbul edilə bilər ki, biz öz strategiyamızı və planlarımızı proqram şəklinə salaq və bu məsələləri ardıcıllıqla həll edək. Onsuz da biz bunu həll edirik. Yeni kanallar tikilir, artezian quyuları qazılır, indi Taxtakörpü, Şəmkirçay su anbarları tikilir. Şəmkirçay anbarı yəqin ki, gələn il istismara veriləcəkdir. Bu da on minlərlə hektar yeni torpaqlara suyun verilməsi deməkdir. Ancaq bununla bərabər, başqa imkanlar da vardır. Biz kiçik çaylardan daha da səmərəli şəkildə istifadə etməliyik. Yəni, hesab edirəm ki, bu sahədə çox dəqiq, müfəssəl və dünya praktikasına uyğun bir proqram işlənib təqdim edilməlidir.
Sənayeləşmə ilə bağlı artıq bütün müvafiq göstərişlər verilmişdir. Sadəcə olaraq bir daha qeyd etmək istəyirəm ki, bu sahə prioritet olaraq qalır. Sənaye parklarının yaradılması prosesi gedir. Yaxın aylarda biz bu parklarda artıq yeni müəssisələrin açılışını qeyd edəcəyik. Azərbaycanın sənaye potensialı böyüyür, artır. Bu ilin birinci rübündə qeyri-neft sənayemiz təxminən üç faiz artmışdır. Əminəm ki, gələcək illərdə bu artım daha da böyük rəqəmlərlə ölçüləcək. Hazırda tikilməkdə olan böyük sənaye kompleksləri Azərbaycanda çox güclü ixrac yönümlü sənaye potensialı yaradacaqdır. Bu məsələlər diqqət mərkəzindədir. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir əsas sənaye şəhərlərimizdir və bu şəhərlərdə sənaye komplekslərinin tikintisi planlı şəkildə təmin ediləcəkdir.
Bununla bərabər, ixrac məhsullarının istehsalının artırılması da daim diqqət mərkəzindədir. Əlbəttə ki, ilk növbədə biz diqqətimizi daxili bazara yönəldirik. Daxili bazarı həm sənaye məhsulları, həm tikinti materialları və həm də ərzaq məhsulları ilə təmin etməliyik. Bu, birinci məsələdir. Ancaq görülən və görüləcək işlərin miqyasını nəzərə alsaq görərik ki, biz ancaq daxili bazarla kifayətlənə bilmərik. Bizdə istehsal olunacaq məhsullar daxili bazarın tələbatından qat-qat üstün olacaqdır. Ona görə mən indidən bu göstərişləri mütəmadi qaydada verirəm. Hesab edirəm ki, bunda böyük fayda vardır. Biz yeni bazarlara çıxış yollarını axtarmalıyıq. Xüsusilə indi dünyanı bürümüş böhran hələ ki, davam edir, alıcılıq qabiliyyəti bəzi ölkələrdə aşağı düşübdür və tələbat da aşağı düşübdür. Ona görə də yeni bazarlara çıxmaq o qədər də bizə asan olmayacaqdır. Burada ilk növbədə həm rəqabət qabiliyyətli məhsullar buraxılmalıdır, eyni zamanda, çox fəal siyasət aparılmalıdır ki, biz yeni bazarlara çıxaq, özümüzü təqdim edək və məhsullarımızı orada sata bilək".

Dövlət başçısı bildirib ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gözəl səmərəsini verir: "Bunu həm ölkə əhalisi hiss edir, eyni zamanda, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bu yaxınlarda beynəlxalq təşkilatlar tərəfindən aparılan sorğu da onu göstərir ki, Azərbaycan əhalisi korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı atılan addımları alqışlayır.
Əhalinin təxminən 70 faizi hesab edir ki, Azərbaycanda bu istiqamətdə çox ciddi və səmərəli mübarizə aparılır. Deyə bilərəm ki, dünya miqyasında bu göstərici təxminən 20 faiz səviyyəsindədir. Azərbaycanda isə 70 faiz səviyyəsindədir. Yəni, budur göstərici və budur gördüyümüz işlərin əsas nəticəsi. Ona görə mən çox şadam ki, bu mübarizə öz səmərəsini verməkdədir. Hesab edirəm ki, biz daha da fəal olmalıyıq. Korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq. Bir daha demək istəyirəm ki, cəza tədbirləri tətbiq olunur və tətbiq olunacaqdır. Eyni zamanda inzibati tədbirlər və sistem xarakterli addımlar atılır və atılacaqdır. Onların içində əlbəttə ki, elektron hökumət, elektron xidmətlər xüsusi yer tutur. "Asan xidmət"in fəaliyyətini mən xüsusi vurğulamaq istəyirəm. Qısa müddət ərzində əhali arasında böyük rəğbət qazanan bu xidmət öz fəaliyyətini genişləndirir. Mənim göstərişimlə orada göstərilən xidmətlərin sayı da artır. Gələcəkdə biz baxmalıyıq ki, orada qısa müddət ərzində toplanan təcrübəni biz başqa sahələrdə də necə tətbiq edə bilək. Biz bunu edəcəyik, bu bizim seçdiyimiz yoldur. Eyni zamanda, əlbəttə ki, dövlət məmurlarının məsuliyyəti də bu məsələdə öz rolunu oynayır, oynamalıdır. Hər bir dövlət məmuru korrupsiyaya qarşı çox ciddi mübarizə aparmalıdır. Hər idarə rəhbəri bu prinsipləri əsas tutmalıdır. Çünki Azərbaycanın sürətli inkişafı reallıqdır. Gələcəyimiz çox parlaqdır. Azərbaycan bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir, mütləq bu, olacaqdır. Ona görə də biz bütün xoşagəlməz halları aradan götürməliyik və elə etməliyik ki, bu göstəriciyə görə də Azərbaycan dünyada qabaqcıl yerlərdə olsun".

Dövlət daha sonra çıxışında bildirib:

"İnfrastruktur layihələri arasında xüsusilə içməli su, kanalizasiya layihələrini mən qeyd etmək istəyirəm. Çünki bu layihələr növbəti aylarda, illərdə də icra ediləcəkdir. Digər infrastruktur layihələrinin icrası tamamlanır. Elektrik enerjisi ilə bağlı artıq bütün layihələr demək olar ki, başa çatıbdır. Sonuncu böyük elektrostansiya - 780 meqavat gücündə olan stansiya bu yaxınlarda Şirvan şəhərində istismara verilibdir. Demək olar, sonuncu bir stansiyadır ki, artıq ən yüksək standartlara cavab verir və orada şərti yanacağın sərfiyyatı da lazımi səviyyədədir və bütün texniki parametrlər də dünya səviyyəsindədir.
Qazlaşdırma prosesi sürətlə gedir. Bu ilin sonuna qədər qarşıya vəzifə qoyulmuşdur ki, bütün yaşayış məntəqələrinin 90 faizi qazlaşdırılmalıdır. Xüsusilə, indi bölgələrdə bu iş geniş vüsət almışdır. Elə etməliyik ki, biz qazlaşdırmanı maksimum dərəcədə təmin edək. Ona görə içməli su-kanalizasiya layihələri bu gün əsas prioritetdir. Gördüyünüz kimi, demək olar ki, biz hər həftə, hər ay hansısa bir şəhərdə yeni su layihəsinin istismara verilməsini qeyd edirik, yaxud da onun təməlini qoyuruq. Bu proses artıq geniş vüsət almışdır. Dövlət büdcəsində də kifayət qədər vəsait nəzərdə tutulur. İçməli su, kanalizasiya xətləri infrastruktur layihələri arasında bu gün prioritet məsələdir.
Enerji təhlükəsizliyi ilə bağlı mən giriş sözümdə qeyd etdim ki, Azərbaycan tərəfindən qəbul edilmiş qərarlar çox böyük beynəlxalq əhəmiyyətə malikdir. Bizim tərəfimizdən irəli sürülmüş layihələr böyük beynəlxalq dəstəyə malikdir. TANAP layihəsi artıq beynəlxalq aləm tərəfindən dəstəklənir və beynəlxalq layihəyə çevrilibdir. "Cənub" qaz dəhlizinin icrası nəticəsində Azərbaycan bundan sonra ən azı 100 il ərzində çox önəmli və əvəzolunmaz qaz ixrac edən ölkəyə çevriləcəkdir. Bütün bunları biz edirik, Azərbaycanın bu günü və ölkəmizin gələcəyi üçün. Əlbəttə ki, enerji layihələri əlavə investisiyaların cəlb edilməsinə də gətirib çıxaracaqdır. İlkin hesablamalara görə "Şahdəniz-2" və bu layihə ilə bağlı olan digər layihələr Azərbaycana təxminən 40 milyard dollar yeni investisiyaların qoyulmasına gətirib çıxaracaqdır. Təbii ki, bu investisiyalar digər neft sektoruna, neft-qaz sektoruna yaxın olan, o cümlədən xidmət sektoruna da öz müsbət təsirini göstərəcəkdir.
Bu rübdə gələn ilin büdcəsi artıq hazırlanacaqdır. İndidən büdcə üzərində işlər aparılır. Büdcə əlbəttə ki, həm investisiya, həm sosial yönümlü olmalıdır. Büdcədə müdafiə xərcləri önəmli yer tutmalıdır, eyni zamanda, bütün infrastruktur layihələri, sosial layihələr, sosial ödəmələr nəzərə alınacaqdır.
Eyni zamanda, bu ilin sonunda, bayaq qeyd etdiyim kimi, regional inkişaf proqramının ikinci hissəsi başa çatır. Gələn il yeni, üçüncü proqram qəbul ediləcəkdir. Müvafiq qurumlar bu proqramın tərtibatı üzərində işləyirlər. Növbəti proqram 2014-2018-ci illəri əhatə edəcək və bizə imkan verəcək ki, bundan sonra da Azərbaycan uğurla inkişaf etsin, qarşıda duran bütün vəzifələr icra edilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti