...

İlham Əliyev Siyəzən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 19 İyul 2013 01:33 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Siyəzən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir.
İlham Əliyev Siyəzən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Siyəzən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir.

Prezident İlham Əliyevə məlumat verildi ki, rayonun sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər sırasında icra hakimiyyətinin yeni tikilən inzibati binasında yaradılan şərait bir daha təsdiq edir ki, ölkədə dövlət idarəçiliyi sistemi işinin stimullaşdırılması diqqət mərkəzindədir.

Qeyd edildi ki, müasir memarlıq üslubunda inşa olunan bina həm də rayonun görkəminə xüsusi gözəllik verir. Üç mərtəbədən ibarət bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilmişdir. Binadakı otaqlar müasir tələblərə cavab verir. Heydər Əliyev prospektində inşa olunmuş binanın fasadı yerli tikinti materialları ilə üzlənmişdir. Binanın tikintisinə 2012-ci ilin oktyabrında başlanılmış və 2013-cü ilin iyulunda başa çatdırılmışdır. İnşaat işləri büdcə vəsaiti hesabına həyata keçirilmişdir. Ərazidə geniş yaşıllaşdırma işləri aparılmış, iki müasir bəzək elementi, işıqlandırma sistemi müasir standartlara uyğun şəkildə quraşdırılmışdır.

Binanın girişində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü qoyulmuşdur. Burada dahi rəhbərin Siyəzənə səfərlərini əks etdirən fotoguşə yaradılmışdır. Bina müasir idarəetmə metodlarından istifadə olunması üçün bütün texniki şəraitlə təchiz edilmişdir. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına kömək edəcəkdir.

Diqqətə çatdırıldı ki, inzibati binada sakinlərlə və yerli icra nümayəndəlikləri ilə videokonfrans zalı, operativ idarəetmə mərkəzi də vardır. Bütün bunlar icra hakimiyyətinin əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi və sakinlərin rahatlığının təmin olunması məqsədi ilə yaradılmışdır. Müasir standartlara cavab verən səs, istilik, işıq sistemləri ilə təchiz edilən 128 nəfərlik konfrans zalında rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi mümkündür.

Vurğulandı ki, rayon icra hakimiyyətində, həmçinin onlayn videoqəbul da yaradılmışdır. Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun Məşrif, Zarat, Eynibulaq, Sədan və Böyük Həmyə icra nümayəndəlikləri şəbəkəyə qoşulmuşdur.

Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti